Gürcüstan rəsmisi: Yelene Xoştariya təqsirini boynuna alsa, azadlığa buraxılacaqbackend

Gürcüstan rəsmisi: Yelene Xoştariya təqsirini boynuna alsa, azadlığa buraxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan rəsmisi bildirib ki, Yelene Xoştariya təqsirini boynuna alarsa, azadlığa buraxılacaq.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili həbsdə olan tanınmış müxalifətçi siyasətçi Yelene Xoştariyanın azadlığa buraxılma şərtini açıqlayıb.

Maxaşvili bildirib ki, Xoştariyanın azadlığı onun öz əlindədir:

“Əgər o, təqsirini rəsmən boynuna alarsa, dövlət dərhal onunla prosessual razılaşma imzalamağa hazırdır və o, sərbəst buraxılacaq”.

Komitə rəhbəri əlavə edib ki, ölkədə Xoştariyadan başqa daha 12 min məhbus var və onların hər biri qanunvericiliyə uyğun olaraq bütün lazımi tibbi yardımlarla tam təmin olunurlar.

Levan Maxaşvili bu mövzu ətrafında aparılan müzakirələri və mətbuatdakı iddiaları siyasi manipulyasiya adlandırıb.

“Bu mövzu ətrafında aparılan siyasi manipulyasiyalar sadəcə küy-həşirdir. Biz eyni mənzərəni vaxtilə Mixeil Saakaşvili ilə bağlı məsələdə də görmüşdük. Həmin vaxt bu məsələ Avropa Parlamenti və Avropa Şurasının qətnamələrində manipulyasiya obyekti kimi istifadə olunurdu”, – gürcüstanlı rəsmi vurğulayıb.

Qeyd edək ki, Gürcüstan müxalifəti və bir sıra hüquq müdafiəçiləri Yelene Xoştariyanın həbsini siyasi motivli hesab edir və onun təcili azad olunmasını tələb edirlər.

Xuraman Etibarlı

İnterpress.az