Rusiyada saxta attestatla universitetlərə daxil olan 383 tacik tələbə xaric edilib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın Xanti-Mansiysk Muxtar Dairəsində son altı ay ərzində Tacikistanda verilmiş attestatlar əsasında ali məktəblərə qəbul olunmuş 383 tələbə dərslərdən kənarlaşdırılıb.
Tələbələrin universitetlərdən qovulmasına əsas səbəb onların zəif oxuması və qəbul zamanı təqdim etdikləri attestatların saxta olmasıdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən artıq 50-dən çox cinayət işi başlanıb, məhkəmə və istintaq araşdırmaları davam edir.
Yerli Daxili İşlər İdarəsinin verdiyi məlumata görə, miqrasiya sahəsində aparılan genişmiqyaslı yoxlamalar nəticəsində bölgədən 1285 əcnəbi vətəndaş deportasiya edilib.
Daha 1794 əcnəbi barəsində isə Rusiyaya giriş qadağası qərarı çıxarılıb.
Xuraman Etibarlı
İnterpress.az






