Kislovodskda 12 lüks sanatoriyada 3 mindən çox turist susuz qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Kislovodsk kurort şəhərində kanalizasiya sistemində baş verən qəza səbəbindən 12 böyük sanatoriyada dincələn 3 mindən çox turist susuz qalıb.
Verilən məlumata görə, boruların məişət tullantıları ilə kəskin şəkildə tıxanması şəhərin həmin hissəsini tamamilə su təchizatından məhrum edib.
Kommunal xidmət əməkdaşları üç xüsusi maşın vasitəsilə kollektoru təmizləməyə çalışsalar da, hələlik heç bir müsbət nəticə əldə olunmayıb.
Fəsadlar “Dimitrov”, “Kirov”, “Narzan”, “Tselebni narzan”, “Arnika”, “Kislovodsk”, “Raduqa”, “Elektronika”, “Kruqozor”, “Dvorets narzanov” və “Plaza” kimi lüks otel və sanatoriyalarda dincələn turistlərə ciddi təsir göstərib.
Sözügedən obyektlərdə bir günlük qalma xərci 15 min rubldan (təxminən 346 manat) başlayır. Qəzanın nə vaxt tam aradan qaldırılacağı hələlik məlum deyil.
Xuraman Etibarlı
İnterpress.az






