Şimali Kipr Türk Cümhuriyyətində keçirilən Akdeniz Barış və Diplomasi Forumu çərçivəsində Türk dünyasının gələcəyi və əməkdaşlıq perspektivləri müzakirə olunub.
İnterpress.az xəbər verir ki, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı forum çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüş keçirib. Görüşdə dünyanın müxtəlif ölkələrindən gələn, Türk dövlətlərini təmsil edən millət vəkilləri, akademiklər, dövlət və ictimai xadimlər iştirak ediblər.
Müzakirələr zamanı Türk dünyasının ortaq dəyərlərinin qorunması, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, Türk dövlətləri arasında siyasi, elmi, mədəni və humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin ortaq amal və hədəflər naminə birgə həyata keçirilə biləcək layihələri, gələcək əməkdaşlıq perspektivlərini və Türk dünyasının beynəlxalq platformalarda daha güclü şəkildə təmsil olunmasının əhəmiyyətini müzakirə ediblər.
Görüşdə Türk dövlətlərinin birlik və həmrəylik ruhunun qorunmasının, ortaq tarix və mədəniyyətdən qaynaqlanan bağların gələcək nəsillərə ötürülməsinin xüsusi önəm daşıdığı vurğulanıb. Bu cür görüşlərin qarşılıqlı etimadın möhkəmlənməsinə və Türk dünyasının beynəlxalq arenada vahid mövqedən çıxış etməsinə mühüm töhfə verdiyi qeyd olunub.
Sonda Tənzilə Rüstəmxanlı səmimi qəbula və göstərilən diqqətə görə Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğluna təşəkkürünü bildirib və qardaş Türk dövlətləri arasında əməkdaşlığın daim inkişaf etməsini arzulayıb.






