Aralıq dənizində xüsusilə təhlükəli bir balıq peyda olub, o, qalay qutusunu və hətta barmağı dişləyə bilir.
İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Aralıq dənizi sularında insan həyatı və ekoloji sistem üçün son dərəcə böyük təhlükə yaradan xüsusi zəhərli “gümüşü iynəqarın” (balon balığı) növü sürətlə yayılmaqdadır.
Güclü çənə sümüyünə malik olan bu yırtıcı balıqlar dəmir konserv qutularını asanlıqla dişləyib deşə, hətta insan barmağını qopara bilirlər.
Güclü çənədən əlavə, bu heyvanların orqanizmində insan bədənində iflic və nəfəsalmanın dayanmasına səbəb olan güclü neyrotoksin – “tetrodotoksin” zəhəri var.
Tropik suların sakini olan bu növ Aralıq dənizinə miqrasiya edərək hazırda İtaliya, İspaniya və Yunanıstan sahilyanı sularında sürətlə çoxalır.
Mövcud təhlükənin qarşısını almaq üçün Kipr və Yunanıstan hökumətləri rəsmi olaraq bu balığın ovlanması üçün pul mükafatı elan ediblər.
Həmin ölkələrdə gümüşü iynəqarın balığının hər kiloqramının tutulub təhvil verilməsi üçün balıqçılara 5,3 avro (təxminən 10 manat) məbləğində xüsusi ödəniş edilir.
Ekspertlər qeyd edirlər ki, bu növün Aralıq dənizində sürətlə yayılması qlobal iqlim dəyişikliyi və dəniz sularının isinməsi ilə birbaşa bağlıdır.
Bu yırtıcı növ yerli dəniz faunasını və balıqçılıq sənayesini tamamilə məhv etmək təhlükəsi yaradır.
Xuraman Etibarlı
İnterpress.az






