Rusiyanın Sverdlovsk vilayətində güclü daşqınlar: 330-dan çox ev su altında qalıb
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın Sverdlovsk vilayətində davam edən anomal leysan yağışları nəticəsində çaylar məcrasından çıxaraq genişmiqyaslı daşqınlara səbəb olub.
Vilayətdə fərdi və bağ evləri daxil olmaqla, 330-dan çox yaşayış obyekti, həmçinin 3 mindən çox fərdi torpaq sahəsi, körpülər və avtomobil yolları su altında qalıb.
Yaranmış böhranlı vəziyyətlə əlaqədar Yekaterinburq, Pervouralsk, Qornouralski və Aşağı Sergi rayonlarında rəsmi fövqəladə vəziyyət rejimi elan edilib.
Aşağı Salda şəhərində su anbarında səviyyənin sürətlə qalxması səbəbindən yerli metallurgiya zavodu da su altında qalma təhlükəsi ilə üzləşib.
Yekaterinburq şəhərində isə güclü sel axınları mərkəzdəki məşhur işıqlı-musiqili fəvvarəni yerindən qopararaq aparmaq təhlükəsi yaradıb və qurğu yalnız xüsusi ağır texnikanın köməyi ilə əraziyə bərkidilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi briqadaları fəlakət bölgəsində təxliyə və bərpa işlərini davam etdirirlər.
Xuraman Etibarlı
İnterpress.az






