Zabaykalyedə kimyəvi maddələrlə zəhərlənən 20-dən çox inək tələf olub.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Rusiyanın Zabaykalye diyarında qeyri-adi hadisə baş verib. Yerli rəhbərlik tərəfindən narkotik tərkibli yabanı bitkilərə qarşı tətbiq edilən zəhərli kimyəvi maddələr fermerlərin heyvanlarının kütləvi ölümünə səbəb olub.
Məlumata görə, məktəblilərin yabanı çətənə kollarına maraq göstərdiyini görən yerli idarəetmə orqanları həmin ərazini məhv etmək üçün kolları kimyəvi zəhərlərlə emal ediblər. Lakin otlaq sahəsindəki inəklər zəhərlənmiş bitkiləri yeyiblər.
Nəticədə 20-dən çox inək ağır mədə zədələnməsi səbəbindən tələf olub.
Yerli fermerlər üçün hər bir heyvanın tələf olması ciddi maddi ziyan deməkdir, çünki bir inəyin qiyməti ən azı 100 min rubl (təxminən 2200 manat) təşkil edir.
Kənd icma rəhbəri isə bildirib ki, yabanı narkotik kollarını vaxtında məhv etmədikləri üçün rəsmi qurumlar tərəfindən mütəmadi olaraq cərimələnirlər və bu səbəbdən bitkiləri zəhərləməyə məcbur olublar.
Xuraman Etibarlı
İnterpress.аz






