Tənzilə Rüstəmxanlı: “15 İyul bütün Türk dünyasının milli iradəsinin və birliyinin rəmzidir” – FOTOLARbackend

Tənzilə Rüstəmxanlı: “15 İyul bütün Türk dünyasının milli iradəsinin və birliyinin rəmzidir” – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə konfrans və foto-sərgi keçirilib.

Tenzilerustemhanli.az xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, millət vəkilləri, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, diplomatlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Millət vəkili Tənzilə Rüstəmxanlı tədbirlə bağlı bildirib ki, konfrans və foto-sərgidə iştirak edərək 2016-cı il iyulun 15-də xain dövlət çevrilişi cəhdinin qarşısını alarkən Vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Deputatın sözlərinə görə, 15 İyul təkcə Türkiyənin deyil, bütün Türk dünyasının demokratiyaya, milli iradəyə və dövlət müstəqilliyinə sahib çıxmasının simvoludur.

“Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli liderliyi, türk xalqının sarsılmaz iradəsi və təhlükəsizlik qüvvələrinin qəhrəmanlığı sayəsində dövlətçiliyə qarşı yönəlmiş xain çevriliş cəhdi iflasa uğradıldı. Bu tarixi zəfər göstərdi ki, xalqın iradəsinə söykənən dövlət qarşısında heç bir xəyanət planı uğur qazana bilməz”, – deyə Tənzilə Rüstəmxanlı vurğulayıb.

Millət vəkili qeyd edib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri ortaq tarixə, milli-mənəvi dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanır. Onun fikrincə, 15 İyul hadisələri Türk dünyasının həmrəyliyini və birliyini bir daha nümayiş etdirən mühüm tarixi hadisə kimi yaddaşlarda qalacaq.

Sonda Tənzilə Rüstəmxanlı şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyib, qardaş Türkiyə xalqını 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib.