Ölkələri səhv salan fırıldaqçılar Qazaxıstanda təqaüdçülərə bankda partlayış törətdiriblər.
İnterpress.аz xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
Ukraynadan olan telefon fırıldaqçıları ölkələri səhv salaraq Rusiya əvəzinə Qazaxıstanda təqaüdçü cütlüyü banka partlayıcı maddə aparmağa məcbur ediblər.
Dnepr şəhərindən zəng edən fırıldaqçılar əvvəlcə yaşlı cütlüyə sərfəli investisiya təklif ediblər. Pullarını köçürdükdən sonra aldadıldıqlarını anlayan cütlüyə vəsaitlərini yalnız xüsusi tapşırığı yerinə yetirməklə geri ala biləcəkləri bildirilib.
Fırıldaqçılar təqaüdçüləri içərisinə güclü pirotexniki vasitə yerləşdirilmiş tortu bank filialına aparmağa razı salıblar. Lakin onlar ölkəni səhv salıblar – Rusiyaya deyil, Qazaxıstanın Pavlodar şəhərinə zəng ediblər.
Səhvə səbəb isə hər iki ölkənin beynəlxalq telefon kodunun eyni (+7) olmasıdır.
Bankda baş verən kiçik partlayış nəticəsində yaşlı cütlük yüngül xəsarətlər alıb.
Hazırda faktla bağlı Pavlodar vilayətinin polis idarəsi tərəfindən cinayət işi açılıb və araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.аz






