Yəmən husiləri Səudiyyə Ərəbistanı ilə hərbi münaqişəni genişləndirməyə hazır olduqlarını bəyan ediblər.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yəməndə fəaliyyət göstərən husilər (“Ənsar Allah” hərəkatı) Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri ilə irimiqyaslı münaqişəni genişləndirməyə tam hazır olduqlarını bəyan ediblər.
Hərəkatın Ali Siyasi Şurasının üzvü əl-Husi bildirib ki, regionda güc balansı artıq müqavimət qüvvələrinin xeyrinə ciddi şəkildə dəyişib.
Onun sözlərinə görə, uzun sürən qarşıdurma Yəmən ordusunun bütün cəbhələrdə və hərbi-taktiki səviyyədə güclənməsinə, həmçinin müasirləşməsinə münbit şərait yaradıb.
Əl-Husi rəqib qüvvələrin “həlledici məğlubiyyətdən başqa gələcəyinin olmadığını” iddia edərək, keçmiş döyüş təcrübələrindən lazımi dərs çıxarmayacaqları təqdirdə “təcavüzkarlara mühüm bir dərs verəcəklərini” vurğulayıb.
“Ənsar Allah”ın siyasi bürosunun digər rəsmi nümayəndəsi əl-Şami isə hərəkatın Yəmənin iqtisadi və hərbi blokadasını tamamilə yarmaq naminə hadisələrin istənilən inkişaf ssenarisinə rəsmən hazır olduğunu təsdiqləyib.
Bu bəyanat Yaxın Şərq regionunda növbəti genişmiqyaslı hərbi kəskinləşmə risklərini artırıb.
Xuraman Etibarlı
İnterpress.аz






