BƏƏ-də cari yay mövsümündə temperatur ilk dəfə +50°C-yə çatıb.
İnterpress.аz xəbər verir ki, bu barədə “Khaleej Times” nəşri məlumat yayıb.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) cari yay mövsümündə havanın temperaturu ilk dəfə olaraq rekord həddə – müsbət 50 dərəcəyə çatıb.
Bu rekord göstərici paytaxt Əbu-Dabinin Əl-Şavamex bölgəsində rəsmən qeydə alınıb.
Məlumata görə, bundan bir gün əvvəl isə Sveydan bölgəsində havanın temperaturu müsbət 49,6 dərəcəyə qədər yüksəlmişdi.
Sinoptiklər kəskin anomal yay istilərinin pik nöqtəsinin təxminən avqustun 10-na qədər davam edəcəyini açıqlayıblar.
Yerli tibb və təhlükəsizlik qurumları günün pik saatlarında vətəndaşlara və turistlərə günəş şüalarının birbaşa təsirindən qorunmağı, açıq havada ağır fiziki işləri məhdudlaşdırmağı və bol maye qəbul etməyi tövsiyə edirlər.
Xuraman Etibarlı
İnterpress.аz






