Kimyəvi maddələrə davamlı ölümcül malyariya ağcaqanadları Afrikanı bürüyüb.
İnterpress.аz xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Afrika qitəsi heç bir kimyəvi preparata və dərmana reaksiya verməyən ölümcül malyariya ağcaqanadlarının kütləvi hücumuna məruz qalıb.
Söhbət “Anopheles stephensi” adlı təhlükəli ağcaqanad növündən gedir.
Alimlər müvafiq araşdırmalardan sonra bu qənaətə gəliblər ki, həmin həşəratlar dünyadakı bütün mövcud insektisidlərə (həşərat əleyhinə dərmanlara) qarşı güclü genetik davamlılıq qazanıblar.
Bir çox beynəlxalq ekspertlər hesab edirlər ki, bu növün tamamilə məhv edilməsi və ya heç olmasa yayılmasının qarşısının alınması üçün artıq çox gecdir.
Hazırda ölümcül ağcaqanad növü Cibuti ərazisindən Qana və Keniya istiqamətində sürətlə yayılır, həmçinin artıq Yəmən sərhədlərinə də nüfuz edib.
Fəsil və hava şəraitindən asılı olmayaraq il boyu aktiv fəaliyyət göstərən bu ağcaqanadların böyük şəhərlərdə genişmiqyaslı malyariya epidemiyasına və ağır fəsadlara səbəb ola biləcəyi barədə ciddi xəbərdarlıq edilib.
Xuraman Etibarlı
İnterpress.аz






