ASC-dən İnterpress.az-a verilən məlumata görə, sözügedən hissələrdə intensiv hərəkət nəticəsində yolun asfalt-beton örtüyündə qabarmış və dağılmış hissələr frezlənərək ərazidən daşınıb. Əvəzinə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib.
Ümumilikdə yolun 143-158-ci (Ağsu dolayları) və 160-172-ci kilometrlik hissələrində 150 min kvadratmetrdən çox ərazi asfaltlanıb. Bu işlərə paralel olaraq yol boyu çiyinlərin bərkidilməsi və küvetlərin təmizlənməsi də həyata keçirilib. Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-158-ci kilometrlik hissəsində (Ağsu dolayları) istinad divarlarının bərpası və suvanması işləri həyata keçirilib, həmçinin sərt döngələrdə və digər zəruri yerlərdə yol kənarlarına təhlükəsizlik məqsədi ilə xüsusi dəmir-beton maneələr düzülüb.
Sözügedən ərazidə təhlükəsizlik məqsədi ilə atılmış daha bir addım kütləsi 3 500 kq-dan, hündürlüyü 2,75 m-dən çox olan yük maşınlarının hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir. “Ağsu dolayları” ilə sözügedən məhdudiyyətin tətbiq edilməsi həm yük maşınları sürücülərinin özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyır. Çünki Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-158-ci kilometrlik hissəsi enişli-yoxuşlu, sərt döngəli bir yoldur. Bununla bağlı olaraq həm Şamaxı rayonu, həm də Ağsu rayonu istiqamətindən müvafiq yol nişanlarının və “Ağsu dolayları”na girişdə hündürlüyü məhdudlaşdıran xüsusi maneələrin quraşdırılması işləri aparılıb.
Yük maşınlarının sürücülərindən alternativ olaraq Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarından, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan istifadə etməkləri tövsiyə olunur.
İnterpress.az