Tənzilə Rüstəmxanlı komitə iclasında təkliflərini səsləndirib.
İnterpress.az xəbər verir ki, sentyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
İclası komitə sədri Fazil Mustafa açıb. O, əvvəlcə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat təqdim edib.
Bildirilib ki, qeyd olunan dövrdə komitənin gündəliyinə 3 məsələ çıxarılıb. Həmçinin komitəyə 117 ərizə, məktub və digər müraciət daxil olub və həmin müraciətlərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Komitə sədri və üzvləri tərəfindən seçicilərlə mütəmadi görüşlərin keçirildiyi, vətəndaşların müraciətlərinin dinlənildiyi və qaldırılan məsələlərlə bağlı müvafiq işlərin aparıldığı qeyd olunub.
Daha sonra Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təqdim edilib.
İş planına əsasən, növbəti sessiya dövründə komitənin fəaliyyət sahəsinə aid qanun layihələrinin müzakirəsi, tarixi və dini abidələr, ictimai birliklər və dini qurumlarla bağlı məsələlər üzrə ictimai müzakirələrin təşkili nəzərdə tutulur.
Müzakirələr zamanı komitə sədrinin müavini Sahib Alıyev, komitə üzvləri Ceyhun Məmmədov, Azər Allahverənov, Günay Ağamalı, Tənzilə Rüstəmxanlı və Elşad Musayev çıxış edərək qeyd və təkliflərini bildiriblər.
İclasın sonunda ötən sessiyalar dövründə komitədə görülmüş işlər qənaətbəxş hesab olunub və 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib.
Tədbirdə komitə üzvləri Azay Quliyev, Səbinə Salmanova, Anatoliy Rafailov, Mixail Zabelin və digər rəsmi şəxslər iştirak ediblər.






