Bakıya yeni gətirilən avtobuslar yüksək standartlara cavab verir. Amma hələ də sürücü və sərnişin anlaşmasında problemlər yaşanmaqdadır.
Hər kəsə bəllidir ki, yeni avtobuslar kondisionerlə təchiz olunub. Amma sürücülər kondisioneri sərnişinlərin ixtiyarına verməkdə “xəsisilik” edirlər. Buna səbəb olaraq 4 nömrəli marşrut xəttinin sürücüsü iddia edir ki, kondisionerin işləməsi sürücünün cibinə ziyandır. Belə ki, havanı sərinləşdirən qurğunu işə salınması onlara gündəlik 15-20 manata başa gəlir. Bu məbləği də sürücü öz cibindən ödəyir.
İnterpress.az məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdi. Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarovaya İnterpress.az-a söyləyib ki, daşıyıcı ilə əlaqə saxlanılıb, sahibkara xəbərdarlıq edilib. Bildirilib ki, müəyyən olunan proqrama əsasən kondisioner nəzərdə tutulmuş temperaturda və saatlarda işləməlidir.
Kondisionerin işləməsinə görə sürücüdən əlavə olaraq 15-20 manatın alınması məsələsinə münasibət bildirən şöbə müdiri əlavə edir ki, biz bunu dəqiq bilmirik: “Bu sürücünün iddiasıdir. Sözügedən mövzu sürücü ilə sahibkar arasında olan bir məsələdir. Buna görə də dəqiq bir söz deyə bilmirik. Ümumilkdə bu yolverilməz haldır. Sürücüdən ödəniş alınmamalıdır. Avtobusun salonunda kondisioner varsa heç bir bəhanə gətirilmədən sərnişlərin ixtiyarına verilib işləməlidir”.
Qeyd edək ki, Bakı Nəqliyat Agentliyi kondisonerin gündüz saatlarında söndürlməsinə icazə vermir. Yalnız axşam saatlarında 8-dən sonra hava sərin olarsa söndürülə bilər.
Gülşanə Mustafayeva
İnterpress.az