“Halva” kartının həmtəsisçisi Daşkəndin sorğusu ilə Moskvada saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
“Halva” taksit kartının keçmiş həmtəsisçisi Andrey Basuyev Özbəkistanın sorğusu əsasında Moskvanın Şeremetyevo hava limanında saxlanılıb.
Belarus vətəndaşı olan Basuyev Qırğızıstandan Moskvaya gəlib. O, Özbəkistan Milli Bankı ilə əməkdaşlıq etmiş Solfy fintex platformasına rəhbərlik edir.
Hadisə investorların Özbəkistana qarşı 100 milyon dollarlıq iddiası fonunda baş verib. Solfy RUS LLC şirkəti və investor Maksim Poletayev Dünya Bankı yanında beynəlxalq arbitraj vasitəsilə Özbəkistandan 8,3 milyard rubl (təxminən 166 milyon manat) tələb edir.
İddia sentyabrın 23-də qeydə alınıb. İnvestorlar Rusiya ilə Özbəkistan arasında investisiyaların qorunmasına dair sazişə istinad edirlər.
Mübahisə Solfy ilə Özbəkistan Milli Bankı arasında əməkdaşlığın qarşılıqlı iddialarla nəticələnməsindən sonra başlayıb.
2024 və 2025-ci illərdə Daşkənd məhkəmələri şirkəti banka ümumilikdə 21,32 milyard som borc və dəbbə pulu ödəməyə məcbur edib.
2026-cı ilin martında Solfy-nin Özbəkistandakı bölməsinin direktoru Uktam Həsənov cinayət işi çərçivəsində saxlanılıb.
İnvestorlar bunu təzyiq kimi qiymətləndirərək arbitrajdan onun azadlığa buraxılmasına nail olmağı istəyiblər.
Özbəkistan Milli Bankı isə mübahisəyə hələlik münasibət bildirməyib.
Xuraman Etibarlı
İnterpress.az






