Texnologiya milyonçuları daxili boşluqdan şikayətlənirlər.
İnterpress.az xəbər verir ki, bu barədə “Fortune” jurnalı məlumat yayıb.
Süni intellekt sahəsində milyonlarla dollar qazanan bəzi sahibkarlar və əməkdaşlar tənhalıq, daxili boşluq və günahkarlıq hissi yaşadıqlarını etiraf edirlər.
İnvestor Didi Dasın qiymətləndirməsinə görə, son beş ildə “OpenAI”, “Anthropic”, “xAI”, “Nvidia” və “Meta” şirkətlərinin təxminən 10 min əməkdaşı və təsisçisi 20 milyon dollardan çox sərvət qazanıb. Lakin onların bir qismi həyatın mənasını itirdiklərini düşünür.
Psixoterapevtlər bu vəziyyəti “qəfil varlanma sindromu 2.0” adlandırırlar. Oxşar hallar dotkom bumu dövründə də müşahidə edilsə də, mütəxəssislərin fikrincə, indiki vəziyyət daha mürəkkəbdir.
Məlumata görə, bəzi varlı şəxslər insanların iş yerlərini itirməsinə səbəb ola biləcək texnologiyalardan qazanc əldə etdikləri üçün günahkarlıq hissi keçirirlər.
Onlar əvvəlki dostları ilə ünsiyyətdə çətinlik çəkir, getdikcə daha çox özləri kimi varlı insanların əhatəsində qalırlar.
Bəzi hallarda bu təcrid ailələrə də təsir edir: milyonerlərin uşaqları cəmiyyətin digər təbəqələrindən demək olar ki, ayrı böyüyürlər.
Xuraman Etibarlı
İnterpress.az






