İsveçrədə 250 min tonluq nəhəng buz kütləsi Alp vadisini təhlükə altına salıb.
İnterpress.az xəbər verir ki, İsveçrənin Vale kantonunda yerləşən Randa kəndinin üzərində, Vayshorn dağı yamacında təxminən 250 min ton ağırlığında nəhəng buz kütləsi hərəkət edir.
Tədricən aşağı sürüşən buz kütləsi bölgədə güclü buz və qar uçqunu təhlükəsini artırıb.
Vale kantonunun təbii təhlükələr üzrə mühəndisi Norbert Karlenin sözlərinə görə, buz kütləsi gündə 20 santimetrədək irəliləyir.
Mütəxəssislər hələ avqust ayında buzlaqın hərəkətinin kəskin sürətləndiyini müəyyən edib və təhlükə səviyyəsini dörd mümkün səviyyədən üçüncüsünə qaldırıblar.
Əsas narahatlıq doğuran amillərdən biri buz kütləsinin aşağısındakı yaylada qarın toplanmasıdır.
Buzun qopması böyük qar kütləsini də hərəkətə gətirərək adi buz uçqunundan daha uzağa yayıla və daha ciddi dağıntılara səbəb ola biləcək qar-buz uçqunu yarada bilər.
Bununla belə, ekspertlər ən təhlükəli ssenarinin baş vermə ehtimalını aşağı qiymətləndirirlər. Belə bir hadisə üçün buz kütləsinin çökməsi ilə yanaşı, uçqun təhlükəsinin də son dərəcə yüksək olması tələb olunur.
Bundan başqa, buzun bütöv şəkildə qopması əvəzinə, hissə-hissə dağılması da mümkündür.
Vəziyyət mütəxəssislər tərəfindən gecə-gündüz nəzarətdə saxlanılır.
Xuraman Etibarlı
İnterpress.az






