İDDİA: “Hizbullah” və Rusiya AfD siyasətçilərinin Suriyaya səfərinə KÖMƏK EDİBbackend

İDDİA: “Hizbullah” və Rusiya AfD siyasətçilərinin Suriyaya səfərinə KÖMƏK EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sızdırılan yazışmalar: Rusiya və “Hizbullah” AfD nümayəndələrinin Suriyaya səfərinə kömək edib.

İnterpress.az xəbər verir ki, bu barədə BİLD məlumat yayıb.

2018-ci ildə Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasından olan yeddi siyasətçinin Suriyaya səfərinin təşkili ilə bağlı daxili yazışmalar üzə çıxıb. Partiyaya aid 420 mindən çox elektron məktubun sızması səfərin hazırlanması barədə detalları ortaya qoyub.

Yazışmalardan birində nümayəndə heyətinin əvvəlcə Beyrutdan Suriya sərhədinə “Hizbullah” nümayəndələri tərəfindən çatdırılmasının, daha sonra isə müşayiətin Rusiya tərəfinə həvalə edilməsinin planlaşdırıldığı bildirilir.

2018-ci il martın 7-də AfD-nin həmin vaxt təhlükəsizlik məsələlərinə cavabdeh olan Peter M. məktubunda Suriya vizasının yerində “Hizbullah”ın və ya Rusiyanın hərbi kəşfiyyat qurumu olan QRU-nun köməyi ilə əldə edilə biləcəyini yazıb.

O, eyni zamanda, etibarlı təxliyə marşrutu və ehtiyat sənədlər olmadan döyüş bölgəsinə səfərin ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edib.

Nümayəndə heyətinə Bundestaq deputatları Frank Pazemann, Yurgen Pol, Udo Hemmelqarn və Harald Vayel, Şimali Reyn-Vestfaliya əyalət parlamentinin deputatları Kristian Bleks və Tomas Rökkemann, eləcə də partiya funksioneri Şteffen Krist daxil idi.

Səfər partiya daxilində narazılığa səbəb olub. AfD-nin o vaxtkı sədr müavini Georq Pazderski nümayəndə heyətinin partiyanın rəsmi mandatı ilə hərəkət etmədiyinin açıq şəkildə bildirilməsini tələb edib.

O, belə səfərlərin siyasətçilərin özlərini reklam etməsinə çevriləcəyindən və partiyanın nüfuzuna zərər vuracağından ehtiyatlanıb. Buna baxmayaraq, nümayəndə heyəti səfəri davam etdirib.

Suriyadan qayıtdıqdan sonra Kristian Bleks ölkənin təhlükəsiz mənşə ölkəsi hesab edilə biləcəyini bildirib.

Bu yanaşma Almaniyadan suriyalı qaçqınların deportasiyasını asanlaşdıra bilərdi. Lakin AfD-nin Bəşər Əsəd rejimi ilə miqrantların geri qaytarılması barədə razılaşma imzalanması təşəbbüsü Bundestaqda dəstək qazanmayıb.

Xuraman Etibarlı

İnterpress.az