“Mən bir nazir kimi deyə bilərəm ki, təlimlər yüksək səviyyədə keçdi və şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir”. Məlumata görə, bu sözləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib. Təlimlərdə sınaqdan keçirilən yeni silah-sursat növlərindən danışan nazir aprel döyüşlərindən sonra ölkə başçısının tapşırığına əsasən yeni tədbirlər planının həyata keçirilməsi ilə bağlı göstəriş verildiyini və həmin plana uyğun işlərin görüldüyünü qeyd edib.
Zakir Həsənovun sözlərinə görə, prezidentin göstərişinə əsasən alınan müasir silah-sursat, avadanlıq və texnikanın bir hissəsi ordunun istifadəsinə verilib. “Yeni silah-sursatı biz bu təlimlərdə sınaqdan keçirdik və bu silahların effektivliyini gördük”,- deyə nazir əlavə edib.
“Ümumiyyətlə, keçirilən təlimlər irimiqyaslı təlimlərdir. Biz bu təlimlərin yalnız bir qismini burada gördük. Bu təlimlər həmçinin Naxçıvan Muxtar Respublikasında da yüksək səviyyədə keçirildi. Həm poliqonlarda, həm də dənizdə təlimlər davam edir və bu təlimlərə təbii ki, yüksək vəzifəli şəxslər nəzarət edir. Bütün nöqsanlar qeyd edilir. Bu nöqsanlar ümumiləşdiriləcək. Gələcək təlimlərdə bütün nöqsanları aradan qaldıracağıq”,- deyə Zakir Həsənov qeyd edib. Nazir bildirib ki, prezidentin silahlı qüvvələr qarşısında qoyduğu bütün tapşırıqlar yüksək səviyyədə həyata keçirilir.
Günü-gündən ordu təkmilləşir, silah və texnikadan istifadə etməklə hədəfləri məhv edir: “Biz son islahatların nəticələrini döyüşlərdə də gördük və indi də təlimlərdə görürük. Bu gün gördük ki, ordumuz müasir döyüş aparır, havadan dəstək alırdı. Topçularımızı xüsusi qeyd etmək istərdim ki, son döyüşlərdə bizim topçular yüksək nəticələr göstərdilər. Düşmən artilleriyası 3 dəqiqədən çox işləyə bilmirdi”.
Daha sonra əsgərlərin intihar və ya ehtiyatsızlıqdan ölməsi faktlarına toxunan Zakir Həsənov bu halların kəskin şəkildə azaldığını və bunun birdəfəlik aradan qaldırılması istiqamətində işlərin görüldüyünü vurğulayıb: “Bu kimi hallar ailə problemləri ilə əlaqədardır. Biz bu halları təhlil edir və qarşısının alınması üçün tədbirlər görürük. Bir yerdə nöqsan aşkarlanıbsa, digər yerlərdə də həmin nöqsanın yaranmasının qarşısını alırıq. Mən hesab edirəm ki, əgər biz istədiyimiz şəraitdə tərbiyə işini tətbiq etsək, bu hallar bir az da azalar. Əminəm ki, biz gələcəkdə bu məsələni tam həll edəcəyik”.
Ekspertlər musavat.com-a nazirin müsahibədə verdiyi açıqlamaları şərh ediblər. Ekspert Elxan Şahinoğlunun sözlərinə görə, müdafiə naziri açıqlamasında xüsusilə vurğulayıb ki, Azərbaycan ordusunda islahatlar davam edir: “Azərbaycan ordusunda islahatlar davam edir. Azərbaycan yeni silahlar almaqda davam edir. Türkiyə ilə hərbi əməkdaşlıq davam edir. Hərbi təlimlər də intensivliyini qoruyacaq. Üstəgəl, nazir maraqlı fikir söylədi ki, əslində Türkiyə ilə əməkdaşlıq NATO standartlarını qəbul etmək anlamına da gəlir. Çünki Türkiyə əslində NATO ölkələrindən biridir. Ordusu NATO-nun ən güclü ordularından biridir. Yəni bir növ Zakir Həsənov demək istədi ki, bizim hərbi əməkdaşlığımızın inkişafı faktiki NATO ilə hərbi əməkdaşlığın inkişafı anlamına gəlir, bu da çox yaxşı haldır. Bir də nazir Rusiya ilə bağlı məsələlərə bir qədər aydınlıq gətirdi. Faktiki Rusiya Ermənistanın strateji müttəfiqi olsa da, Rusiya ilə müəyyən məsələlərdə hərbi əməkdaşlıq davam edəcək. Azərbaycan Rusiyadan hərbi texnika almaqda davam edəcək. Bu da əslində doğrudur. Biz bilirik ki, Ermənsitanın arxasında Rusiya dayanır. Bu ölkə işğalçının müttəfiqidir. Amma Rusiyanın bölgəyə müəyyən təsir imkanları var. Həm də Rusiyanın Gürcüstan və Ukraynada oynadığı neqativ rolu da biz anlayırıq.
Bu mənada Rusiya ilə düşmənçilik siyasəti bizim maraqlarımıza uyğun olmazdı. Müəyyən məsələlər mümkündür, haradasa əməkdaşlıq da mövcuddur. Əgər biz Rusiyadan müasir hərbi texnika ala biliriksə, niyə də bundan imtina etməliyik? İndi Türkiyədən də, İsraildən də, Rusiyadan da hərbi texnika ala bilirik. Müdafiə nazirinin çıxışından da bu hiss olunurdu ki, hansı ölkə ilə hərbi əməkdaşlıq davam edəcək.
Yetər ki, Azərbaycanın hərbi qüdrətini artırmaq imkanlarımız olsun. Bir də maraqlı cəhət ondan ibarətdir ki, aprel döyüşləri ilə bağlı o zaman da deyilirdi ki, Azərbaycan ordusu əlində olan bütün imkanlardan istifadə etmədi. Əslində qarşı tərəf bizim uğurlarımızı təsdiq etdi. Hərbi qüdrətimizi və əlimizdə olan texnikamızı işğalçı görmür. Bu, o deməkdir ki, gələcəkdə biz düşmənə təzyiqi artırmaq qərarına gəlsək, həmin silahları istifadə etmək imkanlarımız var”. (musavat)
İnterpress.az