Məlumata görə, Çingiz Yolçuyev Balakən rayonunun Poçtbinə kəndi ərazisində yerləşən meşə sahəsindən sellofan bağlamada ümumi çəkisi 117,79 qram olan qurudulmuş marixuana tapıb.
Çingiz Yolçuyev narkotik vasitəni tanışları Nofəl Hüseynov, Fərid İsmayılov və Rəşad İsmayılova 800 manata satmağa razılaşıb. Marixuananı gizlətdiyi meşə sahəsindəki zibillikdən götürüb və Bedağar kəndində yerləşən “Üç mərtəbə” restoranın yaxınlığına gəlib, Nofəl Hüseynova verib.
Həmin gün, saat 19 radələrində Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Fərid İsmayılovun idarə etdiyi, Nofəl Hüseynov və Rəşad İsmayılovun sərnişinləri olduğu “Hyundai Azera” markalı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda narkotik vasitə aşkar edilərək götürülüb.
Zaqatala rayon Məhkəməsinin hökmü ilə Çingiz Yolçuyev 3 il 6 ay, Nofəl Hüseynov 2 il 6 ay, Fərid İsmayılov 2 il, Rəşad İsmayılov 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin Fərid İsmayılov 250 manat cərimə olunub.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar apellyasiya şikayətlərində cəzalarının yüngülləşdirilməsini xahiş ediblər. Onların şikayəti araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Şəki Apellyasiya Məhkəməsinin qərarına görə, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib. (virtualaz.org)
İnterpress.az