Xaçmazın Xudat şəhərini çirkab suları bürüyüb. Məlumata görə, Xudat şəhərinin aşağı hissəsində yaşayan sakinlər yayın isti günlərində də üfunət, kəskin qoxu gələn yerdə yaşamağa məcbur qalıb.
Şəhərdəki konserv zavodunun rəhbərliyi ərazilərindəki, lakin ümumi istifadədə olan kanalizasiya borularını çıxarıb. Nəticədə çirkab suları indi şəhər küçələrinə axır. Sakinlər bu ərazidə qarın yatalağı kimi qorxulu xəstəliyin yayılacağından ehtiyatlanır.
Xudat şəhərindən Nabran istiqamətinə yolboyu boruların çıxarıldığını müşahidə edilir. Vaxtilə yerin altı ilə Xəzər dənizinə axıdılan çirkab suları indi açıq halda Xudat şəhərinin ərazisinə, ordan isə sahələrə, həyət-bacalara axmaqdadır. Bu ərazilərdə isə 10 mindən artıq sakin yaşayır. Üstəlik Xudat sərhəd dəstəsinin şəhərciyi də burada yerləşir.
Xaçmaz İcra Hakimiyyətinin başçısı başçısının Xudat şəhəri üzrə nümayəndəsi Akif Mərdanov da işlək vəziyyətdə olan kanalizasiya xəttini Xudat konserv zavodunun dağıtdığını deyib. Xudat konserv zavodunun rəhbəri Məhərrəm Həsənov isə bu ittihamları rədd edir. O, bildirib ki, kanalizasiya borulaçrının çıxarılmasında onların əli yoxdur.
Onda zavodun ərazisindən başlayaraq bu boruları kim çıxarıb? Şəhərə axan çirkab sularının qarşısını kim alacaq?
\”Azərsu\” Səhimdar Cəmiyyətinin Xaçmaz rayon şöbəsindən isə bildirilib ki, sözügedən məsələnin onlara heç bir aidiyyatı yoxdur, çünki həmin kanalizasiya xətləri qurumun balansında deyil.
Xudat polis şöbəsindən isə bildirdilər ki, məsələ ilə bağlı onlara rəsmi müraciət olunmadığından araşdırma aparılmayıb. (ans)
İnterpress.az