Bu sözləri politoloq Arzu Nağıyev Trampın müsəlmanlarla bağlı mövqe dəyişikliyini şərh edərkən deyib. Politoloqa görə, bu, prezidentliyə namizədin seçki öncəsi siyasi manevridir:
“Məlumdur ki, bu gün İŞİD-in tərkibində vuruşan şəxslərin əksəriyyəti qeyri-müsəlman dövlətlərindən olan muzdlulardır. Daha dəqiq desək, hətta əsas kontingent məhz Avropa dövlətlərindən olan, bir neçə nəsildən sonra yaranan yerli vətəndaşlardır və hətta çoxu İŞİD-ə qoşulduqdan sonra müsəlmançılığın nə olduğunu biliblər. Bundan başqa əsas təlimatçılar, kompüter mütəxəssisləri də Qərb ölkələrindən gəlmə qeyri-müsəlmanlardır. Bu gün ABŞ cəmiyyətində yetərincə müsəlman dininə ibadət edən vətəndaşlar var. Demokratik dəyərlərdən dəm vuran siyasətçi Tramp gözəl bilir ki, İŞİD xüsusi xidmət orqanları tərəfindən süni şəkildə yaradılan bir terror təşkilatıdır və özünü də dövlət adlandırmaqla gələcəkdə ərazi iddiasında olan və bu iddiaya əsaslanaraq dövlət yaratmaq istəyənləri öz ətrafında birləşdirməkdir. Yəni söhbət müsəlman dini və ya müsəlmanlardan getmir, bütün bunlar sadəcə bir vasitədir”.
A.Nağıyevin sözlərinə görə, İstanbul terrorunun İŞİD tərəfindən törədildiyini hələ sübuta yetirmək lazımdır:
“Bəli, dəst-xətt var, yayılan şayiələr də İŞİD-in reklamıdır. Çünki son zamanlar onlara qarşı aparılan əməliyyatlar nəticəsində qüvvələri tükənib. PKK isə ən qəddar terror təşkilatlarından biri olsa da, tam müsəlman olmadıqları üçün dini mövzuda onları araşdıran yoxdur. Bir sözlə, Tramp sadəcə olaraq seçkiqabağı manevrlər edir”.
Qeyd edək ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp Orlando şəhərində baş vermiş terror aktından sonra müsəlmanların ölkəyə gəlməsi ilə bağlı fikrini dəyişib. İndi o, hesab edir ki, yalnız “terrorçu ölkələrdən” gələn müsəlmanların ABŞ-a girişi yasaqlanmalıdır. Bu barədə CNN telekanalı Trampın mətbuat katibi Xoup Xiksə istinadla məlumat yayıb. O, hansı ölkələrin nəzərdə tutulduğunu açıqlamayıb. Bundan əvvəl isə Tramp CNN-ə müsahibəsində qeyd etmişdi ki, terrorçuların çox fəal olduğu ölkələrdən belə müsəlmanlar ABŞ-a gələ bilərlər. Amma bunun üçün onlar ciddi yoxlamadan keçməli olacaqlar. (axar.az)
İnterpress.az