İşsizlik sığorta sistemi  yaradılacaqbackend

İşsizlik sığorta sistemi yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İnterpress.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkəmizdə iri təşkilatlardan biri olan Azərbaycanda Amerika Ticarət Palatasının respublikamızın iqtisadi həyatında rolunu vurğulayıb, nazirliklə Palata arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib.

O belə görüşlərin dövlət sektoru ilə özəl sektor arasında dialoqun inkişafında, qarşılıqlı məlumatlılığın təmin edilməsində, müvafiq fəaliyyət sahələrində biznes strukturları ilə əməkdaşlığın məqsədyönlü təşkilində önəmini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərindən bəhs edən İ.İsayev sosial proqramların uğurla davam etdirildiyini, demoqrafik inkişaf şəraitində daim artan əmək resurslarından səmərəli istifadənin təmin edilməsinə yönələn aktiv məşğulluq tədbirlərinin həyata keçirildiyini bildirib.

Nazir müavini eyni zamanda, ölkəmizdə sosial sığorta sistemindən ayrı olmaqla işsizlikdən sığorta sisteminin yaradılması üçün qanunvericiliyin formalaşdırılması işlərinin aparıldığını, əmək və sosial müdafiə sahələrində elektron texnologiyaların tətbiqi işlərin daim genişləndirildiyini bildirib.

İ.İsayev bu görüşün də məşğulluq siyasəti və işsizlikdən sığorta sisteminin qurulması, habelə nazirliyin onlayn xidmətlər şəbəkəsinin genişləndirilməsi ilə bağlı məlumatların verilməsi, təqdimatlar əsasında fikir mübadiləsinin aparılması, biznes qurumlarının bu islahatlarla bağlı suallarının cavablandırılması, fikir və təkliflərinin öyrənilməsi məqsədinə xidmət etdiyini bildirib.

Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə daimi əməkdaşlıqdan məmnun olduqlarını qeyd edib, konstruktuv dialoqa imkan verən belə bir işgüzar görüşün təşkilinə görə minnətdarlığını ifadə edib. BP şirkətinin nümayəndəsi Leyla Novruzova bu görüşün qarşılıqlı məlumat mübadiləsi və müzakirələr üçün yaxşı imkan yaratdığını bildirib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov ölkəmizdə işsizlik sığortası sisteminin qurulması üçün hüquqi əsasların yaradılması işlərinə dair təqdimatla çıxış edib. E.Süleymanov nazirlik tərəfindən qabaqcıl beynəlxalq təcrübədən irəli gələn prinsiplər əsasında hazırlanan “İşsizlikdən icbari sığorta haqqında” qanun layihəsi barədə məlumat verib.

O, layihədə əksini tapan mühüm müddəaları, işsizlikdən sığortanın ümumi prinsiplərini və s. diqqətə çatdırıb, həmçinin nəzərdə tutulan işsizlikdən sığorta tarifinin 1 faiz təşkil etməklə, dünya ölkələrində mövcud olan müvafiq tariflərlə müqayisədə ən aşağı tarif olduğunu qeyd edib. Şöbə müdiri dövlət məşğulluq siyasətinin icrasında, aktiv məşğulluq proqramlarının təşkilində işəgötürənlərin iştirakından, yeni Məşğulluq Konsepsiyası layhəsinin hazırlanmasından da bəhs edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış xidmətlər şəbəkəsinin genişləndirilməsi, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin funksional imkanlarının artırılması üçün aparılan işlər barədə görüş iştirakçılarını məlumatlandırıb.

E.Məcidov hələ 2014-cü ilin sonlarında “İş yerinə dair arayış” e-xidmətinin istifadəyə verildiyini, bu e-xidmətdən cari ilin 01 iyun tarixinədək ümumilikdə 300 min dəfəyə yaxın istifadə qeydə alındığını, onun işçilərlə yanaşı, işəgötürənlər üçün də önəmini diqqətə çatdırıb.

Şöbə müdiri yaradılması nəzərdə tutulan bir sıra yeni e-xidmətlər (“Elektron əmək kitabçası”, “Sığortaedənlər üçün online kargüzarlıq sisteminin tətbiqi”, “Məzuniyyət əmrlərinin işlənməsi”, “Əmək haqqının hesablanması, ödənilməsi və bu alt sistemdən rüblük hesabatlara keçid”, “İşçilərin təhsili haqqında məlumatın verilməsi”, “İşçilərin sağlamlıq imkanlarına dair məlumatın verilməsi”, “Məşğulluğa dair hesabatların digər alt sistemlərlə inteqrasiya edilmiş formada avtomatlaşdırılması”, “Yaranmış vakant iş yerinə uyğun gələn namizədin təqdim edilməsi” və s.) barədə məlumat verib, onların gələcəkdə istifadəyə verilməsinin işəgötürənlərin də müvafiq sahələrdə işlərinin xeyli asanlaşmasına səbəb olacağını bildirib.

Daha sonra AmCham üzvləri Nüşabə Cəfərovanın, Ümid Dumanın, Ruslan Ağayevin təqdimatları olub. Görüşdə rəy və təkliflər səsləndirilib. Habelə nazirliyin əməkdaşları Palata üzvlərinin müvafiq məsələlərə dair suallarını cavablandırıblar. Tədbir ümumi maraq doğuran məsələlərə dair qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.

Azərbaycanda Amerika Ticarət Palatası ölkəmizin biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı biznes ittifaqıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan 280-dən çox üzvdən və müxbir üzvdən ibarətdir. Palata Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edir. Palatanın sənaye sahə komitələri vasitəsilə üzvlər məlumatlar bölüşür, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həll yolları təklif edirlər.

İnterpress.az