Əlldə edilən xəbərə görə, prosesə hakim Rauf Əliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, İsmət Bəkirov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2015-ci ilin noyabrın 16-da paytaxtın Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzində qapıçı işləyən, əvvəllər məhkum olunmuş İ.Bəkirovun qadağan edilmiş ərazidə siqaret çəkib yerə atması səbəbindən həmin vaxt orada xidməti vəzifələrini icra edən Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə şöbəsinin polis nəfərləri Şaiq Ağayev və Vüqar Qəmbərov ona iradlarını bildirib. İ.Bəkirov üstündə gəzdirdiyi bıçaqla V.Qəmbərovun bel nahiyəsindən, Ş.Ağayevin isə qarın boşluğundan zərbələr endirib. Hər iki polis əməkdaşı DİN-in Hospitalına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.
Törətdiyi cinayət əməlinə görə İ. Bəkirova Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. (virtualaz.org)
İnterpress.az