Oxuma-yazma bilməyənlərlə xüsusi məşğul olunacaq: TNbackend

Oxuma-yazma bilməyənlərlə xüsusi məşğul olunacaq: TN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tələb Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) xəbərinə görə, iclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın üzvləri Ceyhun Bayramov, Niyazi Hacıyev və Fariz İsmayılzadə iştirak ediblər (Şuranın üzvü Kamil Aydazadə xarici ezamiyyədə olduğuna görə iclasa qatılmayıb).
İclasda TQDK-nın və DQMK-nın həyata keçirdiyi işlər barədə hesabatlar dinlənilib.

Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirilmiş imtahanlar barədə məlumat verib, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılmış müsabiqənin ilkin nəticələrini təqdim edib. Qeyd olunub ki, ötən ilki nəticələrə əsaslanaraq TQDK Azərbaycan və rus bölmələri üzrə birgə müsabiqə aparılmasını təklif etsə də, bəzi ali təhsil müəssisələrinin planında müsabiqənin ayrı aparılması göstərilib. TQDK öz təklifini onunla əsaslandırıb ki, Azərbaycan və rus bölmələrinin kontingentlərinin saylarında kəskin fərq olduğundan müsabiqə ayrı aparıldıqda keçid balları arasında da kəskin fərq yaranır.

Təhsil nazirinin müavini C. Bayramov vurğulayıb ki, ali təhsil müəssisələri bu kimi məsələlərin həllində sərbəstdirlər, müsabiqənin birgə aparılması tədrisin təşkilində çətinliklərin yaranmasına (rus bölməsində qrupların komplektləşdirilməməsinə) səbəb olduğundan onlar müsabiqənin ayrı aparılmasına üstünlük verirlər. Müzakirələr nəticəsində qərara alınıb ki, növbəti il plan tərtib olunarkən birgə təhlillər aparılsın.

M.Abbaszadənin məruzəsində toxunduğu növbəti məsələ ali və orta ixtisas təhsili müəssisələrinin qabiliyyət komissiyaları üzrə qeydiyyatdan keçənlərin sayı ilə bağlı olub. Qeydiyyatların sayının çox olması qabiliyyət imtahanlarını keçirən ali təhsil müəssisələrini, xüsusilə Rəssamlıq Akademiyasının rəhbərliyini narahat edib. Lakin üç istiqamət üzrə aparılmış buraxılış imtahanlarından sonra müsabiqə şərtlərini ödəyərək qabiliyyət imtahanlarına buraxılanların sayı xeyli azalıb, dördüncü istiqamət və əvvəlki illərin məzunları üçün keçiriləcək imtahanlardan sonra da bu rəqəm bir qədər azalacaq.

Ötən ilki təcrübəni nəzərə alan və abituriyentlərin sərbəst seçiminə imkan yaradan TQDK bildirir ki, qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı heç bir narahatlığa səbəb yoxdur.
Sonra sədr üç istiqamət üzrə aparılmış buraxılış imtahanlarının ilkin nəticələrini təqdim edib, ötən illə müqayisədə nəticələri yaxşılaşmış rayonlar xüsusi qeyd olunub. C. Bayramov qeyd edib ki, nazirliyin həyata keçirdiyi layihə çərçivəsində nəticələri zəif olan bir neçə rayonda xüsusi tədbirlər görülüb, şagirdlər əlavə məşğələlərə cəlb olunublar.
Sədr buraxılış imtahanlarında imtahan protokollarına əsasən, yazma-oxuma bacarığı olmayan şagirdlər haqqında məlumatı da təqdim edib, Azərbaycanda indiki dövrdə belə hallara rast gəlinməməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, bu hallar barədə 2012-ci ilədək heç vaxt məsələ qaldırılmayıb, onlar ilk dəfə TQDK tərəfindən buraxılış imtahanları keçirilməyə başladıqda üzə çıxıb.

C. Bayramov qeyd edib ki, rəsmi statistikaya əsasən, Azərbaycanda savadlılıq 99.8% təşkil edir, yəni əhalinin 0.2% savadsızdır. Bu, dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Qlobal yanaşmada belə şagirdlərin mövcudluğu o qədər də böyük problem deyil. Bununla yanaşı, nazirlik müvafiq təhsil şöbələrinə gələcəkdə belə hallara rast gəlinməməsi məqsədilə həmin şagirdlərlə xüsusi məşğul olmağı tapşırıb.

İnterpress.az