Bu barədə Türkiyə mətbuatı xəbər verib.
\”Canlı bomba\” olduğunu deyərək imamı girov götürmək istəyən 33 yaşlı Mahmud Kılıçarslanın əqli cəhətdən problemi olduğu iddia edilir. Kılıçarslanın İŞİD terror qruplaşmasına simpatiya bəslədiyi və üç dəfə Suriyaya getdiyi bəlli olub. Onun ailəsinin danışıqları nəticəsində Türkiyəyə geri gətirildiyi bildirilir. Hadisə zamanı onun üzərində partlayıcı olmayıb.
Onun qorxu yaratmaq istədiyi və ya İstanbuldakı hücumlardan təsirlənib fərdi olaraq belə bir hərəkət etdiyi ehtimal edilir. Mahmud Kılıçarslan polisə verdiyi ilkin ifadəsində \”mən təbliğ vəzifəmi etdim\” deyə bildirib.
Məlumata görə, məsciddə olan şəxslər tərəfindən tutularaq əlləri iplə bağlanıb polisə təslim edilən Mahmud – \”Mən orucam. Mənə bir şey etməyin\” deyə yalvarmağa başlayıb.
Aparılan araşdırma zamanı Kılıçarslanın Diyarbəkirin Çermik Mahalı qeydiyyatlı olduğu təyin edilib. Onun, həmçinin ailəsi tərəfindən də axtarıldığı ortaya çıxıb.
Dünən Türkiyənin Adana şəhərində cümə namazı zamanı yaşanan hadisə hər kəsi qorxuya salıb. Sabancı Mərkəz məscidində cümə xütbəsinə gələn əhali terror qorxusu ilə üz-üzə qalıb. Xütbə zamanı bir nəfər qəfildən ayağa qalxaraq imamın yanına gedib və onun əlindən mikrofonu alıb.
Şahidlərin sözlərinə görə, qara geyimli, saqqallı bir kişi \”canlı bomba\” olduğunu və özünü partladacağını deyib. \”Belində sarı naqillər görünürdü. Sonra mikrofonu alıb dua oxudu. Vətəndaşlar qaçmağa başladılar. İzdiham zamanı əzilənlər oldu\”.
Lakin əhalinin müdaxiləsi ilə onu zərərsizləşdirmək mümkün olub. Namaza gələn onlarla insan tutulan gənci linç etməyə çalışıb. (ans)
İnterpress.az