Rusiya-Ermənistan arasında yeganə quru yol bağlanıbbackend

Rusiya-Ermənistan arasında yeganə quru yol bağlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazirin müavini Vache Gabrielian deyib ki, əvvəlcə vəziyyəti qiymətləndirirlər. Onun sözlərinə görə, aidiyyəti nazirlik rusiyalı həmkarlardan vəziyyətlə bağlı məlumat alıblar: «Fikrimcə, biz nə lazımdırsa edəcəyik ki, yol tezliklə açılsın. Bu yol ixracat üçün çox əhəmiyyətlidir».

Dağılmış yolun bərpası üçün 40 gün tələb olunmasına dair rəylərə baxmayaraq, V.Gabrielian deyir ki, Ermənistan rəhbərliyi yolun daha tez açılacağına ümid edir. O vurğulayıb ki, bununla bağlı məsələlər baş nazir Ovik Abramian-ın nəzarətindədir.

AzadlıqRadiosunun erməni xidmətinin «Bu qədər əhəmiyyətli bir yolda hər il uçqunun olması qəribə deyilmi» sualının cavabında baş nazirin müavini deyib: «Bu uçqun yerin geologiyası və relyefindən asılıdır. Düşünmürəm ki, kimsə buna hansısa şəkildə nəzarət edə bilər. Əgər siz yolun əsaslı təmirinə işarə edirsinizsə, bunun üçün yüz milyonlarla dollar lazımdır.Buna görə də Rusiya Federasiyası belə xərclərdə prioritetləri müəyyənləşdirir».

\”KƏND TƏSƏRRÜFATI MALLARININ İXRACINA TƏSİR ETMƏYİB\”

Ermənistanın kənd təsərrüfatı nazirinin müavini Robert Makarian AzadlıqRadiosuna deyib ki, Gürcüstanda yolun bağlanması ilə bağlı vəziyyət Ermənistandan kənd təsərrüfatı məhsullarının tədarükünə problem yaratmayıb: «Biz vilayətlərdən gündəlik məlumat alırıq ki, hər gün 150-200 ton ərik ixrac edilir».

Ermənistandan Rusiyaya və geriyə yük daşıyan «Apaven» şirkətinin icraçı direktoru Arsen Kazarian deyir ki, yükdaşıma üçün bərələrdən istifadə olunacaq, amma yığılıb qalmış yüklər məsələsinin həlli müəyyən vaxt tələb edir. Onun sözlərinə görə, hazırda Ermənistan məhsulu ilə dolu 100-ə yaxın yük maşını Gürcüstanda ilişib qalıb.

Amma A.Kazarian bərələrin quru yolla daşınmanı əvəz edəcəyini düşünmür. Onun hesablamalarına görə, quru yolla daşınmanın həcmi çox böyükdür, üstəlik, bu, nəqliyyat xərclərini 30 faiz artıracaq.

A.Kazarian deyir ki, onlar ixracın diversifikasiyası üçün çalışacaqlar. Onun sözlərinə görə, yaxınlarda Çində erməni məhsullarının satışı ilə məşğul olan mağaza açılıb: «Biz bir bazarın alıcılıq qabiliyyətindən, bu bazarın milli valyutasının – rublun məzənnəsindəki dəyişikliklərdən, yollardan asılılığa son qoymalıyıq».

ERMƏNİSTAN CƏNUBİ OSETİYA YOLUNUN AÇILMASINI İSTƏYİR

Nəqliyyat naziri Gagik Beglarian-ın deməsinə görə, Ermənistan alternativ, Cənubi Osetiyadan Rusiyaya gedən yolun işə salınması ilə bağlı danışıqlar aparır.

Ermənistanla Rusiyanı bağlayan yeganə quru yol Rusiya-Gürcüstan sərhədindəki «Yuxarı Lars» nəzarət-buraxılış məntəqəsindən keçir. Adıçəkilən istiqamət iyunun 23-dən bağlanıb. Leysan yağışları və daşqınlar daş uçqunlarına və Terek çayının səmtinin dəyişməsinə səbəb olub. Çay yolu tam basıb.

G.Beglarian deyir ki, Cənubi Osetiyadan keçən yol yaxşı vəziyyətdədir. «Bu məsələdə Ermənistandan az şey asılıdır, amma danışıqlar gedir ki, bəlkə Gürcüstan və Rusiya yolu müvəqqəti aça», – o, jurnalistlərə deyib.

«OLA BİLMƏZ Kİ, TƏSİR ETMƏSİN»

Müxalif düşərgənin təmsilçisi, iqtisadçı Vahagn Khachatrian düşünür ki, Rusiya ilə ölkəni bağlayan yeganə quru yolun bağlanması kənd təsərrüfatı məhsullarının tədarükünə təsirsiz ötüşməyə bilməz: «Bizim aqrar sahə Rusiya bazarından asılıdır və kənd təsərrüfatı məhsullarının böyük bir hissəsi Rusiyaya ixrac olunur. Bu yol isə haradasa bir ay bağlı qalacaq. Kənd təsərrüfatı məhsullarının tədarükü, ixracı ilə məşğul olanlar buna görə əlavə xərclərlə üzləşəcəklər. Bu isə elə birbaşa təsir deməkdir», – o bildirir. (moderator.az)

İnterpress.az