Ləğv edilən MTN-nin sabiq generallarından biri ilə bağlı Moderator.az-a ilginc informasiya daxil olub.
Məlumatlı mənbənin sözlərinə görə, həbs edilməsə də yaxın günlərdə həbsi gözlənilən sabiq generallardan birinin qızı MTN-nin “qızıl dönəmində” onlarla iş adamını sözün həqiqi məansında ağlar qoyub.
Bilgili qaynağın sözlərinə görə, uzun müddət Dubayda yaşayan və orada müəyyən əlaqələrə malik olan general qızı rahat yolla külli miqdarda pula sahib olmaq üçün qeyri-adi üsula əl atıb. Verilən məlumatda deyilir ki, yaxın rəfiqələrindən birinin köməyi ilə Dubayda yaşamaq və işləmək istəyən şəxslərə müəyyən məbləğ qarşılığında kömək edə biləcəyini bildirən general qızı, Birləşmiş Ərəb Əmirliyində biznes fəaliyyəti ilə məşğul olmaq istəyən xeyli ayda azərbaycanlı sahibkara bir neçə milyon manat məbləğində “pul atıb”.
Belə ki, həmin sahibkarlardan onların Dubayda rəsmi biznes fəaliyyətini təmin etmək və onların adına ev sənədləşdirmək üçün külli miqdarda pul alan general qızı daha sonra verdiyi vədləri yerinə yetirməyib. Bir müddət keçdikdən sonra aldandıqlarını başa düşən sahibkarlar pullarını geri qaytarmağa çalışanda isə “MTN maşını” işə düşüb. General qızı ilə bağlı ən məhdud dairədə belə narazılığını dilə gətirən sahibkarların hamısı bir-bir MTN-ə çağırılaraq burada şantaj və zorakılığa məruz qalıb. MTN – də onlara “başa salıblar” ki, artıq bütün olub-keçənləri “unutmaq” lazımdır. Əks təqdirdə, onlar ən ağır maddələrlə ittiham edilərək həbs olunacaq.
Mənbənin sözlərinə görə, məhz MTN-dəki bu hədə-qorxudan sonra iş adamları milyonluq itkilərlə barışaraq bir daha öz pullarını geri qaytarmağa təşəbbüs göstərməyib. MTN-də Eldar Mahmudov dönəmi başa çatandan sonra yaranmış yeni situasiyada isə bəzi sahibkarların illər öncə itirdikləri pullarını tələb etməsi tamamilə mümkün görünür.
Mövzunu diqqətdə saxlayacayıq…
İnterpress.az