Məlum olduğu kimi, son bir neçə ildir ki, “islam dövləti” yaratmaq adı ilə meydana çıxan İŞİD terror qruplaşması dünyanın bütün ölkələrini təhdid etməkdədir. ABŞ, Fransa, Almaniya, Belçika, Türkiyə kimi ölkələrdə bir neçə dəfə qanlı terror planlarını həyata keçirən İŞİD üzvləri xeyli sayda günahsız insanın ölümünə səbəb olublar.
Dünyanın əksər ölkələrində tərəfdarları, havadarları olan bu qruplaşma üzvləri ilə mübarizə aparmaq olduqca müşkül məsələyə çevrilib. Əsas hədəf olaraq insanların sıx olduğu hava limanlarını, metroları, ticarət və əyləncə mərkəzlərini seçən terroristlər sonuncu dəfə Türkiyədə Atatürk Hava Limanında terror aktı törətdilər. 45 günahsız insanın ölümü ilə nəticələnən bu hadisədən Türkiyə başda olmaqla, İŞİD təhdidi ilə üz-üzə qalan bütün ölkələr nəticə çıxardılar. Artıq Atatürk Hava Limanında təhlükəsizliyin təmin olunması xüsusi təyinatlılara tapşırılıb, mühafizə xidmətinin əməkdaşlarının sayı artırılıb.
Qonşu ölkədəki bu olay Azərbaycanda da böyük üzüntü və həyəcanla qarşılandı. Həm də ona görə ki, İŞİD təhlükəsi Azərbaycanın bir addımlığına qədər gəlib çıxıb. Məlum məsələdir ki, Azərbaycandan da xeyli sayda şəxs adıçəkilən qruplaşmanın sıralarına qoşulmaq üçün Suriyaya gediblər. Onlar arasında ölənlərlə yanaşı, ya oradakı vəziyyətdən narazı qalıb, ya da fərqli məqsədlərlə Azərbaycana geri qayıdanlar da var. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilən onlarla İŞİD üzvü məhkəmə qarşısına çıxarılır…
Türkiyədəki terror hadisəsindən sonra Azərbaycanın ən böyük hava limanı olan Heydər Əliyev Beynəlxalq Hava Limanın necə qorunduğunu, təhülkəsizlik tədbirlərinin artırılıb-artılmadığını görmək üçün oraya yollandıq.
Əvvəlcə onu xatırladaq ki, musavat.com olaraq Belçikada hava limanında baş verən terror olayından sonra da “Bakı Beynəlxalq Hava Limanı necə qorunur” başlıqlı yazı dərc etmişdik. Müşahidələrimiz, gördüklərimizi belə qələmə almışdıq: “Təhlükəsizlik tədbirləri o qədər güvənilir şəkildə deyil. İstənilən şəxs avtomobili ilə və ya hava limanına gələn avtobuslarla buraya gələ bilir. Sərnişinlərlə yanaşı kənar şəxslər də aeroport ərazisində və terminallarda rahat şəkildə girib-çıxa bilir”.
Bu dəfə gördüklərimiz isə çox fərqlidir. Müşahidə etdiklərimizin sırf təhlükəsizlik məqsədi ilə atılmış müsbət addımlar olduğunu deyə bilərik.
İndi girişdə avtomobillər yoxlanılır. Hava limanına daxil olarkən ödəniş edən sürücüləri polis əməkdaşları sorğu-sual edərək nə məqsədlə gəldiklərini qısa söhbət zamanı soruşur. Avtomobilə gözucu nəzər yetirilir və çantalarda nə olduğu soruşulur.
Biz isə aeroporta şəxsi avtomobillə yox, “BakuBus” avtobusu ilə yollanmışdıq. Girişdə avtobus nəzarətçilər tərəfindən “dayan” əmri ilə saxlanılır. Ancaq əvvəllər bu avtobuslara baxış keçirilmir, birbaşa aeroporta buraxılırdı.
Avtobusa hava limanının təhlükəsizlik idarəsinin bir əməkdaşı daxil olur və sərnişinləri diqqətlə süzərək arxa oturacaqlara qədər gedir. Təhlükəsizlik xidmətinin əməkdaşı özü üçün şübhəli hesab etdiyi çantaları əlindəki xüsusi cihazla göstərərək içində nə olduğunu soruşur. “Şəxsi əşyalar” cavabını aldıqdan sonra bu yoxlama bizim və avtobusdakı digər sərnişinlərin təəccüblü baxışları ilə başa çatır. Və biz yolumuza davam edirik. Bəziləri “guya yoxladılar” eyhamını da atdılar…
Terminal qarşısındakı narazılıq
Hava limanının ərazisinə daxil olduqdan sonra qarşılaşdığımız fərqli mənzərələrdən biri xeyli sayda insanın beynəlxalq uçuşların həyata keçirildiyi I terminalın qarşısında toplaşması idi. Sonradan bunun təhlükəsizlik məqsədi ilə atılmış bir addım olduğunu öyrənirik. Yuxarıda qeyd etmişdik ki, əvvəllər hər kəs terminallara daxil ola, sərnişinləri yola sala və ya qarşılaya bilərdirlər. Bu zaman içəridə olan kafelərdə oturmaq imkanı da var idi. Ancaq indi tamamilə fərqlidir.
Beynəlxalq terminala yalnız uçuş bileti olan sərnişinlər buraxılır. Onlar terminalın çölündə pasportlarını və biletlərini təqdim edərək terminal daxil ola bilirlər. Sərnişinlər arasında bunu narazılqıla qarşılayanların sayı az deyildi. Yoxlama işlərinin çöldə, günün altında aparılması xeyli insanı narazı salmışdı. Yaxınlarını yola salmağa gələnlər isə terminala buraxılmamalarından gileylənirdilər.
Sərnişinlər arasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev də gözümüzə dəyir. Yoxlamanı təəccüblə qarşılayan Ə.Abıyev icra başçısı olduğunu deyir və vəsiqə göstərir. Hava limanı əməkdaşlarından biri ona yoldaşlıq edir və terminalın içərisinə dəvət edir. İcra başçısı ilə olduğunu deyən bir nəfər də onlarla birlikdə içəri daxil olur.
I terminalın çıxış qapısının qarşısı isə daha izdihamlı görünür. Çünki burada gələnləri qarşılayan xeyli sayda insan, taksi sürücüləri, turizm şirkətlərinin əməkdaşları var. Onların bəziləri günün istisindən qorunmaq üçün kölgəli yerlərə çəkilsə də əksər insanlar istidə çöldə gözləmək məcburiyyətində qalırlar. Çünki burada gözləmə yeri yoxdur. Narazı insanlara bunun təhlükəsizlik məqsədi ilə edildiyi deyilirdi. Ancaq yayın istisində, günün altında gözləyənlərə bunu izah etmək o qədər də asan olmurdu.
Hər bu yeniliyi görənlərdən bir neçəsi “yoxlayın, keçək içəridə gözləyək. Bu istidə də günün altında qalmaq olar?” deyərək narazılıqlarını bildirir.
Eyni vəziyyət ölkədaxili uçuşların həyata keçirildiyi II terminalda qismən müşahidə olunur. Hava limanının təhlükəsizlik xidmətinin əməkdaşlarının terminal ərazisində xüsusi təlim görmüş itlərlə yoxlama aparması da diqqətimizdən yayınmır.
Təhlükəsizlik xidmətinin əməkdaşlarından birindən bu tədbirlərin görülməsinə nə zamandan başlanıldığını xəbər alırıq. Atatürk Hava Limanında yaşanan hadisədən sonra belə bir tapşırığın verildiyini deyən aeroport əməkdaşı şəxsi heyətin sayının artırıldığını da bildirdi. ( musavat.com )
İnterpress.az