Azərbaycanlı generalın Türkiyədə 5 milyonluq mülkü üzə çıxdıbackend

Azərbaycanlı generalın Türkiyədə 5 milyonluq mülkü üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Redaksiyamıza daha bir Azərbaycanlı məmurun qonşu Türkiyədə milyonlarla dəyəri olan mülk aldığı barədə məlumat və müqavilə adlandırılan sənəd daxil olub.

Türkiyədəki mənbə bildirir ki, Azərbaycanın vəzifəli bir şəxsi qonşu ölkədə “Ağaoğlu” şirkətindən 5 milyon dollar dəyərində mülk alıb. Onlardan biri 3 milyonluq villa, digəri 2 milyonluq mənzildir. Bizə təqdim olunan müqavilədə İstanbulun Şişli bölgəsində “Ağaoğlu Maslak 1453” layihəsinin teras tipli 2+1 mənzilə tam 2,090,000 dollar pul ödəndiyi göstərilir. Həm də vəsait nağd yolla ödənib, bankla deyil. Müqavilənin bağlanma vaxtı 30 dekabr 2015-ci ilə təsadüf edir. Orda yazılanlara görə əmlakın sahibi Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamentinin rəisi Şahin Eyyubovur.

Xatırladaq ki, Prezident 2015-ci il fevralın 9-da imzaladığı sərəncamla Eyyubova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi (general-mayor) verib. Cənab Eyyubov Xüsusi Dövlət Mühafizə Xidməti rəsinin birinci müavini, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur. 2014-cü ilin iyul ayının 18-də imzalanan sənədə güvənsək Eyyubov daşınmaz əmlak üzərində hüququnu 7 saylı Beyoğlu Noterliyində (noter Serpil Yıldırım) vəkalətnamə ilə Nurgül İnanç adında bir xanıma dövr edib. Imzası pasportdakı ilə eynidir. Daşınmaz əmlakın ünvanı belədir: İstanbul ili, Sarıyer İlçesi, Ayazağa Mahallesi -1-2 Pafta, 10622 ada, 1 parsel nolu ana taşınmaz üzərində bulunan C7 Blok, 14. Kat, 82 bağımsız bölüm nolu. Vəkaləti verənin Türkiyədəki adresi olaraq da Mevalana Caddesi N.9 Ardeşen / Rize göstərilib.

2,1 milyon dollar bir mənzil üçün böyük məbləğdir. Amma “Ağaoğlu” şirkətlər qrupuna məxsus www.maslak1453.com saytında təklif etdiyi mənzillərə baxanda məlum olur ki, bu bir rezidensiyadır, adi yaşayış binası deyil. Böyük əmlak layihələri ilə həyatımıza girən “residence” anlayışı ingiliscədən tərcümədə iqamətgah deməkdir. Əmlakçılıqda isə bir hoteldə hər servisi alabildiğiniz mənzil başa düşün. Rezidensiyalarda mənzil istifadəçiyə mebel və məişət əşyaları ilə tam təchiz olunmuş şəkildə verilir. TV, peyk yayımı, internet, təbii qaz və kondisioner kimi xidmətlər də paket halında təqdim olunur. Resepşn, evdə yemək hazırlamaq, təmizlik, təmir və baxım, quru təmizləmə, hər mərtəbəyə cavabdeh şəxslər kimi xidmətlər də istifadəçiyə təqdim edilənlərin arasındadır.

Bu xidmətlər səbəbindən əsasən subayların seçim etdiyi mənzil tipinə ayrıca iş adamları da rəğbət göstərir. Bahalı olsa da, verilən pullara dəyər. Amma məmur maaşına alına biləcək bir mənzil deyil. Web-saytında adi blokda sahəsi 160,25 kv/m olan 2+1 otaqlı mənzil 1.510.000 TL-yə təklif olunur. Manat ekvivalenti ilə 814,947 manat və ya 509,087 dollardır. Bu mənzillər üçotaqlı sayılmır, studiya tiplidir, amma dəyəri yarım milyon dollardan yuxarıdır. B1 blokunda sahəsi 137,28 kv/m-dən 202,53 kv/m-ə qədər olan 2+1 otaqlı mənzil 1.364,000 TL-dən 1.851.000 TL-yə qədər (998.984 manat və ya 654.053 dollar), Teras Evlərdə 143,49 kv/m-dən 163,99 kv/m-ə qədər 2+1 otaqlı mənzil 1.257.000 TL-dən 1.599.000 TL-yə qədərdir. Yəni, 862.980 manat və ya 539.092 dollar.

Azərbaycanlı generalın Türkiyədə 5 milyonluq mülkü üzə çıxdıMənbə iddia edir ki, Ş.Eyyubov mənzili aldığını dana bilməz, çünki şirkətdə alqı-satqı zamanı bütün danışıqlar qeydə alınır. “Sizin gördüyünüz müqavilənin təkcə bir səhifəsidir, o müqavilə bütövlükdə 262 səhifədən ibarətdir. İkinci ev 300 kv/m sahəsi olan ikimərtəbəli villadır. Bu, Türkiyədə ən prestijli layihədir, əsas müştəriləri ərəb şahzadələridir. Şirkətdə satışlar TL ilə aparılır, amma alıcılarının əksəriyyəti ərəblər olduğundan müqavilədə xarici valyuta da yazıla bilər. “Ağaoğlu Maslak 1453” layihəsi cari ilin ortalarında təhvil veriləcək. Əgər general bunun böhtan, montaj olduğunu deyərsə, mən də onun ev alqi-satqı işlərini görən, pulları Gəncədən İstanbula aparıb ödəyən Turkiyə vətəndaşını sizinlə danısdıraram, paraların Gəncə aeroportundan necə aparıldığını öyrənəcək və bir neçə rəsmi sənəd gorəcəksiniz.

Etibarnamələr, fakturalar, şəkillər,danışıqlar mövcuddur. Ümumiyyətlə, külli miqdarda pulların Azərbaycandan Türkiyə və Almaniyaya necə axıdıldığını öyrənə bilərsiniz. Əsl maraq doğuran isə generalın 420.000 dollarlıq “Roger Dubuis” saatı ilə bağlıdır. Ondan cəmi 70 ədəd buraxılıb. Bu saatın invoice sənədi, pulun haradan, necə ödənilməsi barədə sənədlər və bütün danışıqlar sizə göndəriləcək. Amma inanmıram ki, “yalan” və ya “montaj” olduğunu desin. “Ağaoğlu” Şirkətlər Qrupunun işçilərinə etibarnamə verdiyinə gorə bunu inkar edə bilməyəcək. Bir də ev alqı-satqısı barədə emaillə tapşırıq verib, yazışmaları, telefon danışıqları mövcuddur. Etiraf edəcək, çünki bu evlərin alqı-satqısının səs yazılarının olduğunu özü də bilir. Biz də generalın mətbuata verəcəyi cavaba görə danışacağıq”.

Mənbə deyir ki, digər villa da “Ağaoğlu” layihəsindəndir, onun alqı-satqı sənədləri 2013-cu ilə aiddir. Bildirir ki, Eyyubovun əmlakı 5 milyon dollarlıq mülklə məhdudlaşmır: “Gəncədə ona məxsus “Qaya” restoranındakı qarajda bahalı avtomobilləri var. Ona aid Mercedes S65 AMG, Mercedes G65 AMG Brabus, Mercedes G300 Proffessional, Toyota Land Cruiser masınlarının qiyməti milyon dollardır, əksəriyyətinin də nömrələri 002 və 007-dir. Əgər bunları inkar edəcəksə, instagramda saatda 303 km-lə sürdüyü maşın kimindir? Mümkünsə o məmurdan soruşun: sadəcə vergidə rəis işləyir, yoxsa bundan başqa Azərbaycan və Türkiyədə əlavə biznesi və gəliri var? “Güllübulaq” şirkətini tanıyırmı, deyə sual edin. Cavabı mənə də maraqlıdır. “Gullubulaq MMC” generalın rəis olduğu 12 saylı Ərazi Vergilər Departamentində qeydiyatdan keçib”.

Rəsmi web-saytında Mercedes S65 AMG-nin qiyməti 292.500 avrodur. Mercedes G65 AMG Brabus 500 avtomobil isə 380.000 dollara təklif olunur. Mercedes G300 Proffessional-ın istehsal qiyməti 60 min avro civarındadır. Bizim ölkəyə gələnə qədər qiymət ikiqatını keçir. Toyota Land Cruiserin ən ucuzunun satışı xaricdə 84 min dollardan başlayır. Mənbə deyir ki, “Ağaoğlu” şirkəti ilə generalın arasında problem yoxdur, ancaq türk şəriki ilə bu evlərə dair ciddi münaqişələri yaranıb. Bu isə tamamilə ayrı mövzudur. Güllübulaq generalın doğulduğu Qərbi Azərbaycanda kəndin adıdır. “Güllübulag” MMC Bakıda yerləşir, Türkiyədə ortaqlıqları var. Türkiyənin Yamakoğlu şirkətinin www.yamakoglu.com.tr saytında Bakıdakı ortağı “Güllübulag” MMC haqqında yazılır ki, “1994-ci ildə Azərbaycanın paytaxtında yaradılıb. Şirkətin təməli qida istehlak mallarının satışına ağırlıq vermək üzərində qurulub, buna paralel olaraq təmizlik vasitələri və fərdi baxım məhsullarının istehsalını da genişləndirməkdə davam edir. Şirkət qısa zamanda Azərbaycanda əhəmiyyətli firmalar arasında yerini alıb, Türkiyənin sayılı fırmlarına distributorluq edir. Ukranya və Rusiyadan şokolad və karamel fabriklərinin Azərbaycan distributorlüğünü birlikdə icra edir. 2 əsas anbar, 70 nəqliyyat vasitəsi və 200 personalla Azərbaycanın bütün şəhər və qəsəbələrində xidmət verir”. Adres olaraq da Yamakoğlu Güllübulaq ayrılmaz şəkildə göstərilir.

Mənbənin Eyyubovu yaxşı tanıdığını düşünüb yaşayış tərzi ilə maraqlandım, dedi ki, bahalı geyimlər, lüks avtomobillər, bahalı saatlar onun əyləncəsidir. İnstagram səhifəsindəki profil şəklində uniformada kabinetində əyləşib. Şəkildə problem yoxdur, problem onun altına yazılan statusundadır: Gence Kralı. Yerli sahibkarlar mətbuatda cənab Eyyubov haqqında “özünü Gəncənin qubernatoru kimi aparır”, deyiblər, heç özü də bunu təkzib etməyib. Bu statusdan anlaşılır ki, qubernator kralın yanında “heç kim” imiş. Dostluq göndərdim, 5-10 dəqiqə keçmədi ki, qəbul elədi.

Amma qısa zamanda da lüks həyatına baxmaqdan məni məhrum elədi, dostluğumu sildi. Görünür kim olduğumu maraq eləmişdi, bir məlumat tapmadığından yəqin şübhələnib. Mənim heç əvvəldən instagram səhifəm yoxdur, onu generalın xətrinə açmışdım. İnstagram səhifəsinə çıxışı olan yaxşı dostlar sağolsun, həmin şəkilləri mənim üçün çıxarıb göndərdilər. Krallar kimi də həyat tərzi varmış. Məsələn, New Yorkda helikopter, ya da kiçik tutumlu təyyarənin havada pilot oturacağında selfie şəkib. Digər bir şəkil Yamaykadandır, statusda “travel holiday”, yazır, yəni tətil səyahəti. Başqa bir şəkil Almaniyanın Stuttgart şəhərindəndir, Mersedes SLS AMG GT avtomobilində sahibi kimi oturaraq poza verib. Bu avtomobilin qiyməti də 165.000 dollardır. İtaliyanın paytaxtı Romada məşhur “Jumeirah” hotelinin önündə uşaqla birgə qabaritli ağ bir “Jeep”ə əyləşməyə hazırlaşırlar. Maşının üstündə səyahət döşəyi, çadır filan var.

Hacıkənd Göy-Göldən də şəkillər paylaşıb. Bu dəfə qızılı “Jeep”dir, 007. Üstündə də həmin səyahət əşyaları olan paket. Kaliforniyanın San Fransisko şəhərində sahildə lüks bir avtomobillə görüntülənib. Alkatraz Adalarında Brabus 500-lə görünür. Adada yaxşıca dincəldiyi də görünür. Yunanıstan paytaxtı Afinadan görüntüləri var. Almaniyanın Frankfurt şəhərində “Bugatti” şəkli yerləşdirib, içində özünün olub-olmadığı bəlli deyil. İtaliyanın Venesiya şəhərində, İstanbulda Hotel Ceylan İntercontinentalda da xatirə şəkli çəkdirib.

Monte-Karlo (Monako), Phuket (Tailand), San Diego (Kaliforniya), Yamaykadan (Montenego Bay) şəkillərini paylaşıb. Isveçrənin Bad Ragaz şəhəri – yenə ağ rəngli “Jeep”, yenə səyahət əşyaları. Avstriyanın dəbdə olan qış idmanları üzrə kurort şəhəri Kitzbüheldə xizək, içki ilə poza verib. Four Sesason Resort Maldives Landa Giraavaru – beşulduzlu gözəl bir hoteldir. Getdiyi hotellərin ulduz sayı beşdən aşağı deyil. Grand Palladium Jamaica Resort & Spa, Saint Tropez, Avenue des Champs-Elysees (Paris), Bixby Bridge (Kaliforniya), Los Angeles İnternational Airport, Hartsfield-Jackson Atlanta İnternational Airport (ABŞ, Corciya), Mont Blanc, Chamonix (Fransa). Sonuncu yenə populyar bir dağ xizəyi regionudur, Alp dağlarında yerləşir. Vergilər naziri Fazil Məmmədovla bir görüşdən “Cənab nazirlə iclas” yazıb və qarşısında da bir smaylik qoyub. Gülüşünə nəyin səbəb olduğuna məna verə bilmədim.

Maşallah, Şahin müəllimin getmədiyi ölkə, gəzmədiyi yer qalmayıb. Əksər sosial şəbəkələrdə də var. İşindən necə macal tapır, adam lap mat qalır. Yəqin part-taym işləyir. Mənbənin iddiasına görə vaxtını daha çox Bakıda keçirir. Lüks həyatını sadəcə instagramda paylaşır. İnsafən malik olduğu daşınmaz əmlak barədə səhifədə məlumat yoxdur. Mənbə deyir ki, Ş.Eyyubovun Gəncədə bir neçə evi var. Bakıda Port Baku layihəsindən də iki il bundan qabaq 1 milyon manata iki mənzil alıb. Özü də üç adam – əmisi, naziri, qardaşından başqa biznes əlaqəsi olmayan kimsənin telefonuna cavab vermir. Sonuncu iddianın gerçəkliyinə sonradan özüm də əmin oldum.

Vergilər nazirinin 2014-cü ildə verdiyi əmrlə 7-1 nömrəli vəzifə təlimatına əsasən Ərazi Vergilər Departamenti rəisinin vəzifə maaşı ərazi vergi orqanının yerləşdiyi şəhərdən (rayondan) asılı olaraq 520 və 530 manat müəyyənləşib. Rütbə maaşını da keçən ildən almağa başlayıb. 530 manat məvaciblə bir rezidensiyada 2 milyonluq mənzil almaq üçün sehrbaz olmaq lazımdır. Bu maaş tanıdığım bir çox insanların əməkhaqqından aşağıdır, amma gördüyüm qədər cənab Eyyubov kimi çoxsaylı elit yerlərdə olmurlar. İnstagramda qoyduğu bir şəkildə qolun kimə aid olduğunu deyə bilmərəm, amma saat söhbəti gedən “Roger Dubuis” brendidir ki, var. Başqa şəkillərdə Eyyubovun qolunda İsveç saatını görmək olur. www.my-watchsite.com/173-roger-dubuis saytında eynilə ondan tapdım. Excalibur kolleksiyasından Excalibur Quatuor modeli RDDBEX0367 Pink Gold-Alligator Bracelet-in qiyməti 473.000 avrodur. Kataloqda ən bahalı qol saatıdır.

Amma mənbə generalın Excalibur Quatuor RDDBEX0405 Rose Gold modelinə sahib olduğunu deyir. Büsbütün brilyant daşlarla bəzədilmiş bu model 18 karat qızıldan qol saatıdır. “Roger Dubuis”a ödənildiyi iddia edilən 420 min dolları heç manata da vurmuram, devalvasiyanı da nəzərə almıram, milli valyuta şəklində Eyyubovun məmur məvacibinə bölürəm. General 792 dəfə, yəni 66 il boyunca 530 manat maaş alsaydı və yeməyib-içməsəydi bu saata sahib ola bilərdi. Bir anlıq manatın möhkəmləndiyini fərz etsək, 2,1 milyonluq mənzili almaq üçün 330 il yaşayıb, sərasər işləməlidir. Xarici ölkələri gəzməklərini hesablamasaq dəyəri 6 milyondan yuxarı sadalanan əmlakı almağı üçün bir era ömür sürməlidir. Bu lap Harri Kilerin “Con Consun dolları”na döndü. 6 milyonu 530 manat halal maaşla görəsən adamın neçənci nəsli qazana bilər?

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, general-mayor Şahin Eyyubovun barəsində internet resurslarında Prezidentin ona rütbə verdiyi barədə sərəncamına, bir də Vergilər Nazirliyinin yubileyi ilə bağlı medalla təltif olunan çoxsaylı vergi əməkdaşı arasında rast gəldim. Qalan yazılar yerli sahibkarların onunla bağlı şikayətlərinə aid idi. Bir də Bakı Dövlət Universitetinin saytından barəsində aldığım məlumat bu oldu ki, Konstitusiya Hüququ Kafedrasının 2007/2008-ci tədris ilinə dair hesabatına görə Eyyubov Şahin İslam oğlu kursda qaldığı üçün diplom müdafiəsinə buraxılmayıb.

Ş.Eyyubovun biri 211-lə başlayan hər iki telefon nömrəsinə zəng elədim. Telefonları bağlı idi. Köməkçisi Valeh İsgəndərovla əlaqə saxladım. Cənab Eyyubovun Türkiyədə mülk aldığı barədə bizə sənəd daxil olduğunu, bundan başqa haqqında bəzi iddiaların irəli sürüldüyünü, Şahin müəllimin bunlara mövqeyini bildirməsini xahiş etdim. Eyni zamanda söhbətimizin diktofona yazıldığını dedim. Bunu həm də ona görə bildirdim ki, sadəcə, jurnalist vəzifəmi yerinə yetirmək xatirinə zəng eləmirəm, həqiqətən də bir sıra suallara cavab tapmaq arzusundayam.

Köməkçisi söylədiklərimi Ş.Eyyubova çatdıracağına söz verdi. Az sonra özünü Ş.Eyyubovun dayısı oğlu İsa kimi təqdim edən bir nəfər zəng edib dedi ki, Şahin müəllim bu işi ona həvalə edib: “Bizim məlumatımız var, həmin şəkillər şantaj xarakterlidir və yalandır. Bir nəfər var, şübhələnirik ki, mətbuata o müraciət edir, Şahin müəllimin nüfuzuna xələl gətirməyə çalışır. Orada onu məhkəməyə veririk, bu işlə məşğul olurlar. Mən Bakıdayam, sizinlə görüşüb söhbət edək. O sizə şəkil göndərib, bu, sənəd deyil. Elektron poçtla mən sizə nə desəniz, göndərərəm”. Eyyubovun yerinə dayıoğlunun cavab verməsini İsa müəllim onunla əsaslandırdı ki, Ş.Eyyubov nazirlə tədbirdədir: “Mənə tapşırıb ki, maraqlanım görüm nə məsələdir. Əgər bu məsələdirsə, mən sizə deyirəm də”. Saat məsələsini ona dedim, instagram səhifəsi ilə bağlı özünə bəzi suallarım olduğunu söylədim. “Deyərəm sizə işdən özü zəng edər”, dedi.

Amma Şahin müəllim zəng eləmədi, mən zəng elədim, telefonları yenə bağlı idi. Məndə onun Azərbaycanda olmadığı qənaəti yarandı. Dayısı oğlu da mən Şahin müəllimlə danışmaq istədiyimi deyəndə “siz bilirsiz o indi haradadır”, sualına indi məna verməyə başladım. Köməkçi isə uzun-uzadı zənglərimə bu dəfə cavab vermədi. Mənim mesajımdan sonra V.İsgəndərovdan zəng gəldi. Valeh müəllim Ş.Eyyubovun hazırda Gəncədə olduğunu dedi.

Gerçəkləri ortaya çıxartmaqda maraqlı olduqlarını bildirib, bu məsələdə yardımçı olmağımızı xahiş etdi: “O məlumatlar saxtadır, şər, böhtan xarakterli olduğunu öz tərəfimizdən tam sübuta yetirəcəyik. Yayılan sənəd “poddelkadır”, hansısa bir ləyaqətsizin əməlləridir. Biz onun kim olduğunu bilmirik. Söylənənlərin heç biri ilə razılaşmırıq. Bunu kimin yaydığı bizim üçün də maraqlıdır. Bir kütləvi informasiya vasitəsi kimi sizdən xahiş edirəm, onu kimin yaydığını öz tərəfinizdən araşdırasınız. Biz başqa qurumlara da müraciət edəcəyik”. “Şahin müəllimin düşməni və ya konfliktdə olduğu adamlar varmı, bu cür məlumatları mətbuata sızdırmaqda kim maraqlı ola bilər”, sualıma belə cavab verdi: “Biz planlaşdırmışıq ki, vəkil tutulacaq, hüquq-mühafizə orqanlarında araşdırma aparılacaq. Şahin Eyyubovun özünün bildiyinə görə düşməni yoxdur. Amma kim ona düşmən mövqeyindən çıxış edir, dövlətin qanunları qarşısında cavab verəcək”. Ş.Eyyubovun Türkiyəyə hansı sıxlıqda gedib-gəldiyi ilə maraqlandım, bu barədə məlumatsız olduğunu söylədi.

Azərbaycanlı generalın Türkiyədə 5 milyonluq mülkü üzə çıxdı

Özünün sadəcə köməkçi olduğunu deməklə sualı cavablandıra bilməyəcəyini vurğuladı: “Xahiş edirəm, siz də KİV olaraq bu saxta mənbəni araşdırıb tapmaqda bizə kömək edin. Bizə də yaxşılıq etmiş olarsınız. Böhtan yayanın hansı ölkədən olduğunu bilmirik, biz də sizdən asılıyıq, tapın görək kimdir”. Şahin müəllimin bahalı İsveç saatı ilə maraqlandım, dedi ki, “ay xanım, xahiş edirəm, saat barəsində sualı saxlayın, sizə daxil olan sənədin saxtalığını tapmaq üçün onunla məşğul olun”. Son olaraq cənab Eyyubovun instagram səhifəsində özünü “Gəncə Kralı” kimi təqdim etdiyini xatırladıb, “özünü doğrudanmı Gəncənin kralı hesab edir”, deyə soruşdum. Cavab verdi: “Biz instagrama-zada girmirik, Şahin müəllim özünü Gəncənin kralı hesab etmir, o cümlələri yazan da cəzasını alacaq”(?!).

Öz tərəfimizdən qeyd edək ki, razıyıq, belə bir sənədi əsası olmadan da kompüterdə hazırlayıb, yaymaq mümkündür. Məsələn, sözləşmədə möhür solğundur, hansı şirkətə aid olduğunu ayırd etmək mümkün deyil. Bir də sözləşmə ilə vəkalətnamədə daşınmaz əmlakın yerləşdiyi adres, blok fərqli göstərilib. Söhbəti gedən saatın invoice sənədi olduğu deyilən kağızın isə yarısı göndərilib. Bəllidir ki, 395.000 avro ilə ifadə olunub, onun isə dollarda dəyəri 420 min civarındadır. Alanın kimliyi olan hissə yoxdur. Əsl həqiqətləri üzə çıxartmaq üçün mövzunu diqqətdə saxlayacağıq.(biziminfo)

İnterpress.az