Ermənistanın kütləvi informasiya vasitələrinin iyulun 8-nə keçən gecə cəbhənin Ağdam istiqamətində guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin təxribat hərəkəti barədə yaydığı məlumat həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumat görə, Ermənistanda hökm sürən qeyri-sabit siyasi vəziyyətdən ölkə ictimaiyyətinin fikrini yayındırmaq məqsədi güdən Ermənistan rəhbərliyi bu cür dezinformasiya xarakterli məlumatları yaymaqla cəbhədəki vəziyyəti növbəti dəfə gərginləşdirməyə cəhd göstərir.
Əvvəllər də bəyan etdiyimiz kimi, Azərbaycan tərəfi atəşkəs rejiminə sadiq qalaraq yalnız düşmən təxribatının qarşısının alınması tədbirlərini həyata keçirir.
Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır, düşmənin ön xətdəki istənilən təxribatının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Baş verə biləcək bütün hadisələrə görə isə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir.
Müdafiə Nazirliyinin binası
Müdafiə Nazirliyi həmçinin bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub. (ans)
İnterpress.az