Güntay Gəncalp: Şiəlik həmişə Fars millətçiliyinə xidmət edibbackend

Güntay Gəncalp: Şiəlik həmişə Fars millətçiliyinə xidmət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

-Güntay bəy, istəyirəm yaxın gündəmə uyğun sualla başlayım müsahibəmizin ikinci hissəsini. Almaniya parlamenti “Erməni Soyqırımı” haqqında qətnamə qəbul etdi. Əvvəlcə bu məsələyə münasibətiniz necədir? Sonra da ümumiyyətlə bunun haqqında nə düşünürsüz? Bu hadisələri soyqırım hesab edirsizmi? Tarixi obyektiv qiyməti nədir bu hadisələrin?

Osmanlının başını dərdə soxan zatən Almaniya olmuşdur. Alman gəmiləri üzərinə Türk bayrağı çəkib rus sınırlarını bombalayaraq Osmanlını savaşa soxdu. Doğrudur, Ənvər Paşa kimi alman heyranı avantutristlər də bu işdə etkili oldular. 19-cu yüzildə Almaniyanın başı iç savaşlara qarışmışdı.

Bismark adında böyük bir siyasi şəxsiyyət Almaniyanı bütövləşdirib güclü milli dövlət durumuna gətirdi. Ancaq Almaniya milli dövlət və bütöv bir ölkə qurmaqla məşğulkən böyük dövlətlər arasında dünya paylaşılmışdı. Almaniya özünə sömürəcək ölkə axtarmağa başladı. Birinci və ikinci dünya savaşlarını Almaniyanın başlatmasının da səbəbi bu idi. Almaniya 19-cu əsrdə bir çox fürsətləri qaçırmışdı. Fransa və İngiltərə kimi qərb dövlətləri çox inkişaf etmiş imperatorluqlardı, onlara batışa bilməyəcəyini görüb gözünü inkişaf etməmiş, ancaq uluslar arası enerji ilə zəngin olan Çar Rusiyasına tikdi. Bunun üçün özünə müttəfiq axtardı. Ən yaxşı müttəfiq də Osmanlı idi. Hətta Qacar İranını da yanına almaq istədi.

Almaniya türkçülük şüurunun inkişafına təkan verdi. O həm də Rusiyanın içində və xaricindəki türkləri öz yanına almaq istəyirdi. Bu üzdən çağımızda da türkologiyanın inkişaf etdiyi iki ölkə var: Rusiya və Almaniya. Lakin alman casuslar keçən əsrin əvvəllərində nə qədər axtarsalar da İranın quzeyində bir tək milli türk şəxsiyyəti tapa bilmədilər. Təbrizdəki məşrutə hərəkəti fars milliyətçiliyi ilə təchiz edilmişdi. O zaman İranda ingilislər fars, almanlar türk milliyətçiliyini dəstəkləyirdi. Almaniya turançılığı dəstəkləyir və bu xəyala qatılan İttihad və Tərəqqi Cəmiyyətinin fantaziyaları coşur, İstanbul mərkəzli bir tək Turan ölkəsi qurmaq istəyirdilər. Birinci Dünya Savaşının başladığı sırada Osmanlının savaşa qatıldığını Atatürk Bolqaristanda eşitdiyində dəhşətə gələrək “biz Almanıyanın yanında deyil, qarşısında savaşa qatılmalıydıq, çünkü Almaniyanın yeniləcəyi kəsindir və bu məğlubiyyətdən də ən çox biz zərər görəcəyik” deyir. Atatürkün dediyi kimi də oldu. Osmanlı Dünya Savaşına girdi və doğal olaraq Rusiya öz düşməninə qarşı erməniləri təşkilatlandırdı. Digər Qərb dövlətləri də bu işi gördü, ancaq ən çox Rusiya ermənilərə dəstək verdi.

Savaş başladıqdan sonra da, artıq ölüb-ödürmək təbiidir. Məncə bunu soyqırım adlandırmaq olmaz, çünkü soyqırımın bir ideologiyası olmalıdır. Məsələn Qərbdə antisemitizm deyə bir ideologiya olmuş, Hitler də bu ideologiya məntiqindən yola çıxaraq yəhudiləri qətl etdi, lakin Osmanlıda belə bir ideologiya yox idi, tam tərsinə Osmanlı, erməniləri “sadiq millət” deyə tərif edərək oxumuş erməniləri xarici öləkələrdə səfir təyin edir, daxildə də yüksək vəzifələrə gətirirdi. Olan oldu və savaşda qarşılıqlı olaraq bir-birini öldürdülər. İstər Almaniya, istər Rusiya və digər Qərb dövlətləri bu yolla türk-erməni milliyətçiliyini qızışdırırlar. Hər sahədə də ifratçılıq ancaq zərər gətirər. Hər şeyin bir ölçüsü olmalıdır. Mən ermənilərin və türklərin öz problemlərini oturub dialoq yoluyla çözmələrindən yanayam. Türklər və ermənilər bölgəmizin gerçəkləridir. Bu problemleri Qərb və ya Rusiya həll edə bilməz. Qərbin guya ermənilərə belə can yandırmasından gələcəkdə ən çox ermənilərin özü zərər görəcək. Tarix heç bir vəchlə geri dönməz. BMT-nin tanıdığı sınırlarda Qafqaz ölkələri və Türkiyə barış içində yaşamağa çalışmalıdırlar. Yoxsa ermənilərin Türkiyədən torpaq əldə edə biləcəkləri xəstə ağlın utopiyasıdır. Türkiyə torpaq verməz, savaş da çıxsa ermənilər çox zərər görər. Böyük ehtimalla indiki dövlətçiliklərini də itirə bilərlər. Ermənilər böyük fəlakətlər yaşamışlar, lakin özləri də türklərə böyük fəlakətlər yaşatmışlar.

-Belə bir fikir var ki, azərbaycanlılarla ermənilərin münaqişəsinin səbəbi də hardasa türk-erməni konfliktindən qaynaqlanıb. 1918-ci ildə Bakıda və digər regionlarda baş verən qırğınların səbəbi nəydi və nə dərəcədə türklərin ermənilərlə konfliktindən qaynaqlanırdı?

-Yanlış fikirdi. Ermənilər bizi azərbaycanlı olaraq tanımaz. O zaman biz Qafqazda da özümüzə türk demişik. Azərbaycanlı deyə tarixi və milli bir kimlik yoxdur, azərbaycanlı hüquqi kimlikdir, yəni Azərbaycanda yaşayan və bu ölkənin yurddaşı olan hüquqi şəxs. Milli və etnik kimliyin hüquqla əlaqəsi yoxdur, məsələn mən hüquqən Avropa vətəndaşıyam, ancaq etnik açıdan türkəm. Yalnızca tarixi hadisələri incələməklə doğru nəticəyə çatmaq olmaz, hadisələrin arxasındakı ideyaları incələmək lazımdır. Daşnakların ideyası nə idi? Xəzər-Qaradəniz arasında “tarixi və böyük Ermənistan” qurmağı hədəfləmişdilər.

Bu, erməni əhalisinə təlqin edilən ideyaydı və onları da buna inandırmışdılar. Bu ideyadan yola çıxaraq ermənilər etnik kristallaşma yoluna girdilər, yəni təmiz erməni irqindən sonra önlərinə çıxan kim varsa, öldürürdülər. Bu ərazilərdə də əsasən türklər yaşadığı üçün Qafqaz-Anadolu bölgələrində türkləri düşmən olaraq görürdülər. Erməni ifrat millətçilərinə görə 1071-ci ildən bəri, yəni Səlcuqların Malazgird savaşında qalib gələrək bölgəyə axınları ilə erməni əraziləri işğal edilmiş və ermənilər tarixi yurdlarından qopmaq zorunda buraxılmışlar. O əraziləri yenidən əldə etmək istəyirdilər. Ermənilərin əsas hədəfi bu idi və bu da çox təhlükəli bir məramdır. Ermənilərin əlinə dövlət qurma fürsəti düşmüşdü. Dövlət qurulduqdan sonra ona geniş ərazi lazım olur. Güclü olan da ərazisini genişlədir.

Dövlətçiliyin tarixi bundan ibarətdir. Bütün millətlər belə olmuş, əlinə fürsət düşdüyündə ərazilərini genişlətmiş, qonşu ölkələri işğal etmişlər, biz də belə olmuşuq. Siyasi və dövlətçilik tarixi güclülər iradəsinin genişləməsi və gerçəkləşmə sürəcidir. Tarix bu təcrübələrlə doludur. Osmanlının iqtisadi, siyasi və teknoloji çöküşü bir yandan, Batı və Rusiyanın erməniləri təhriki digər yandan ermənilərə böyük xəyallara daldırdı və tarixi fürsəti yaxaladıqlarını düşündülər. Türkmənçay müqaviləsindən sonra Qafqaz Osmanlı üçün fərqli geopolitik məkana dönüşmüşdü. Qafqaz türklərinin Osmanlı ilə olan münasibətləri İran türklərinin Osmanlı ilə olan münasibətlərindən fərqli idi. Bu üzdən Azərbaycan və Türkiyə aqibətlərini tarix bir-birinə sıxca bağlamış, hər iki ölkənin ilgi sahəsi ortaqdır. Amma Bakıdakı Şaumyan olayı sırf milliyətçilik məsələsi deyildi, Şaumyan bir kommunist idi, ancaq tarixi fürsət Şaumyanın bolşevik ideologiyasıyla erməni milli hədəflərini örtüşdürmüşdü.

-Yeri gəlmişkən Gürcüstanda bir tarixçi var, o deyir ki, Azərbaycanda baş vermiş qırğın daha çox bolşeviklərin qırğını idi, sadəcə necəsə bolşeviklərin çoxu erməni idi. Nə dərəcədə haqlı fikirdi?

-Sultan Qaliyev türkçü kommunist olduğu kimi Şaumyan da erməniçi kommunist idi. Oktyabr inqilabı və ya fırtınasıyla yeni fürsətlər meydana çıxmışdı. Əslində Qafqazda üç dövlətin qurulması bu fırtınanın ortaya çıxardığı fürsətlərə görə idi. İnqilab olmasa və mərkəzdə iqtidar boşluğu yaranmasaydı, bu dövlətlər də qurulmazdı. Ancaq bu boşluqdan istifadə edərək Qafqaz xalqları öz milli maraqlarına görə hərəkət etdilər. İnqilabın yaratdığı boşluq milli maraqlar anlayışını doğurdu. Türk ordusunun Qafqaza girməsinin səbəbi Çarın çöküşü və Oktyabr İnqilabının ortaya çıxardığı yeni şərtlər idi.

Belə tarixi fürsətlər üçün gürcülər və ermənilər daha hazır durumdaydılar. Çünki onların yüzillər boyunca milli dildə yazıb-oxuma ənənələri və dini mətnləri var idi. Gürcü-erməni kilsələri gürcü erməni dilini qorumuş, ancaq şiə-sünni məscidləri türk dilini qətl edən fars-ərəb milliyətçiliyinin səngərləri olmuşdur. Ancaq Şaumyanın bolşevik olmasını inkar etmək olmaz. O, bir erməni bolşevik idi. Hətta Stalinin də ondan çəkinib qorxduğunu yazanlar var, onun meydandan çıxması Lenin sonrası Stalin üçün yol açmışdı. Bolşevik Şaumyana görə Qafqazda türk milli kimliyinə xidmət edən bütün ideyalar, görüşlər və təşkilatlanmalar yox edilməliydi, çünki türk milli kimliyinin yüksəlişi həm bolşevizm, həm də erməni hədəfləri üçün təhdid təşkil edirdi. Onlara görə türk kimliyi imperialistlərin xidmətindəydi.

-Qafqaz və İran türkləri haqqında danışdınız? Qafqaz və İran türklərini fərqləndirən şeylər nə idi, və nədən qaynaqlanırdı. Deyirsiniz onların Osmanlı ilə münasibətləri də fərqli idi. Necə fərqli?

-Rusiya idarəsinə keçmək Səfəvi mühitindən qopmaq və azad düşünmək üçün fürsət yaratdı. Rusiya idarəsi olmasaydı nə Axundov, nə də o aydınlar meydana çıxardı. Zatən Rəsulzadə öncə İranda bir türklük hərəkəti başlatmaq istədi. Orada “İrani-no” qəzetini çıxararaq türklərə də aid olan yeni İran qurmaq istəyirdi. Ancaq gördü orada fürsət əldən çıxmış, buna imkan yoxdu.

Sonra Qafqaza geri döndü. İranda şiə-fars milliyyətçiliyinə qarşı heç bir zaman türklərdə reaksiya meydana çıxmayıb. Ancaq Qafqazda rus-xristian milliyətçiliyi özünə qarşı türk milliyyətçiliyini antitezis kimi meydana çıxarırdı. Keçən əsrin əvvəlləri türk oyanış dövrüdür. Qafqazda bu qədər milli türk aydını yetişdi, Krımda və Osmanlıda da. Ancaq Səfəvi kültür və inanc varisi olan İrandan bir tək milli türk aydını yetişmədi.

Buna sosial və tarixi ehtiyac yox idi. Xalqın əksəriyyəti savadsızdı və mollaların fətvaları ilə durub otururdular. Mollalar da Səfəvi ideologiyasına əsasən İran milliyətçisi olmuşlar hər zaman. İran-İraq şiə mollalarının fətvalarının qarşısı rus hüquq sistemi tərəfindən alındı. Bu da Qafqaz türklərinin gömüldükləri Səfəvi qaranlığından oyanmalarına bir pəncərə açdı. Bunun üzərinə İstanbulda oxuyub dönən ziyalılar vardı. Məsələn M. Hadi kimi böyük şairlər ömürlərinin önəmli qismini İran milliyətçiləri olmuş, Türkiyəylə fikri təmasdan sonra M. Hadi bu yanlış yoldan döndü. Hadinin və digərlərinin düşüncə həyatının birinci qismində İrançılığı və fars tarixini öyən şeirlər var. Çünkü hələ Səfəvi-İran kültür basqısından tam olaraq zehnən ayrılmamışdılar. Bunun üçün zaman lazım idi. Rus istilası bu qopuş zamanını bərqərar etdi. Fars və iranlı deyilmişlər, rus da ola bilməzdilər. O zaman gəlin özümüz olalım, yəni türk olalım sürəci ortaya çıxdı. Qafqaz da İranda qalsaydı bu nailiyyətlərin heç birisi ola bilməzdi.

-Sovet imperiyası haqqında fikirlərinizi bölüşərdiniz bizimlə…

-Öncə bunu bilməmiz lazımdır ki, Oktyabr İnqilabı türklərə çox böyük faydalar və fürsətlər də gətirmişdir. Bir yandan İstanbulun ruslar tərəfindən işğalını önləmiş, digər tərəfdən də Qafqazda Azərbaycan adında siyasi bir məkanın meydana çıxmasına tarixi fürsət yaratmışdır. Oktyabr İnqilabı dünyada böyük təlatüm yaratdı, hətta Romen Rolland kimi bir çox böyük düşüncə adamlarının da diqqətini çəkmiş, bəyənisini toplamışdı. Lakin bütün inqilabçılar iqtidara gələnə qədər insancıl davranar, barış yanlısı olarlar.

Lenin də bunlardan biri idi və iqtidarı ələ keçirdikdən sonra Bakının neftindən vaz keçmək istəmədi. Digər tərəfdən Azərbaycanda da işçi sinfi var idi. Güvəncəsi və sığortası olmayan və çox pis şərtlərdə çalışan işçi sinif də bolşeviklərin utopiyalarına inanmışdılar. Bu işçi sinif də Lenin söyləmlərinə və xoş günə çıxacaqlarına inanırdılar. Çar zamanı Bakıda və digər bölgələrdə ən çox mülk sahibi olan ermənilər idi. Oktyabr inqilabı bu fürsəti ermənilərin əlindən çıxardı. Əslində həm Anadoluda, həm də Qafqazda ermənilər terror yerinə, daha demokratik mücadilə şəkli başlatsaydılar, onlar daha çox şey əldə edə bilərdilər. Çünki Türkiyədə də ermənilər çox böyük sərmayəyə və dövlət işlərində təcrübəyə sahibiydilər.

Ermənilərin terorist ideologiya ətrafında birləşib türkləri qətl etmələri həm Anadoluda, həm də Qafqazda türkləri hazır duruma gətirdi. Sovet zamanı bu atəşli və qanlı ideologiyalar kül altında basdırıldı, sovet çöküşü ilə küllər zaman küləkləri qarşısında sovruldu və közlər yenidən alovlandı. Sovet sistemi tarixdəki bütün insanlıq təcrübələrini heçə sayaraq bəşər tarixində yeni bir proses yaratmaq istəyirdi. Bu üzdən də sovet yeni tarix anlayışını tətbiq etmək üçün öz amacına xidmət etməyən bütün düşüncə tərzlərini və fərqli üfüqləri qapatmaq istədi. Demokratik və çoxluq görüşünə dayanaraq qurulmamışdı sovetizm. Birinci Dünya Savaşından bezmişdi rus xalqı. Əsgərlər silahlarıyla bir yerdə ordudan fərar edirdi. Almaniyanın yardımı ilə Lenin əsgərlikdən fərar edən təqribən beş min fərarini və öz tərəfdarlarını təşkilatlandıraraq Çar rejimini devirdi. Bu, inqilabdan daha çox bir çevriliş idi. Bu üzdən öz sistemlərini həyata keçirmək üçün ölkədə yeni və fərqli düşüncə yarada bilən hər kəsi yox etdilər. Ən çox da rus xalqı zərər gördü. Yüzillər boyunca əldə edilən əkinçilik təcrübləri sovet zamanında yox edildi.

Kolxozlaşan sovetlər dağıldığında əhali tarixdəki əkinçilik və digər bu kimi təcrübələrini itirmişdi. Sovetizm tarixin ən böyük xəstəliyi kimi ortaya çıxmışdı. Dünyaya da çox zərər verdi. Sovetlərin öz ədəbi ölçüləri vardı, bu ölçülərə xidmət edənlər yaşayırdı. Sovetizm imperialist tətbiqatın ən qorxunc zirvəsi idi.

Sovet müəyyən mənada bu xalqların tarixində bir dəyişiklik yaratdı. Məsələn məhz bizim nümunəmizdə çarıqdan çıxdıq, mövhumatdan uzaqlaşdıq. Modernləşdik. Ancaq Sovet mədəni-intellektual cəhətdən həm rusların özünü, həm də regionun digər xalqlarının sahib olduğu bazanı məhv elədi, ağıllı, yaradıcı adamları güllələdi. Sonra təqribən yararsız, saxta ideologiyaya xidmət edən intellekt və mədəniyyət formalaşdırdı. Yəni inkişafın təbii axının qarşısını kəsdi. Xalqlar bu mənada çox böyük bir tarixi yaddaşını itirdi. Bunlar müqayisələndirilə bilərmi? Yoxsa sovetə münasibət birmənalı olmalıdır?
Sovet artıq bir tarixdir. O sadəcə xalqlarına deyil, bütün dünyaya zərər verdi. Mənim öz şəxsi həyatıma da zərər verdi. Sınırlar qapanmış və sadəcə radio dalğalarını eşidirdik, oxuyan səsləri. O tərəfdə xoşbəxt insanların olduğunu xəyal edirdik. Ora kimi olmaq üçün mübarizə aparan İranda və Türkiyədə, bütün dünyada yüzlərcə, minlərcə insan edam edildi. Zindanlarda çürüdülər, sürgün həyatı yaşadılar. Ancaq keçdi artıq o bədbəxtlik. Sovetin yararı az olmuş, daha çox zərərli olmuş. İndi artıq sovet zamanı tarixin mövzusudur. Çünkü hər dönəm qapandıqdan sonra tarixin mövzusu olar. Hər dövr ümumən 60-70 il sonra qapanar. O dövr qapanmadıqca da tarixi araşdırmanın mövzusu ola bilməz, çünki nəticəsi ortada yox və davam edir.

İran da bu sosial qanuna tabedir. 60 ilini doldurduğunda öz-özünə yox olacaq. İslamiyyət də Hz. Məhəmməddən 60 il sonra yox edildi. Əməvilər Peyğəmbərin nəvələrini Kərbəlada qətl edərək başqa bir İslam ortaya qoydular. O zamandan bəri də İslam özünü toparlaya bilməmişdir. Böyük ehtimalla gələcəkdə sovetin sosiologiyasını incləyən böyük tarixçilər yetişəcək. Məsələn bir amerikanlı araşdırmaçının Beryanın həyatı üzərinə bir kitabını oxudum və qorxdum. Sovet sonrası oxucusunda belə qorxu hissi yaradan bir kitab. İndi görün sovetin öz zamanında yaşamaq nə qədər qorxuluymuş!

Sovet dövründə yaranan ədəbiyyat haqqında nə düşünürsünüz? Həqiqi yazıçı, şair, ziyalılar güllələndi, yerinə qalstuklu, məmur, şair yazıçı yaradıldı. Onlar da yazdılar, oxundular, böyük bir nəslin ədiblərinə, ziyalılarına çevrildilər.

Hər siyasi sistem və iqtidar adətən öz intellektual çevrəsini də yaratmaq istər. Sovetlər də öz intelenjensiyasını yaratmağa çalışırdı. Ancaq müxalifət və tənqidin olmadığı yerdə köklü və ümumbəşəri sənət anlayışı meydana çıxmaz. Çünkü sənətin bir də müxalifət yönü vardır. Məsələn sovet zamanında bir Tolstoy, bir Dostoyevski yetişmədi. Ya da bir Hüseyn Cavid yetişmədi. Sistemin məxfi polisi bütün qələm əhlini kontrol edirdi. Bu üzdən sovet zamanında yaranan ədəbi nümunələrin çoxu indi gərəksizdir və oxunmasına belə dəyməz. Çünki yazıçı və digər sənətçilər öz zehni təcrübələrini əks etdirmək yerinə, hazır ideologiyanın verilərini öz istedadları ilə birləşdirməliydilər.

-Yeri gəlmişkən yeni nəsil yazarlar sovet dövrü yazarları inkar edirlər. Onları, Sovet ideologiyasına xidmət edən adamlar kimi heç vaxt həqiqi yazıçı və ziyalı hesab etmirlər. Xüsusilə 60-cılar nəslinə aid olan yazıçıları. Nə düşünürsüz bu haqda?

Azərbaycan sovetlər içində həm coğrafi, həm də əhali baxımından çox kiçik bir ölkə idi. Azərbaycandan böyük şəxsiyyətlərin çıxma ehtimalı çox zəif idi. Ayrıca, Azərbaycan çox köklü intelektual keçmişə və tarixə də sahib deyildi. Keçən əsrin çox qısa sürəli oyanış dövrünü istisna edərsək, Azərbaycan sıfır intelektual keçmişi ilə sovetlərə qatılmışdı. Bu üzdən sovetlərdə də Azərbaycanın itirəcəyi bir şey yox idi. Sovet nə qədər pis olsa da, Azərbaycanın mərsiyyəxanlıq keçmişindən çox yaxşıydı. İlk dəfə olaraq sovetlər dönəmində bütün kəndlərdə məktəblər açıldı, xalq geniş ölçüdə yazıb-oxumaqla tanış oldu. Milli dövlətin devrilməsi başqa mövzudur, o davam etmədisə, məsələn İrançı keçmişə bağlanıb qalmaqdansa, sovet tərkibində çox şeylər qazandı, ən azından qismən də olsa öz keçmişindən qoparıldı. Heç bir millət biz səfəvizədə türklər qədər öz keçmişindən qoparılmaqla qazanclı çıxa bilməz. Keçmişimizdə bir gün belə intellektual tariximiz yox, molla-seyyid-feodal xaricində kimsəyə lazım olmayan bir tarixdir.

Sovetlər də keçib gedəcək bir bəladır, amma səfəviyyət tam bir bədbəxtlikdir. Bu üzdən sovetizm bütün pisliklərinə baxmayaraq, Səfəvi mühitindən min dəfə daha yaxşıdır. Heç olmasa məktəblərə, evlərə pianino soxdu. Səfəvi mühitində nə var? Nə musiqi, nə opera, nə teatr, nə gözəllik və sənət, heç bir şey yoxdur. Sadəcə molla, duanevis, insan şərəfini aşağılayan “Molla Nəsrəddin”in bəyan etdiyi sevimsiz tablolar.

Konkret desək, Nərmin Kamal “Ağ və qara Bəxtiyar” yazısında Bəxtiyar Vahabzadəni Sovet KKB-sinin icazəli yazıçısı hesab edir. Müəllif deyir ki, Bəxiyat Vahabzadə Sovet hökümətinin xeyli sayda mükafatını alıb. 1974-cu ildə Əməkdar İncəsənət xadimi, 1975-ci ildə respublika, 1984də SSRİ Dövlət laureatı, 1985-ci ildə isə xalq şairi adı verilib. Ancaq Azərbaycanda böyük oxucu kütləsi onu dissident hesab edir.

Gəncliyimin başlanqıc vaxtlarında Bəxtiyar Vahabzadə ən yaxşı oxuduğum şairlərdəndir və özüylə də çox yaxın münasibətim olubdur. Mən şairlərdən qəhrəmanlıq gözləmirəm. Həyat hər şeydən üstündür. “Bükə bilmədiyin biləyi öpəcəksən” deyə bir xalq deyimi var. Tarixdə şairlərin çoxu dövlətlərlə iş birliyi etmiş. Nizami Gəncəvi özünü sərt bir şəkildə aşağılayaraq şahları mədh etmiş. Demokratiyanın olmadığı tarixdə sənət adamlarını hər zaman güc sahibləri satın almışlar. Onlar da öz istedadlarını satmışlar. Nə etməliydilər? Başqa yolmu olmuş? Məsələn Sultan Mahmud Qəznəvinin sarayında yüzlərcə şair var idi, onlar Qəznəvi atlarının parlaq nallarına belə şeir yazırdılar. Yazmayan da öldürülürdü. Bir ölkədə sənətə qarşı belə münasibət varsa, şairi deyil, sistemi tənqid etmək lazımdır. Bəxtiyar Vahabzadə və ya digərləri də ya gedib çobanlıq etməli, ya da bu yolu seçməliydilər.

Tarixi durumları bəlli bir qutsal inancın və ya qəhrəmanlıq anlayışlarının arxasına sığınaraq açıqlamaq yerinə, elmi yöntəmlərlə açıqlamaq daha yararlı olar. Mənim üçün Vahabzadənin KGB ilə irtibatının olub olmamasının heç bir önəmi yoxdur. Mən onun yaradıcılığını başqa yönlərdən tənqid edirəm. Vahabzadənin şeir və sənət haqqında bilgi əksikliyi olmuş. Şeirlərində bəzi tarixi olayları açıqlarkən yetərli bilgiyə sahib olmadığı açıqca sezilməkdədir. Bu haqda mənim yazılarım var. Vahabzadə istedadlı şair olmuş, ancaq istedadı ilə bilgisi arasında uçurum var. Böyük ehtimalla bu bilgi əksikliyi də sovet siteminin oluşdurduğu yasaqlardan qaynaqlanmışdır.

-Sovet irsi bu gündə ictimai-siyasi və mədəni həytımızın böyük bir hissəsini zəbt eləyib. Belə bir irsin bu dərəcədə və bu qədər uzun müddətə müstəqilliyini əldə eləmiş ölkədə davam eləməsi normal haldırmı?

Sistemlər çökər, ancaq onun ideoloji və kadr uzantısı bir neçə onillik daha davam edər. Buna zaman lazımdır. Uzaydan baxanda belə, Qərbi və Şərqi Almaniya fərqli görünürlər. Çünki elektrik və lampa sistemləri fərqli olmuş və hələ də davam edir. Bunun üçün zaman lazımdır. Zaman hər şeyi çözər. Bütün əski sosialist ölkələrində də belədir. Dövlətçilik və dövlət idarə etmək ideyalarla olmur, təcrübə ilə olur. Bu təcrübəli adamlar da o sistemin içində yetişmişdilər, başqa bir yer yoxdu ki. Bizim millət olaraq səviyyəmiz də demokratiyaya açıq deyil.

Məsələn Ermənistan və Gürcüstan Azərbaycandan daha irəlidədir. Anayasada yazdılar ki, bir adam iki dəfə prezident ola bilər. Bizimkilər ömürlük prezidentlik fikrindədirlər. Ölkə də başqa insan yoxmu? Bunu həll etmənin bir yolunu tapmaq lazımdır. Bu məsələ həll olmadıqca da ölkədə demokratiyadan söz etmək olmaz.

Məsələ ondadır ki, xalq hələ də o mövzuları, o mövzuları yazan adamları qəhrəman qismində görür. Sovet irsi heçnə olmamış kimi davam edir bütün sahələrdə.
Yanlış görümdür. Xalqın aydınlarının və siyasi liderlərinin amacı Azərbaycan Respublikasını inkişaf etdirmək olmalıdır. Ənvər Paşa kimi, ölkəsinin paytaxtını ilgilisə buraxıb gedib Türküstanda Turan mücadiləsi aparmaqla ölkə qurmaq olmaz. Tərsinə, var olan ölkəni də yox edərlər. Zatən sovet zamanında oluşdurulan bu sosial psixologiya Xalq Cəbhəsinin iqtidardakı politikasını da etkilədi. Budcələri boş, Güneydə heç bir hazırlıq yox, Qarabağ işğal edilirkən milli gücü ölkənin xilası yolunda səfərbər etmək yerinə, xəyalı qəhrəman Güney Azərbaycan işiylə uğraşdılar. Dünya da buna inanmadı.

Çünkü dünya devlərinin araşdırma mərkəzləri var. İranda millətlərin passioner güclərinin nə dərəcədə olduğunu bilirlər. İnqilabçılıq dövrünü modernitə yox etdi, tarixdən sildi. Artıq təkamül dövrüdür və bunu anlamayan xalqlar heç bir problemlərini çözə bilməzlər. Sovetin oluşdurduğu romantizm idi o Güney məsələsi. Bizə realist zehniyyət və milli dildə cahanşümul bilgi lazımdır. Şeirlə nə etmək olar? Azərbaycan və Türkiyə İranla dərin dostluq münasibətləri qurmalıdır. Bu yolla oradakı türklərin düşüncə və milli duyğu həyatında yeniliklər yaratmaq olar. “Ora bizimdir” deməklə sadəcə ortalıqda nifrət və kin oluşar. Azərbaycanda deyirlər Güney Azərbaycan bizimdir, İranda da deyirlər ora şimali İrandır! İkisi də xətalıdır. İki ölkə arasında dostca ilişkilər olmalıdır. Tarixi geri çevirmək olmaz. Hər kəs bulunduğu yerdə xoşbəxt yaşama imkanını əldə etsin.

-Müsahibənin bu hissəsində istəyirəm cənubla bağlı danışaq. Bayaq adını çəkdiyim məqalədə müəllif bir də iddia edir ki, o dövrdə cənubi Azərbaycan və bütöv Azərbaycan məsələsini Sovet İrana qarşı istifadə edirdi. Həqiqətən beləydimi?

-Doğru, sovetlərin İran və Amerikaya qarşı ortaya atdığı xarici siyasət strategiyalarından biri idi. 1950-ci ildə Müsəddiq İranda baş nazir olduqdan sonra Şah qaçdı. Müsəddiq Amerika və İngiltərəyə qarşı sovetlərdən yardım istəməkdə idi. Kommunist partiyasını sərbəst buraxdı, hətta kommunistlərdən də kabinetə yerləşdirmək üzrə idi. Lakin Amerika və İngiltərənin girişimi ilə 1953-cü ildə hərbi çevriliş oldu.

Müsəddiq uzaqlaşdırılıdı və tamamən Amerikan yanlısı bir dövlət yenidən iş başına gəldi. Bu zaman sovetlərin dış politikası üzərinə Moskva radiosunun İran bürosunda azərbaycan dilində “İranın milli səsi radiosu” adında radio verilişləri hazırladılar. 1991-ci ilə qədər bu veriliş davam etdi. Bakı radiosunda da “Cənubi Azərbaycan Redaksiyası” təşkil etdilər. “Həsrət ədəbiyyatı” da bu zamandan sonra ard-arda yazılmağa başlayır. Yəni Həsrət Ədəbiyyatı da bir KGB planı idi. Dərin sovet dövləti “Cənubi Azərbaycan” məsələsini ABŞ-İran birliyinə qarşı bir təhdid strategiyası kimi istifadə edirdi. Sovetin bu planı Azərbaycanda əhalinin duyğuları və irançı xatirələri ilə örtüşdüyü üçün dərhal xalq tərəfindən qəbul edildi. Çünki həsrət ədəbiyatının məğzi irançılıqdan başqa bir şey deyildi. Heç bir tarixi sənəddə parçalanmış Azərbaycan deyə bir ölkə yoxdur. İndiki müstəqil Azərbaycan 1918-ci ildən sonra bu adla tarixə girdi. Çar Rusiyası kənd-kənd, bölgə-bölgə bu əraziləri işğal etdi və sonra xristian-rus millətçiliyi qarşısında bu bölgələr birləşib bir siyasi məkana dönüşdü. Ortalıqda və “həsrət ədəbiyyatı”nda səslənən görüşlərin heç bir tarixi tutarlılığı yoxdur. Bu yalanı gücləndirmək üçün başqa yalan da uydurdular. Guya Şah İsmayıl Bütöv Azərbaycan dövlətini qurmuş və dilini də azərbaycan dili etmiş! Bunların hamısı komik yalan və iftiralardır. Etmişsə, niyə bütün qaynaqlar farscadır. Bir tək türkcə kitab miras qalmamış. Əzizə Cəfərzadə tat ləhcəsiylə yazdığı \”Bakı-1501\” romanında bunu iddia etmiş. Bundan başqa heç bir qaynaq və bilgi bu haqda yoxdur. Ə. Cəfərzadənin da bu yalanına inanmışlar. Dövlətin və katiblərin dili farsca olmuş. Oxucu türk kütləsi yox idi ki, buna da ehtiyac duyulsun.

Şah İsmayıl heç vaxt Qafqazı Səfəvi dövlətinə birləşdirə bilmədi. Doğrudur, İsmayıl Şirvanda soyqırım etdi, ancaq Şirvanşahlar dövlətini devirə bilmədi. Şirvanşahlar dövləti İsmayılın ölümündən təqribən 15 il sonra tarixdən silindi. O zaman bütöv Azərbaycanı İsmayıl necə qurmuş? Ancaq İsmayılı bütöv Azərbaycan qurduğu yalanını da xalqın duyğularına yerləşdirə bildirlər. Bunların hamısı sovet məlumatıdır və hamısı yalandır. Səfəviliyin qabardılması sovet planı və dərin rus dövlətinin politikasıydı. Sovetlər izn verməsəydi, bu qədər Şah İsmayıl haqda roman yazıla bilərdimi? Hamısını yox edərdilər. Demək sovetə xidmət etdiyi üçün İsmayılı öymələrə izn verilmiş. Çünki səfəviyət gücləndikcə türklüyə və Türkiyəyə qarşı nifrət də bir o qədər artırdı.

-Deyirsiz məşrutə inqilabı fars millətçiliyi ilə təhciz edilmişdi. Nə mənaya gəlir bu?

-Hər bir hərəkətin bir ideyası olmalıdır. Məşrutənin ideyası fars milliyətçiliyi əsasında şəkillənmişdi. Şüarı böyük İran idi. Türk dilində bir tək sağlıqlı mətni və şəxsiyyəti yox idi. Təbriz mərkəzli məşrutə hərəkəti İrandakı türkləri bədbəxt etdi. Səttar Xan və Bağır Xan kimi bilgisiz və cəsur savaşçılar fars kimliyi mərkəzli İran yolunda savaşdılar. Nəticə olaraq da Qacar yox oldu və yerində qorxunc faşist və aşırı türk düşməni Pəhləvi rejimi quruldu. Əslində Pəhləvilər də özbəöz türk idi. Türk olmasaydılar bu qədər türk düşməni ola bilməzdilər. Səfəvilərdən sonrakı türk düşmənliyinin bayrağını türklər daşımışlar.

Farslarda türklərin özü qədər türk düşmənliyi olmamışdır. Səfəvi nəfəsi ideologiyasını tənəffüs edən türk əlinə qələm keçdiyində türk düşməni olar. İndi də İranda və Azərbaycan Respublikasında belədir. Məşrutə də Səfəvi molla-feodal mollalarının fətvaları ilə kontrol edilən bir hərəkət idi. Məsələn Səttar xandan “niyə savaşırsan?” deyə soruşurlar o da “mənim savaşmaq fikrim yox idi, Nəcəfin ayətullahları cihad əməri vermişlər savaşmalıyıq” deyə cavab verir. Düşünün bir hərəkətin liderinin ağlı öz başında deyil, İraqdakı bir mollanın fətvasına bağlıdırsa, o hərkətdən nə çıxar? Lider belə düşünürsə, görün xalq nə gündəymiş!

Bəy, Azərbaycanda böyük bir tarixə sahib, milli dövlət-səfəviyə kəskin tənqidlərinizə görə sizi həm də Səfəvi düşməni kimi tanıyırlar. Tam olaraq nədir sizin Səfəviyə kəskin münasibətin səbəbi.

Səfəvilərə qarşı sadəcə mən çıxmamışam. Keçən əsrin əvvəlləri modern ziyalılarının istisnasız olaraq hamısı Səfəvi düşmənliyi ilə bilinirlər. M. Ə. Sabir, N. Nərimanov, Mirzə Cəlil, H. Cavid, Rəsulzadə, Ə. Ağaoğlu və digərləri açıqca səfəviliyi baş bəlası olaraq görmüş, Nadir şahı öymüşlər. Mən onların açdığı yoldayam və onların bayrağını qaldırmışam. Çünki səfəvilik türk kimliyini parçaladı və türklük arasında ideoloji sərhəd qoydu. İslamı şirkə bulaşdırdı. Bir Allah yerinə, bir çox Allah gətirdi. Quran üzərinə zərdüştilik və məcusilik mehvərli təfsir gətirdilər.

Nifrət və kin əkdilər. Əməvi sünniliyi ilə Səfəvi şiəliyi tarixə nifrət və kin əkdi. İslam peyğəmbərinin xanımlarına lənət oxumaq, Peyğəmbərin ən yaxın və güvəndiyi Əbubəkir və Ömər kimi arxadaşlarına nifrət püskürmək Səfəvi gətirisidir. Ölkəmizi bütpərəstlik və şirklə dolduraraq imampərəstlik, pirpərəstlik, məzarlardan imdad umma kimi İslam və ağıl düşmənliyi törələri və batil inancı yayqınlaşdırdılar. İslamda insanın öz vücuduna zərər verməsi yasaqdır. İnsanın varlığında Tanrı var. Onu şillə və zəncirlə döymək, başını qılınclamaq kimi çirkin əməllər İslam kitabında yoxdur.

Bunları başımıza bəla edən Səfəvilərdir. Hz. Hüseyn kimi bir şəxsiyyətin mübarizə şəklini anlayıb ondan ibrət dərsi almaq yerinə, onun üçün ağlamaq deyə bir davranış İslama ziddir. Hz. Hüseyn Allah qatındadırsa, onun üçün nədən ağlamalıyıq. Bu haqda Rəsulzadənin çox dəyərli bir məqalləsi vardır. Səfəvilərin gətirdiyi imam Hüseyni anma şəklini açıqca ifşa və tənqid edər.

-Ayrıca, bizim tariximiz sadəcə Səfəvilərdənmi ibarət? Məsələn Nadir Şah bizim deyilmi? Nadir şahın tətbiqatı tamamən günümüz milli məfkurəmizə uyğundur.

-Səfəvilər nə etmişlər? Allaha şərik qoşmuşlar. Səfəvilərdən sonra “vilayəti-təkvini” adında bir anlayış dinimizə yerləşdirildi. Vilayəti-təkvini, yəni yaratma qabiliyyəti. Yaratma qabiliyyəti də sırf Allaha xasdır. Ancaq Səfəvi ideologiyasında imamların, pirlərin, mürşidlərin də Allah kimi yaratma qabiliyyətinin olduğu qəbul edildi. Bu üzdən də təqlid məsələsi ortaya çıxdı. Xalq öz rəhbərini seçməməlidir, rəhbəri kəşf edib və ona təslim olmalıdır. Yəni indiki İranda olduğu kimi lider xalqı seçməli və özünə tabe etməlidir, çünkü o imam zamanla təmasdadır və ondan məsum (!) bilgilər alırmış. Ona görə də Səfəviyyət mühitində xalqın nəzərinə sayqı olmaz. Xalq qoyun sürüsü kimi bir məxluqdur. Səfəviyyət haqqında Azərbaycanda elmi bilgi yoxdur. Hamısı mifik bilgidir. Bunun üçün tarixçinin teoloji bilgiləri də olmalıdır.

-Cənubda yaranmış Azərbaycan milli höküməti haqqında nə deyə bilərsiniz?

Daxili bir zərurətdən yaranmasa da, müsbət hadisə idi. O hökümət bütün dünyadakı olayların təsiri kimi meydana çıxdı. Yəni rus dəstəyi olmasaydı olmazdı. Pişəvəri özü də İran gerçəkləri ortamında yetişməmişdi. İranda milli türk şəxsiyyəti yetişə bilməz, mümkün deyil. Səfəvilərdən sonra İranda əsla türk milli şəxsiyyəti yetişməmişdi. Pişəvəri də gəncliyini Bakıda keçirmiş və Bakıdakı milli duyğu və düşüncələrdən təsirlənmişdi, yoxsa İranda elə bir şəxsiyyət yetişə bilməzdi. Bakıda o hökümət haqqında yazılan bilgilər də çox şişirdilmiş. Dediyim kimi bu yalanlar sovet zamanı Azərbaycana lazımmış. Qapalı sovet sistemində guya Arazın o tərəfində qəhrəman və milli bir xalq varmış deyə bu yalandan ilham alınırmış. O hərəkət bir tək milli şəxsiyyət yetişdirmədi. Pişəvərinin ən yaxın köməkçiləri belə, sonra aşırı fars-İran milliyətçiləri oldular. O hökümət məğlub edildikdən sonra ölənlər haqqında da Bakıda fantastik rəqəmlər uydurdular. Guya 30 min adam qətl edilmiş!

Bunlar yalan. Bəlkə 100-200 arasında adam öldürüldü. 30 min adam böyük rəqəmdir. O zaman İranın heç 30 min ordusu yox idi. 30 min insan təslim olub ölmək yerinə, savaşsaydı gedib Tehranı da alardı. Pişəvərini iş başına gətirdikləri kimi də apardılar və rusların təhriki ilə şəkillənən hərəkət də lidersiz və müdafiəsiz qaldı. Azərbaycan şəhərlərində İran ordusunun qətl törətdiyi də doğru deyildir. Ordu zatən Təbrizə girmədi. Rus ordusu şəhəri tərk etdikdən və Pişəvəri qaçdıqdan, ya da qaçırıldıqdan sonra Şəriətmədari kimi ayətullahlar fədailərin qətli ilə bağlı fətva yaydılar. Əhali özü fədailəri, özəlliklə də Bakıdan gedənləri baltalayıb öldürdülər. Səfəvizədə əhali fədailəri qətl etsin deyə, ordu qəsdən şəhərə girmirdi.

O zaman İranın doğru-dürüst ordusu yox idi. Rza şahın qadını və Məhəmmədrza şahın anası kraliçə Taculmüluk xatirələrində yazır ki, əsgərləri təlim edərkən bir tüfəng xarab olduğunda Rza şah məsul zabiti edam edirdi. Ona görə zabitlər qorxularından əsgərləri əl ağacı ilə təlim edirdilər və şahın mühafizlərindən başqa orduda əsgərlər tüfəng atmaq təcrübəsinə sahib deyildilər. Ona görə də müttəfiqlər İrana girdiyində Rza şah dirənəlim dediyində ona etiraf edirlər ki, biz əsgərləri əl ağacı ilə eyitmişik dirənə bilmərik. Tehrandan Təbrizə yola çıxan ordu Zənganda gecə oturaq salıb istirahət edir. Bu zaman tüfəngi istifadə etməyi başarmayan bir əsgərin silahından təsadüfən bir güllə açılır. Fədailər hücuma keçdi deyə ordu qorxusundan pərən-pərən dağılır. Ordunun komutanı xatirələrində yazır ki, Azərbaycanı qoruyacaq 500 fədai olsaydı, bizim intihardan başqa çarəmiz yox idi, çünkü fədailərin silah qullanması bizdən daha çox güclüydü. Pişəvəri bir intellektual şəxsiyyət idi, lakin siyasi bir lider deyildi. O, rusların hiyləsini sezmişdi, lakin ona reaksiya göstərmədi. Rus çəmbərindən çıxıb Qərblə ittifaqlıq mesajı yayınlayaraq şərəfli milli qurtuluş savaşına başlayaraq müvəffəq ola bilərdi, çünkü İranın savaşmaq üçün nə iqtisadiyyatı, nə də ordusu vardı.

Sadəcə Pişəvəri ruspərəst olmadığını, kommunist ideologiyayla tamamən zehnən ayrıldığını xalqa və Qərbə isbat etməliydi. Belə bir hərəkət etmədi və o hərəkətin də heç bir nəticəsi olmadı. Necə ola bilər bir hərəkətin lideri qaçacaq Bakıya və ölkəni başına buraxacaq? Şəhərlərə güvənlik lazım deyildimi? Ölkədə hökümət olmasa əhali bir-birini parçalar. Pişəvərinin Bakıya qaçma xəbəri ruh düşkünlüyü yaratdı, zatən bütün fədailəri də silahsızlandırmışdılar və əhali silahsız fədailəri qətl edib, evlərini yağmaladılar, xüsusən şəhərdə düzənsizlik və aclıq da vardı. O zaman Azərbaycanda 4.5 milyon nüfus vardı. Yazıb-oxuma nisbəti çox aşağı idi və milli kadrlar da yox idi. Təbrizdə çıxan “Azərbaycan” qəzetinin bütün nömrələrinin birinci səhifəsində Stalinin şəkli yayınlanır və altında “millət atası Stalin” yazılırdı! Millətin atası Stalin deyil, Pişəvəri özünü göstərilməliydi. Ona görə də Pişəvəridə siyasi rəhbər olma qətiyyəti, təcrübəsi və bilgisi yox idi.

O zaman xalq xanların zülmündən bezdiyi üçün rusun gəlişini bir qurtuluş şansı olaraq görürdü. 33 il zindanda qalan Pişəvərinin cangüdəni Səfərxan Qərəmaninin xatirləri var. Yazır ki, Azərbaycan kəndllərində kim evlənsəydi ilk gecə gəlinini xana verməliydi. Xan bakirəliyini aldıqdan sonra təzə bəyin evinə yollayırdılar. Səfərxanın da bir dostu evlənir və onun da gəlinini zorla xanın evinə aparırlar. Səfərxan da xəncərini götürüb gedib altı min əhalisi olan kəndin xanının cigərini sökərək gəlini gətirir. Sonra ruslar gəlib də antifeodal şüarlar səsləndirdiklərində xalq rusların gəlişinə sevinir. Bu tarixdən, bu qorxunc sosial sistemdən rusların xalqı azad edəcəyi sanılırdı. Doğru da bir güman idi, çünkü o tarixin öz içindən məzlum xalqı azad edəcək sistem doğa bilməz.

-Maraqlıdır, tez-tez dediyiniz irançılıq nədir və niyə cənubda türk milli şəxsiyyət yetişə bilməz?

-İrançılığın tarixi 1200 il bundan öncəyə, Şahnamənin yazıldığı dönəmə dayanır. İslamdan sonra tarixdə ən erkən oyanan xalqlardan birincisi farslar olmuşlar. 9-cu əsrdə farscanı ərəbcədən arındıraraq gücləndirməyə başladılar. Atatürkün Türkiyədə etdiyini 1200 il bundan öncə Səffarı fars dövlət başçısı Yaqub Leys başlatdı. Qurduqları kiçik dövlətlərinin hamısı milli xarakter daşımışdır. Farscanı o qədər gücləndirdilər ki, sonra iş başına gələn türk dövlətləri də dəftər və dövlət dilini farsca olaraq müəyyən etdilər. Farsların ən böyük şairi Hafiz Şirazi bir qəzəlində “fars dilini şirin-şəkər edən farsca yazan türklər oldu və ey Tanrı farslara bu müjdəni çatdır” deyir. Türklər fars dilində yazılan saysız-hesabsız ədəbi, tarixi, teoloji mətn mədəniyyətinin altında qalıb əzildilər. Qələmin qılıncdan nə qədər daha güclü olduğunu tarix isbat etdi. Çünki türk dilində farscayla yarışacaq bilgi qaynağı olmayıb.

İndi də yoxdur. Lakin bütün bunlara rəğmən Səfəvilərə qədər Türk Dünyası bir bütün idi. Səfəvilər ideoloji sərhəd qoydular. Səfəvilərdən sonra Türküstandan Azərbaycana və Anadoluya və tərsinə kulturoloji və dil axınının önü kəsildi. Əhali buradan keçməsi üçün şiələşmək zorundaydı. Bu şəkildə Anadolu və Türküstanla bağları qopan İrandakı türklərin milli dilləri, kimlikləri farsca qarşısında savunmasız qaldı. Son zamanlar modern türkiyəylə irtibat nəticəsində milli duyğular şəkillənir, ancaq bunun fikir planına daşınması lazım. Əslində İranda türklər son 100 ildə tarixdən silinmək üzrəydilər. Bir yandan aşağılıq kompleksinə girmiş, bir yandan da şəhərlər farsizə edilmişdi. Lakin köçərilər və kəndlilər yaşam biçimini buraxıb şəhərlərə axın etdilər. Şəhərlərin kulturolji strukturu dəyişdi. Savadsız xalq öz milli törələriylə şəhərə yerləşir və son 100 ildə gerçəkləşən asimilasiyaya qarşı təbii bir disasimilasiya hərəkəti başlatdı.

Ona görə də diqqət etsəniz İrandakı türklük hərəkəti kəndli hərəkətidir. Çünkü əski nəsillər sərmayə qazanıb şəhərələşərkən asimilə olmuş. Bu hərəkətə qatılanların çoxu mənim kimi ya özü, ya da atası kənddən şəhərə təzə köçmüş olanlardır. Bu üzdən milli burjuaziyası yoxdur. Sinfi hərakata bənzəyir, yoxsulların hərakatına.

-Burda bizdə obyektiv qiymətləndirmə demək olar yoxdur Cənubda yaşayan Azərbaycanlıların vəziyyəti haqqında. Ümumi ictimai-siyasi və mədəni baxımdan ordakı soydaşlarımızın vəziyyətini necə qiymətləndirərdiniz?

-Doğru, Azərbaycan Respublikasında sosial bilgilər çox əksikdir, çünki sorğulanmamışdır. Bu bilgilərə qarşı suallar yönəlməmiş və heç bir suala cavab verilməmişdir. Bilgi sosiologiyasında üç amil var: mif, ideologiya və utopiya. Sosial bilgiləri bu üç amil daima təhdid etməkdədir. Bunun qarşısını da ancaq sorğulayaraq almaq olar, elmi bilginin önündə sorğulama durmaqdadır. Azərbaycandakı iranşünaslıq ya mifdir, ya ideologiya, ya da utopiya. Elmi dayanaqları yoxdur və bu bilgiləri elm mərkəzləri ciddiyə almaz. Ayrıca bu mifik, utopik və ideolojik bilgilərlə də aydınlıq üfüq yaradaraq xalqı doğru yönə yönləndirmək olmaz. Aydınlar, düşünənlər və elm adamları üçün bilgi ürətilməmiş, düşünməyən kütlə üçün uyuşdurucu yalanlar, miflər və utopiyalar uydurulmuşdur.

Məsələn “Səfəvilər bütöv Azərbaycan qurmuşdur, Xiyabani milli dövlət qurmuşdur” cümlələri mifdir, yəni gerçəkliklə əlaqəsi yoxdur. “Təbriz bütöv Azərbaycanın başkəndi olmuş və olacaq” cümləsi bir utopiyadır. Çünki nə keçmişdə elə bir şey olmuş, nə də gələcəkdə Təbrizdən başkənd olar. Təbrizdə heç bir mədəni memarlıq yox, bir teatr, bir opera mərkəzi yox, hər bir küçədə 3-4 məscid var. Eyni zamanda azan səsi yüksəlir və adam az qalır dəli olsun. Belə paytaxtmı olar? Ancaq “Arazın üstündən körpü salaraq yeni bir başkənd icad edilə bilər, yarısı Arazın bu tayında, yarısı o tayında” ifadəsi əqli bir yanaşmadır.

Modern bir şəhər salınar və orada həm həddindən artıq məscid olmaz, həm də bol mədəni mərkəzləri olar. Azərbaycanda “Güney Azərbaycan” ifadəsi altında yazılan bilgilərlə “Həsrət ədəbiyyatı”nın elmi gerçəkliklə heç bir əlaqəsi yoxdur. Sovet qapalı sistemində xəyalları oxşayan və hardasa bir ümid aşılayan yalanlar olmuş. Yəni “inqilablar yurdu olan Təbriz qalxacaq, İranı dağıdacaq, müstəqil dövlət quracaq, sonra da Bakı ilə birləşəcək və bütöv Azərbaycan qurulacaq” kimi mifik, ideolojik və utopik yanaşmanın Təbrizin tarixi və gerçək qapasitəsi ilə əlaqəsi yoxdur. Bizim tarixi millət toxumuz və millət şəbəkəmiz iki dəfə pozulmuşdur. Biri, Səfəvi dövləti qurulduğunda saxta və batil bir inanc belimizi qırdı. Çünkü millət olmanın orta dirəyi ortaq bir inanc sistemidir. Səfəviyətin gətirdiyi molla-feodal, onun-bunun malına göz tikən hiyləgər seyyid mənafeyinə təslim olma sistemində türk kimliyinə və insan ağlına yer ola bilməz. Bunu keçən əsrdə Qafqaz türklərinin aydınları açıqca dilə gətirmişlər. Məsələn “Molla Nəsrəddin” məktəbinin tək mübarizəsi Səfəvi kültür mirasıyla olmuşdur. Ruslara və rus kültürünə qarşı bir tək söz yazmamış, tam tərsinə onu örnək göstərmişlər.

Bir yanda qara çarşafa bürünmüş türk qadını, digər yanda tearta gedən azad rus qadını var karikaturlarında. İkinci dəfə milli toxumuzun pozulması susuzluq üzündən başlamışdır. Bölgədə, özəlliklə İranın quzeyində aşırı dərəcədə quraqlıq başlamış. Əhalinin və heyvanların sayı artdıqca su qullanımı da artır, bir yandan da yağmur az yağır. Türk kəndləri boşalaraq talış və gilək tərəflərinə yerləşib orada asimilə olurlar. Quraqlığın da səbəbi Səfəvi nəfəsinin bölgəmizi zəhərləməsidir. Çünki Allah insana ağıl vermiş və ağlını qullanmayan millətin üzərinə pislik enər demiş. Bizim millət də Səfəvi sonrası ağlını qaranlığa gömdü. Təbiəti əhliləşdirmək üçün bir tək elmi təşəbbüsü olmamışdır. Məsələn bütün Səfəvi və Qacarlardan bir tək bulaq, bir baraj, bir gül miras qalmamışdır. Sadəcə yağma ilə məşğul olmuşlar, xalq da ağlını qullanmaq yerinə, başına döyüb ağlamış. Böylə bir qalabalıq insan sürüsündən nə gözləmək olar? Əqli təcrübəmiz və mətnlərimiz yoxdur.

-Cənubda azərbaycanlılar fars rejiminin represiyasından əziyyət çəkməsi bir faktdır. Hətta bu yaxında İran televiziyası yenə azərbaycanlıları təhqir etmişdi. Yəni bunlar heç bir şey ifadə etmir?

-Farsların türkləri aşağılamasının tarixi çox dərinlərə gedir. Firdovsinin “Şahnamə” əsərində qismən türklər aşağılanar. Şah İsmayılın əmri üzərinə Şahnamə yenidən redaktə edilər. Türkləri aşağılayan bəzi beytlər Şah İsmayılın və Şah Təhmasibin əmri üzərinə adları gizlin tutulan şairlər tərəfindən yazılaraq Şahnaməyə artırıldı. Bu şahnamə “Şahnamə-i Şah Təhmasib” adlanır və bir neçə il öncə milyonlarca dolar qarşılığında İran rejimi onu İngiltərə muzeyindən satın aldı. Farslara görə öncə ərəblər sonra da türklər onların vətənini işğal edərək böyük fəlakətlərə yol açmışlar. Yəni bu təhqirlər yeni olay deyil. Ancaq Səfəvilərdən sonra türklər özü bu təhqir bayrağını ələ aldılar. Son 500 ildə istisnasız olaraq türkləri aşağılayanların hamısı və ya tam əksəriyyəti şiə və ya Səfəvi ideologiyasıyla zəhərlənmiş türklər olmuşlar. M. S. Ordubadi bu haqda “Dumanlı Təbriz” kitabında söz açar.

Deyir ki, Səfəvilərdən sonra bir tək türkcə əsər yazılmazkən türkləri aşağılayan kitablar daha çox yazılmışdır. Bu təhqirlərə türk intelektual sinfi reaksiya göstərmədi, çünki tarixdə türk intelektual sinfi heç olmayıb. Son zamanlar Soyuq Savaş sonrası dünyada başlayan millətçi dalğalar İranı da etkiləmiş. Bu reaksiyalar yeni hadisədir. Bu təhqirlərin zərərindən çox xeyiri var.

Çünki yeni nəsldə bu təhqirlərə qarşı istər-istəməz reaksiyalar meydana çıxır. Bu reaksiyalar doğru bir yönləndirmə ilə elmli və intelektli mübarizə şəklinə dönüşə bilər. İranda azərbaycanlıların təhqiri deyə bir durum da yox, türk təhqiri var. İran milliyətçiliyinin də dərdi budur ki, biz özümüzə türk deyil, azərbaycanlı deyək. Ancaq İranda buna qarşılıq olaraq yeni türkcəçilik hərəkəti başlamış. Türkiyədə minlərcə öyrənci təhsil alır. Ankaranın Tehranda açdığı türkcə dil kurslarından hər il 600 tələbə məzun olur. Bizim İrandakı mücadiləmizin adı türkçülükdür, azərbaycanlılıq deyə dərdimiz yoxdur. Bu etirazlar çox şey ifadə edir, lakin mən səssiz mübarizənin tərəfdarıyam. Vaxtı gəlmədən küçə nümayişlərinə çıxıb enerji boşaltmaq doğru deyil.

Hər hərəkətin iki mərhələsi var: 1- Şəxsiyyət yetişdirmə mərhələsi, 2- Sosial hərəkət. Birinci şaquli yüksəliş, ikinci də xalqın içinə tərəf üfuqi yayılışdır. Şəxsiyyət yetişdirməzsək qələbə bizdən yana olmaz. Biz fars milliyətçiliyi qarşısında hər zaman fikrən məğlub olmuşuq. İnqilabi gücümüz olmuş, fikri gücümüz öz dilimizdə olmamışdır. Boşluq indi də bu sahədədir. İran dinçi rejimi çox hiyləgərdir. İranda türk milli gücünün oyanış səviyyəsini ölçmələri və nə qədər təhdid meydana gətirmə imkanının olduğunu əldə etmələri üçün bu kiçik təhrikləri rejim özü də edib və tutuqalamalar, edamlar və sürgünlərlə hərəkətin içini boşalda bilər. Milli kadrlar ona görə də lazım ki, hər təhriklə xalq meydanlara çıxıb sosial və yaradıcı enerjisini boşaltmasın. Səbirlə və Türk kimliyini Türk Dünyasıyla təmas bağlamında inkişaf etdirərək hərəkət etmək lazımdır. Yoxsa sırf İrandakı türk tarixinə arxalanaraq heç bir şey etmək olmaz. Orada bir şey yox ki. Hər bir hərəkəti yönləndirəcək düşüncə mətnləri olmalıdır, o da yoxdur. Bu mətnlər olmazsa əski hərəkətlər kimi məğlubiyyətlə sonuclanar. Bizdəki milli mübarizə keçən əsrin əvvəllərindəki Qafqaz türklərində olduğu kimi yürüməli. Onlar iç düşmənin sevimsiz görüntüsünü ifşa etdilər. Xarici düşmənı zaman özü uzaqlaşdırar, iç mikrob halına gələn Səfəvi törələrini ifşa etdilər. Bu ifşa edilən Səfəvi gələnəyi üzündən tarixdə Azərbaycan adında dövlət yarandı. İrandakı türklərdə öz nəfslərinə və kimliklərinə güvən yoxdur. Bu güvəni səfəviyyət öldürmüş. Bu güvən olmadıqdan sonra fars da olmasa başqası bizi idarə edəcək.

-Nədir iç mikrob halına gələn Səfəvi törələri?

-Xalqın düşüncəsini qaranlığa gömən törələr. Molla Nəsrəddinin ifşa etdiyi törələr. Din adına Şeyx Nəsrullahların ölüləri diriltməsi, kiçik qızları mollalara peşkəş çəkmələr. Molla–seyyid-feodal sisteminə kölə olarcasına tapmalar. Dinin kitabını buraxıb imama, pirə, seyyidə, məzarlara inanmaq, uşaqlarını öz dilində oxutmaq fikrinə düşməzkən toyuğunu, yomurtasını satıb məscidlərdə mollaya verərək fars dilində oxutmalar, … yüzlərcə bu kimi ağıl və dinlə əlaqəsi olmayan xalqın alışdığı törələr ifşa edilirdi.

Türklər şiəliyə bulaşmaqla öz gələcəklərini məhv etdilər. Sadəcə şiəliklə deyil, sünnilikllə də İslamdan uzaq durdular. Lakin şiəlik üzərinə fars milliyətçiliyinin ideoloji çalışmaları var idi. Şiəliklə Sasani dəyərlərini bütüləşdirdilər. Bu da Səfəvilər zamanında ortaya çıxdı və Səfəvi sınırları içində qalan türklər, əslində irançılığa xidmət edən bu inanc sistemi içində farslaşmağa başladılar. Şiəlik bir iran milliyyətçiliyi ideologiyasına dönüşdükdən sonra türkləri öz tarixi xatirələrindən, öz kimliklərindən məhrum buraxaraq, onları İranın və irançılığın, daha doğrusu farsçılığın savaşan əsgərlərinə çevirdi.

Bu haqda Rəsulzadənin və Ə. Ağaoğlunun da tutarlı təsbitləri var.
Günümüzdə də İran şiə geopolitikasından yararlanaraq Livan, Suriya, Behreyn, Səudiyə Ərəbistan, İraq, Türkiyə və digər ölkələrdə öz mənafeyini qorumaqdadır. Xüsusən Azərbaycanla ilgili İran tam Səfəvi politikasını izləməkdədir. İranda minlərcə Azərbaycan Respublikasının vətəndaşı gizlin servislər tərəfindən ideoliji, hərbi və fikri baxımdan hazır duruma gətirlir. Keçənlərdə bu haqda bilgilər də yayıldı. Xüsusən sərhəd bölgələrdən gəncləri aparıb Qum kimi dini mərkəzlərdə yetişdirib geri göndərirlər. Diqqət etsəniz Azəbaycanda tutuqlanıb bu an zindanda olanlar və ya olmayıb da fəaliyyətlərinə davam edənlər İranda yetişib geri dönmüşlər. İran əslində dünya şiələrini təşviq edən tək ölkədir. Ayrıca, Çin və Rusiyanın mənafeyi İran şiəliyi ilə örtüşməkdədir. Bu üzdən də Çin və Rusiya müsəlmanlarının şiələşdirilməsi üçün onlar İrana imkan yaradır və İran da hər növ ideoloji yardım edir. Çinin müsəlman şəhərlərində İranın şiələşdirmə biroları vardır.

Azərbaycandan və Gürcüstandan İrana aparılan gənclər farscanı öyrənirlər. Xamnəyi \”İslamın ikinci və şiənin birinci dili farscadır\” dedi. Bundan əlavə onlar orada təhsil aldıqları müddət içində yavaş-yavaş İran mənafeyini müdafiə etməyə hazırlanır, beyinləri yuyulub doldurulur. İranda təhsil alan bütün tələbələrin psixologiyası üzərinə İTTİLAATın ayrıntılı bilgiləri olur. Çox istedadlılarını daha dərin yerlərdə hazırlayırlar. Ancaq önəmli olan budur ki, onlar geri döndüklərində farsca və İrançı bir dünyagörüşüylə geri dönür və vəzifə aldıqları məscidlərdə İranın din anlayışı və İranın uzun vədəli mənafeyinə xidmət edən bilgiləri xalqın şüuraltına yerləşdirirlər. İran uzun müddətdə bu tələbələr vasitəsiylə Azərbaycan şiələrinin ictimai rəyini formalaşdırır.

Xalqın kimə təqlid etməsini o tələbələr Azərbaycanda müəyyən edir. Şiəlikdə təqlid var və hər şiə bir müctəhiddən təqlid etməlidir. Nəticə olaraq Azərbaycan əhalisinin ağlı və inancı Qumda hansısa bir ayətullahın əlində olacaq. Hansısa həssas bir gündə o ayətullah \”cihad\” fətvası çıxarsa, bu gün Azərbaycanın məscidlərində namaza duran bütün şiə əhalisi ayağa qalxmalıdır. Bu, şiəliyin prinsipidir.(kultra.az)

İnterpress.az