Bu barədə deputat Aydın Mirzəzadə məlumat verib.
Deputat bildirib ki, aprelin 2-də ağır yaralanan və həmin vaxtdan komaya düşən, əslən Şəki rayonundan olsa da, ailəsi ilə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu Rahim Qara oğlu Tağıyev dünyasını dəyişib.
MAXE Rahim Tağıyev Azərbaycan Ordusunda tankçı kimi xidmət edirdi. Rahim düz 99 gün idi ki, komada idi. Tank komandiri gizir Rahim Qara oğlu Tağıyev aprelin 2-də cəbhənin Goranboy-Tərtər istiqamətində Talış kəndi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərdən olmuşdu. Elə həmin gün döyüş zamanı düşmənin atdığı minamyot mərmisi Rahimin yanına düşüb və hərbçimiz başından ağır yaralanmışdı.
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına yerləşdirilən Rahim Tağıyev aprel döyüşlərinin ən ağır yaralısı idi. Onun sağalması üçün hospitalın həkimləri əlindən gələni edirdi. Lakin vəziyyəti ağır-stabil olaraq qalırdı. Ona görə də Rahimi Türkiyədəki məşhur \”Gülhanə\” xəstəxanasına aparmağa qərar verilmişdi. Türkiyəyə yola salınması üçün bütün sənədlər hazırlanmışdı. Həyat yoldaşı bir neçə gün öncə Bakıya gələrək, Rahimin hərbi biletini də hospitalın rəis müavininə vermişdi. Demişdilər ki, yaxın günlərdə Türkiyəyə aparılacaq.
Rahim Tağıyev 18 ildir Milli Orduda xidmət edirdi. Bu müddətdə xidmətdə fərqləndiyinə görə 5 medal və çox sayda Fəxri Fərmanla təltif edilmişdi. Şəkinin Əliyar kəndində anadan olan Rahim Mingəçevir sakini idi. Onun 3 uşağı var – Ülkər, Nihat və Nicat.
Rahim Tağıyev bu gün ailəsinin istəyi ilə Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib
İnterpress.az