Fazil Mustafa: “Gənc kadrlara etimad göstərmək vacibdir”
Azərbaycanda qocaman məmurların yüksək postları “zəbt etmələri” tez-tez müzakirə mövzusu olur. MDB ölkələri içərisində ən yaşlı məmurlar Azərbaycandadır. Onların daha gənc kadrlarla əvəz olunmalarının vacibliyi hər zaman vurğulanır. Tanınmış iqtisadçı ekspert, ADR hərəkatının rəhbəri Qubad İbadoğlunun facebook səhifəsində paylaşdığı statusda bu açıq şəkildə sezilir.
İqtisadçı Nazirlər Kabinetinin son iclasından bir foto paylaşaraq, 6 yüksək vəzifəli məmurun yaşını hesablayıb və məlum olub ki, 446 il edir. Q.İbadoğlunun statusunu olduğu kimi təqdim edirik: “İyulun 10-da Azərbaycan Respublikasının prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasın materialları ilə tanış olmaq üçün rəsmi qəzetlərin internet səhifəsinə baş çəkərkən müşavirənin tam mətnini axtararkən diqqətimi qısa icmal və bu şəkil cəlb etdi. Ölkənin ali idarəçiliyinə prezidentdən sonra ireyarxiyaya görə yuxarı başdan ilk üçlükdə sağ və sol tərəflərdə əyləşən 6 yüksək vəzifəli şəxslərə nəzər salıb islahatlar barəsində düşünərkən, ilk növbədə, onların yaşa görə adekvatlığı müəyyənləşdirmək üçün sadə arifmetik hesablama apardım. Bəlli oldu ki, ilk altılığın birlikdə yaşı 446 il, orta yaşı isə 74,3 ildir.
Onların hər birinə daha çox ömür arzulamaqla bildirmək istəyirəm ki, bu tendensiya yalnız ali idarəetməyə deyil, həm də orta idarəetmə pillələrində çalışan dövlət qulluqçuları üçün də xarakterikdir. Rəsmi statistik məlumatlara görə, 30 yaşa qədər olan dövlət qulluqçularının ümumi yekunda göstəricisi 17 faiz olduğu halda, yaşı 55-dən yuxarı olanların payı 21 faizdir. Məşhur bir filmdə olduğu kimi döyüşə (islahatlara) yalnız qocalar gedir”.
Ölkə iqtidarının qocaman məmurlara etimad göstərməsi ətrafında müxtəlif versiyalar var. Əsas versiyalardan biri inamla bağlıdır. Yəni hakimiyyət uzun illər birlikdə yol gəldiyi, sadiqliyinə inandığı məmurları postlarında saxlamağa üstünlük verir. Daha bir versiya da var ki, bu “kadr qıtlığı” ilə bağlıdır. Yəni qocaman məmurları əvəzləyəcək kadrların olmaması nəzərdə tutulur.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa hesab edir ki, hakimiyyətin eyni komanda ilə yola davam etməsi normal qarşılanmalıdır: “Bu cür sistemlərdə kadr dəyişikliyi bir o qədər maraqlı görünmür. Konkret strukturda konkret şəxslərlə bağlı yeni sürprizlərlə qarşılaşmağa hakimiyyət maraq göstərmir. Amma bəlli səviyyədə gəncləşmə çox vacibdir.
Düşünürəm ki, hansısa bir gəncin yaşlı bir məmuru əvəz etməsi problemin həlli mənasına gəlməməlidir. Bu sahədə nöqsanlar əvvəlkilərdən daha artıq səviyyədə qalmağa başlayıb. Bu baxımdan daha çox keyfiyyətin tələb olunması vacibdir. Yaş cəhətdən dəyişiklikləri vacib sanmaq məncə aktual görünmür. Ola bilər ki, 60-70 yaşlı hakim 40 yaşlı hakimdən daha ədalətli olar. Belə hallarda yaşa görə əvəzetmə çox vaxt müsbət effekt vermir. Gəncliyimizdə idarəçilik keyfiyyətinin aşağı olduğunu düşünmürəm. Gənclik daha çox texnoloji hazırlığa malikdir. Onlara etimad göstərmək vacibdir. Burada olan problemlər başqadır. İdarəetmə fəlsəfəsi ilə bağlı məsələdir. Qocaman məmurların olmasının siyasətə maneçilik törətdiyini düşünmürəm. Əgər işinə görə uğur qazana bilirsə, bu yaşla deyil, təcrübə ilə bağlı məsələdir”. (musavat.com)
İnterpress.az