Sabah Azərbaycanda “sükut günü”dürbackend

Sabah Azərbaycanda “sükut günü”dür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Əmrlə ölkə polisi sentyabrın 24-dən 29-dək gücləndirilmiş iş rejimində işləyəcək.
Referendumla əlaqədar sabah-sentyabrın 25-i “sükut günü”dür. Referendumla əlaqədar Mərkəzi Seçki Komissiyasında üç – “Yeni Azərbaycan”, “Vətəndaş Cəmiyyəti” və “Bələdiyyə” təşviqat qrupu qeydiyyatdan keçib. Qeydə alınan təşviqat qrupları sentyabrın 3-dən təşviqata başlayıb. Bu gün təşviqat üçün sonuncu gücdür. Təşviqat sentyabrın 25-də saat 08:00-da başa çatacaq. Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

Referendumda müşahidə aparmaq üçün seçki komissiyalarına müraciətlə edilməsinin vaxtı isə sentyabrın 21-də başa çatıb.

Təbliğat-təşviqat kampaniyası hazırda davam edir. Milli Məclisin YAP-dan olan deputatları seçildikləri dairələrə ezam edilib. Deputatlar referendumla bağlı seçicilərlə görüşlər keçirir və seçiciləri səsverməyə dəvət edirlər.

Parlamentin Regional məsələlər komitəsinin sədri, YAP-çı deputat Arif Rəhimzadə modern.az-a açıqlamasında referendumla bağlı deyib ki, keçirilən görüşlərdə insanların aktivliyi müşahidə olunur: “Bir məsələni xüsusilə qeyd etmək istərdim. Referendum öncəsi təbliğat-təşviqat kampaniyasında iştirak edirəm. İnsanların aktivliyini müşahidə etməmək qeyri-mümkündür”.

YAP Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov isə teleqraf.com-a müsahibəsində deyib ki, təbliğat-təşviqat kampaniyası çox yüksək səviyyədə keçir: “Qrafik əsasında Yeni Azərbaycan Partiyasının seçiciləri, 18 yaşına çatmış gənclər, vətəndaş cəmiyyətinin üzvləri ilə görüşlərimiz olur. YAP Qadınlar Şurasının təşkilatçılığı ilə qadın seçicilərlə də görüşlər keçirmişik. Çox möhtəşəm kampaniya aparırıq. Görüş keçirdiyimiz məkanlarda hətta stullar çatışmırdı, əlavə stullar qoyurduq ki, camaat ayaq üstə qalmasın.

Yəni seçicilərdə referenduma böyük həvəs var. Hamı bu prosesi gözəl başa düşür, anlayırlar ki, konstitusiyamıza ediləcək əlavə və dəyişikliklər Azərbaycan xalqının xeyrinədir. Nəzərdə tutulan dəyişikliklərin hamısı labüddür, zamanın tələbinə cavab verir. Görüşlərdə seçicilər onları maraqlandıran məqamlar barədə suallar ünvanlayır, biz də izahat veririk\”.

Müxalifət isə referendumun ləğvini tələb edir, bu tələblə artıq üç aksiya keçirilib. Mitinqlərdə xalqa dəyişikliklərə səs verməməyə çağırış edilib.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Müxalifət bu dəyişiklikləri “mürtəce” adlandırır, hakimiyyət təmsilçiləri isə vacib, vaxtı çatmış islahatlardan ötrü edildiyini bildirir.

İnterpress.az