İnterpress.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri açaraq tanınmış alim Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyətindən, respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışdı.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək akademik Rəfiqə Əliyevanın zəngin elmi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən söhbət açdılar, alimlə bağlı xatirələrini bölüşdülər.
Sonra mərhumun ailəsi adından qızı Fəxriyyə Xələfova çıxış etdi.
Vida mərasimindən sonra tanınmış alimin cənazəsi son mənzilə yola salındı.
Mərhum I Fəxri xiyabanda torpağa tapşırıldı.
Dəfn mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak etdilər.
İnterpress.az