Bu barədə AzNews.az-a Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva məlumat verib.
O, mərhum Natiq Əliyevlə vida mərasimi sabah saat 12:00-da Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində keçiriləcəyini qeyd edib: “Mərhumun harada dəfn olunacağı haqda məlumatsızıq.”
Energetika naziri Natiq Əliyev bu gün İstanbulda müalicə aldığı “Florence Nightingale” xəstəxanasında dünyasını dəyişib. Bir neçə gün əvvəl onun ürəyində problemlər yaranmışdı.
Natiq Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.
1993-2005-ci illərdə N.Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti və Direktorlar Şurasının sədri idi.
1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olub. 2005-ci ildə Azərbaycan neftçilər konqresinin prezidenti seçilib.
2005-2013-cü illərdə sənaye və energetika naziri vəzifəsində işləyib.
22 oktyabr 2013-cü il tarixində energetika naziri vəzifəsinə təyin edilib.
N.Əliyevin 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunub. O, Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, 2008-ci ildən iqtisad elmlər doktoru olub.
N.Əliyev 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilib.
İnterpress.az