İnterpress.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yürüşə sabah Bakıdakı “Bridge Plaza”nın qarşısından başlanacaq.
Yürüş iştirakçıları saat 11:00-da Rusiya, 11:20 ABŞ, 12:00-da isə Fransa səfirliklərinin qarşısından keçəcəklər. Nazirlik gəncləri yürüşdə aktiv olmağa çağırıb. Qeyd edək ki, hər üç ölkə ATƏT-in Minsk qrupunun həmsədridir.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
İnterpress.az