“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən, Cinayət Məcəlləsinə edilən dəyişiklərlə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub.
Hüquqşünaslar bildirirlər ki, bu layihə qəbul edildikdən sonra Azərbaycanda xeyli sayda məhkum azadlığa qovuşacaq. Onların arasında ictimai-siyasi həyatda tanınan şəxslər də ola bilər.
Öncə qeyd edək ki, yeniliyə görə, Cinayət Məcəlləsinin ümumilikdə 140-dan artıq maddəsində azadlığın məhdudlaşdırılması alternativ cəza növü kimi sanksiyalara daxil edilib. Bundan əlavə, daha 80 cinayətin sanksiyasına azadlıqdan məhrumetməyə alternativ olan cərimə və digər cəzalar daxil edilib. Qanun layihəsinə əsasən, həmçinin Cinayət Məcəlləsində nəzərdə tutulmuş sanksiyalar təftiş edilərək 80-dən artıq cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının hədləri azaldılıb. Nəticədə 35 cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 6 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilib. Eyni zamanda Cinayət Məcəlləsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışma institutu daha da təkmilləşdirilib, 20-dən artıq cinayət üçün zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə imkanı müəyyən olunub. Layihədə narkomanların məcburi müalicəsi məsələsi də yer alıb.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan hüquqşünas Əliməmməd Nuriyev layihəni müsbət addım kimi qiymətləndirdi: “Cənab prezident tərəfindən verilən sərəncamda bir çox tapşırıqlar var. Bu tapşırıqlardan biri də ondan ibarətdir ki, Cinayət Məcəlləsində bir çox sahələr üzrə əməllərin determinallaşdırılması nəzərdə tutulub. Yəni başqa sözlə desək, həmin əməllərə görə cinayət məsuliyyətindən azadetmə nəzərdə tutulması barədə tapşırıqlar verilib. Baş Prokurorluq, Ali Məhkəmə və Ədliyyə Nazirliyinə birgə Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər hazırlamaq tapşırılmışdı. Onlar tərəfindən də bu tapşırıq hazırlandı. Orada əsas etibarilə iqtisadi fəaliyyət sahəsində Cinayət Məcəlləsinə nəzərdə tutulan əməllər determinallaşdırılması ilə bağlı məsələ diqqətə alınıb. Eyni zamanda bəzi cinayətlər az ağır ictimai təhlükəli cinayətlər kateqoriyasından böyük ictimai təhlükəli olmayan cinayətlər kateqoriyasına keçirilib. Bəzi ağır cinayətlər isə az ağır cinayətlər kateqoriyasına salınıb. Yəni burada Cinayət Məcəlləsinə əhəmiyyətli dərəcədə humanistləşmə istiqamətində addımların atılmasını özündə ehtiva edən təkliflər paketi hazırlanıb. Həmçinin bir çox cinayətlərin sanksiyasında azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növləri, cərimələr artırılıb. Bu da imkan verəcək ki, gələcəkdə məhkəmələr azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan, alternativ cəzalar da tətbiq etsin. Çox təəssüf ki, son illərə qədər Azərbaycanda hakimlər tərəfindən cəzalar təyin edilərkən 90 faiz azadlıqdan məhrumetmə ilə əlaqəli cəzalar tətbiq olunurdu. Bu, hesab edirəm ki, Azərbaycanda məhkəmə-hüquq islahatlarının davamıdır. Eyni zamanda bütövlükdə Azərbaycanda aparılan islahatların ruhuna uyğun olaraq görülən işlərdir. Bütün bunlar cəzaçəkmə müəssisələrində məhkumların sayının azalmasına səbəb olacaq. Cənab prezidentin bu sərəncamından irəli gələn məsələlər Azərbaycanda həm cəza siyasətinin humanistləşdirilməsinə atılan növbəti addımdır, həm də eyni zamanda siyasi islahatlar prosesinin, məhkəmə-hüquq islahatlarının davam etməsinin göstəricisidir”.
Yuxarıda da qeyd etdiyimiz kimi, Cinayət Məcəlləsinin yumşaldılması həbsdə olan siyasilərin də azadlığa çıxmasına səbəb ola bilər. Son əfvdən sonra içəridə qalanlar arasında REAL sədri İlqar Məmmədov, AXCP-dən Asif Yusifli, Məmməd İbrahim, Seymur Həzi, vəkil Əliabbas Rüstəmov və NİDA-çı İlkin Rüstəmzadə kimi şəxslərin adlarını qeyd edə bilərik.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, sentyabr ayından sonra xeyli sayda məhbus azadlığa çıxacaq:
“Bundan əlavə, əfv sərəncamı yüngül cəzası olanlara da şamil ediləcək. Bunu prezidentin cəza siyasətinin yüngünləşdirilməsi ilə bağlı verdiyi sərəncama əsasən deyirəm. İnsan Hüquqları üzrə İşçi Qrupu olaraq, müvafiq siyahımızı hazırlayıb, əfv komissiyasına təqdim etmişik”.
İnterpress.az