Şəxsən özümüz hadisə yerində olduq. Ərazi hasarlanıb. Hörgü işi gedir. Ustalardan bu tikilinin sahibini soruşduq. Konkret cavab vermədilər, yayındılar. Tikilinin sahibi üzə çıxmadı. Ustalar dedi ki, “müdir” neçə gündür ki, əraziyə gəlmir. Sakinlərlə danışdıq. Dedilər, Nizami Rayon İcra Hakimiyyəti məsələdən xəbərdardır. Hətta birinci müavin Tariel müəllim də burada olub. Yaşıllığın qırılmasına isə “yaşıllıq deyil, kol-kosdur”- deyə fikir bildirib.
İki gündür ki, məlum məsələ lə bağlı Nizami Rayon İcra hakimiyyətindən suallarımıza cavab verə bilən məsul şəxs tapılmır.Növbətçi bizə mətbuat xidmətinin iki əlaqə nömrəsini verib; 422-10-36 və 422-10-05. 48 saatdır ki, bu telefonların ədstəyini qaldıran yoxdur. Sonra növbətçi bizi icra hakimiyyətinin təsərrüfat işləri müdirinin – Vaqif müəllimin nöməsini verir. Bir neçə cəhddən sonra Vaqif müəllim bu işə onun aidiyyatının olmadığını söyləyir. Adıçəkilən şəxs deyir ki, o şikayyətlərin qeydiyyatına baxır. Birinci müavinin adıçəkilən ünvanda sakinlərlə görüşdüyünü desə də, sakinlərin şikayətinin qeydiyyata alınmadığını söyləyir. Anlaşılmaz cavablardan yorulmadan Vaqif müəllimdən birinci müavinin Tariel Zeynalovun telefon nömrəsini istəyirik: 323-10-55. Dəfələrlə zəng vururuq, dəstəyi qaldıran tapılmır. Yenidən növbətçiyə üz tuturuq. Cavab: sualınıza telefonla cavab ala bilmirsinizsə gəlin dərdinizi burada deyin. Sonra tabel siyahısına baxıb birinci müavinin iş nömrəsini bir neçə dəfə təkrarlamaqla rəqəm-rəqəm söyləyir: 422-10-30. Nömrəni yığırıq:
– Alo, salam.
– Salam.
Bir xanım dəstəyi götürür. Düşünürük ki, yəqin Tariel müəllimin katibəsidir.
– Nizami Rayon İcra Hakimiyyətidir?
– Bəli, buyurun.
Nə üçün zəng etdiyimizi, hansı suallara cavab almaq istədiyimizi deyirik. Buna qədər təxminən üç dəqiqəyə yaxın telefonda danışırıq. Bizə verilən cavab isə çox qısa olur:
– Bağışlayın, bura gözəllik salonudur.
– Axı dediniz ki… (dud-dud-dud)
Həmin nömrəni yenidən yığırıq. Deyir ki, bəli, “Buta” gözəllik salonudur. “Qara Qarayev”də yerləşir. Yenidən növbətçi ilə əlaqə saxlayıb – verdiyiniz nömrə gözəllik salonu çıxdı, xahiş edirik yenidən baxın, bəlkə rəqəmlərdə səhvlik olub? – deyə soruşuruq.
– Qardaş səhv ola bilməz, 422-10-30. Burada icra başçısının birinci müavininin adı və otaq nömrəsi yazılıb.
Tariel Zeynalovun – birinci müavinin mobil telefonunu istəyirik. Yoxdur – olsa da verə bilmərik- cavabını alırıq.
Beləcə bir nömrənin izi ilə Nizami Rayon İcra Hakimiyyətindən çıxdığımız yola, “Buta” gözəllik salonunda nəticəsiz nöqtə qoyduq. Maraqlıdır ki, özünü gözəllik salonunun işçisi kimi təqdim edən xanım da – bura Nizami Rayon İcra Hakimiyyətidir?- sualımıza “bəli” demişdi.
Naxçıvani 50 ünvanındakı sakinlər də bizdən icra hakimiyyətinin laqeydliyinə əncam çəkməyimizi gözləyirlər. Üzümü həmin şikayətçilərə tutub deyirəm, növbəti ərizənizi “Buta” gözəllik salonuna yazın. Deyin ki, yaşıllığı məhv edirlər. Ünvanı istəyirsiniz? – “Qara Qarayev”də yerləşir. İcra Hakimiyyətindən verilən nömrəni yığarkən dəstəyin o başındakı xanım belə demişdi…
İnterpress.az