Ağır Söhbət – Sabir Rüstəmxanlı iləbackend

Ağır Söhbət – Sabir Rüstəmxanlı ilə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

-Urmiyədə pantürkist ittihamı ilə 26 soydaşımız eyni anda məhkəməyə cəlb edilib. Bunu İranın soydaşlarımıza qarşı kütləvi cəza metodundan istifadəsi kimi qiymətləndirə bilərikmi?

-Səbəb türklərin güclu olması, İranın sahibi olmalarındadır. Min il İranın başında dayanan türklər olub. Eradan əvvəl də, Əhəmənilərə, Sasanilərə qədər də Güney Azərbaycanda, indiki İran ərazisindətürklər hər zaman aparıcı millət olub. Adları fərqli olsa da genetik və mədəniyyət olaraq türklüyün daşıyıcıları olublar. Arada qısa müddətlik fars adına Persiya imperatorluğu yaransa da, bu imperatorluq təmiz fars olmayıb. Sonra yenə minilliyin əvvəlində türklər hakimiyyətə gəlib, min il İranın sahibi olublar, amma onlar heçvaxt İranda yaşayan digər xalqların nə dilinə, nə də mədəniyyətinə toxunublar. Farslara hər cür şərait yaradılıb, hətta ziyalılarımız farsca yazıblar. Müəyyən mənada saray yazışmaları və idarəçiliyi də fars dilində farslar tərəfindən icra olunub. Yəni farslar öz mədəniyyətlərini rahat inkişaf etdiriblər, şair və yaradıcı insanlarını yetişdiriblər. Onlara maneə törədilməyib. Sonralar türk dünyasını parçalamaq niyyətiylə həyata keçirilən və kökündə ingilis siyasəti dayanan bir proses İranda farsları hakimiyyətə gətirdi. Pəhləvilər rejimi quruldu, lakin bu da çox sürmədi. Bu rejim tez çökdü.

Baxmayaraq ki, türklərə dözümsüzlük var, amma indinin özündə belə hakimiyyətdə türkəsilli olanlar var. Onlar əslən türk olsalar da, fars şovinist siyasətinə xidmət edirlər. Əslində indi İranda şiə qardaşlığı adı altında başqa millətləri əzmək, assimiliyasiya etmək prosesi gedir.Bu barədə bizim İran yetkililəri və vəzifə sahibləri ilə çox söhbətlərimiz olub.Hətta vaxtiylə burdakı səfirlərlə də söhbət etmişik.Dəfələrlə dilə gətirmişəm.Necə olur ki, xristian olan ermənilərə öz dilində oxumaq haqqı tanıyırsıniz, amma türkə bu haqqı vermirsiniz? Onlar bəsit bir məntiqlə cavab verirlər və əsaslandırırlar ki, guya onlar dini azlıqdır, amma türklər dini azlıq deyil. Biz şiə qardaşıyıq. Bu məntiqlə yanaşsaq onda mən də sual verirəm:biz də öz haqlarımıza nail olmaq üçün şiəlikdən imtina etməliyik?Biz də ayrı bir din qəbul etməliyik? Bu düşüncə əslində İranda dini dayaqları sarsıtmağa xidmət edir və insanları öz biət etdikləri dindən uzaqlaşdırır.Yəni dinlər əslində ikinci mərhələdir.İlk əvvəl bir millətin milli kimliyi və mənsubiyyətidir, daha sonra onun dini kimliyi və mənsubiyyəti. Millətlər öz milli kimliklərini dini kimliyə qurban verə bilməz.Tarix bunu dəfələrlə göstərib.Ona görə də əgər milli kimliklə dini kimlik üzləşərsə xalq dini kimlikdən imtina edə bilər, amma milli kimlikdən imtina etməz.İran tarixində müxtəlif prezidentlər gəlib-gedib, amma İran rejimi dəyişmir.Bu gün müxtəlif vədlərlə ortaya çıxan və Avropaya özünü nisbətən demokrat, liberal təqdim edən İran prezidenti əvvəlkilərdən heçnə ilə fərqlənmir. İllərdir azərbaycanlılara yalandan məktəb açmaq, öz dillərinin tətbiqi və təhsil vədləri verilsə də, heçnə olmayacaq. Getdikcə orda yaşayan azərbaycanlıların beyni farslaşdırılır.

Ağır Söhbət - Sabir Rüstəmxanlı ilə

-Sizcə bütün bunlar türk xofudur?

-Kimsə bunu İranın bütövlüyünü saxlamaq kimi qiymətləndirə bilər, amma əslində bütün bunların arxasında əlbəttə ki, türkdən qorxu və türk xofu dayanır. Amma tarixi unutmasınlar ki, İranda yalnız türklərin vaxtında millətlər rahat yaşayıblar, nisbətən demokratik sistemlər qurulub, insan haqları qorunub. Millətlərin nə dilinə, nə də dininə təzyiq göstərilib. Fars rejimi isə bunun əksini edib. 1945-1946 ci ildə İranda bir illik milli hökümət yaranmışdı. Bu hökümət İranda çağdaş Avropa dəyərləri səviyyəsində quruculuq işi apardı. Filarmoniya, teatr, universitet, mətbuat və hatta azsaylı xalqların da bu cəhətdən hüquqlarını tanıdı.Amma indiki İran rejimi 35 milyon xalqın ana dildə təhsil almasına mane olur. Bəs bu qorxu deyil, nədir? Avropada, BMT – də, Amerikada da bu haqda söhbətlərimiz olub. Orda inanmırlar ki, bu qədər insanın öz ana dilində oxumaq imkanı yoxdur. Tutaq ki, İran bu say ilə razı deyil və müxtəlif vaxtlarda bu sayı az göstərir. Tutaq ki, 35 milyon deyil, 1 milyon olsun. Əgər 1 milyon türk varsa, o zaman bu insanlara da öz ana dilində təhsil hüququ verilməlidir. Azərbaycanda yaşayan azsaylı xalqlarda bu məhdudiyyət yoxdur. Kim istəyirsə öz ana dilində oxuya bilər.

Ağır Söhbət - Sabir Rüstəmxanlı ilə

-Bu gün Türkiyə sərhədləri içərisində yaşayan kürdlərin sayı heç o qədər deyil, amma onlar Türkiyədən ana dilində təhsil və digər hüquqlar istəyir, Türkiyədə konkret addımlar atıb.

-Bəli, Türkiyədə kürd dilində yayımlanan televiziyalar var, ana dillərində təhsil verən məktəblər açırlar və açacaqlar. Buna normal baxmaq lazımdır.

Ağır Söhbət - Sabir Rüstəmxanlı ilə

-Amma Türkiyədə türklərin bir çoxu buna qarşı çıxır və Türkiyənin bütünlüyü üçün təhlükə kimi görür.

-Mən belə düşünmürəm. Rusiyanın özündə də vaxtiylə quberniya sistemindən imtina edildi. Mədəni muxtariyyət və mədəni sərhədlər çərçivəsində müəyyən yalnışlıqlar olsa da, xırda dövlətlərin muxtar vilayətlərinin qurulması şərait yaratdı ki, hərkəs öz ana dilində təhsil alsın, oxusun. Rusiyanı indiyə kimi ayaqda saxlayan bu kiçik dövlətlərin hərəsinin özünü sərbəst hissetməsidir. Yəni özünün milli kimliyini qoruyur və dözür hakimiyyətə. Ona görə də Türkiyədə hansısa azsaylılara müəyyən haqların verilməsi Türkiyə dövləti üçün təhlükə yaratmayacaq. Əksinə, Türkiyəni daha da möhkəmləndirəcək.Və İranda da bu haqlar bütövlüyə təhlükə deyil. Əslində İrandakı bütövlüyə əsl təhlükə onların indiki siyasətidir.Bu siyasətə əslində heçkimin müdaxiləsi lazım deyil. İranın bu siyasəti davam edərsə, o yerə gəlib çıxacaq ki, İranda milli-azadlıq hərəkatı başlayacaq və İran məcburən bugünkü sistemdən imtina etmək məcburiyyətində qalacaq. İranın ən böyük faciələrindən biri də odur ki, heçbir etnik coğrafiya əsasında qurulmayıb. İran zorakılıqla xəritə çəkib və İranın xəritəsi neçə xalqın ürəyinin başından keçir. Ordakı xalqların çoxu bölünüb. Azərbaycan bölünüb, ərəblər, kürdlər, türkmənlər, bəluçlar bölünüb. Hamısının yarısı İranda, yarısı kənarda. Belə zəfər olmaz. Bu millətlər ayrılığa dözə bilməz. Günün birində hərkəs haqqını tələb edəcək və deyəcək ki, mənim öz coğrafiyamda müstəqil yaşamaq haqqım var. Bu, İranın gələcəyini ədalətli çözümə doğru aparacaq.

Ağır Söhbət - Sabir Rüstəmxanlı ilə

-Sabir bəy, səzə elə gəlmir ki, son zamanlar cənub məsələsi ilə bağlı susqunluq var. Sanki problem unudulub. Sizcə bu susqunluq nə ilə bağlıdır?

-Bu şübhəsiz ki, İran ilə Azərbaycanın rəsmi dairələrinin anlaşmasının nəticəsidir. Bölgədə balanslı siyasət aparılır və istəmirlər ki, qonşularla münasibətlər pozulsun. Bunu başa düşürük, amma bu, bizim milli taleyimizi unutmağımıza və öz soydaşlarımıza bu qədər biganə yanaşmağımıza səbəb olmamalıdır. Mənə bəlli olduğuna görə, İrandakı problemlər mümkün qədər Azərbaycanda dilə gətirilməyəcək. Mən bunu Dünya Azərbaycanlıları Konqresinə münasibətdən görürəm. Mümkün qədər bu konqresin fəaliyyəti məhdudlaşdırılır. Ordan gələn soydaşlarımıza da oturum haqqı tanınmır, vətəndaşlıq verilmir. Hətta burda ailə quranlar var ki, qanunlarımızla onlar burda vətəndaşlıq almalıdırlar, bu haqları belə tanınmır. İllərlə burda yaşayanlar var, təhsil alıblar, işləyirlər, ailə qurub, uşaq sahibidirlər, amma yenə də haqları tanınmır. Nəticədə də çoxu xaricə üz tütur. Əslində heçkim doğma torpağından getmək istəmir, amma haqlardan məhrum olanda məcburən xaricə üz tuturlar. Orda da BMT-nin Qaçqınlarla iş Komissiyası və yaxud burda miqrantlarla məşğul olan idarələri azərbaycanlılara çox biganədir. Başqa millətlərdən olanlara Avropada çox tezliklə getməyə yer tapırlar, amma azərbaycanlılar taleyin ümidinə qalır. Qəribədir, dünyanın başqa yerlərində də bizim taleyimizə biganədirlər, öz ölkəmizdə də bu biganəliyin şahidiyik. Qanunlarımızda Azərbaycandan kənarda yaşayan soydaşlarımıza müəyyən hüquqlar tanınır, amma İrandan gəlmiş bir nəfər azərbaycanlı uşaq pulsuz oxuya bilmir, hətta onlara da dil bilməyən xaricilər kimi yanaşırıq və hazırlıq kursundan keçməyə məcbur edirik. Halbuki, bu dil onun ana dilidir. Bundan başqa bir çoxu burda oxusa da, diplomları İranda tanınmır. Belə ağır, həllini tapmamış problemlər var. Bunun hamısı İranla münasibətləri pozmamaq üçündür, amma İran ikili siyasət yürüdür. Bizlə bu şəkildə, ermənilərlə başqa şəkildə danışır. Bizimlə güya xoş münasibətdədir, amma digər tərəfdən bizə düşmən olan Ermənistana da yardımından qətiyyən əl çəkmir. Gecə-gündüz Ermənistana yanacaq daşınır, qaz, elektrik və bir çox birgə layihələr həyata keçirilir. Açıq – aşkar ermənipərəst mövqeyini göstərən yazılar dərc olunur, İranda azərbaycanlıları təhqir edən karikaturalardan tutmuş əleyhimizə olan televiziya kanalları da fəaliyyət göstərir. Onlar siyasətlərində öz “düşmənçiliyini” davam etdirir, biz isə daha mülayim, bəzən də itaətkar siyasət aparırıq. İran Azərbaycanın sərhədlərində gəncləri narkotik maddələrlə zəhərləməyə davam etməkdən əl çəkməyib, İran burda dini siyasiləşdirmək yolu ilə azərbaycanlıların beynini yumaq və əhalini öz tərəfinə çəkməklə məşğuldur. Guya İran tibbi çox inkişaf edib deyə İranın təbliğatı aparılır. Burdan gedənlərə hərcür üsullarla təsir göstərməyə çalışırlar və mümkün qədər əlində olan imkanlardan istifadə edir ki, Azərbaycanı laik, dünyəvi dövlətlilikdən çıxarıb öz gününə salsın.

Ağır Söhbət - Sabir Rüstəmxanlı ilə

-Ordaki soydaşlarımız əslində məhrum edilib. Bütün bu güzəştlər nəticəsində ordan gəlmək istəyən insanların əslində yolları bağlanır, məhkum edilirlər. Ya məcburən İran, ya da Azərbaycandan başqa bir ölkə.Təki Azərbaycan olmasın.

-Bəli, ona görə də İrandan Ermənistana üz tuturlar. Bura gələndə əziyyətlə qarşılaşırlar, gedəndə isə İran kəşfiyyat dairələri də onlara hər cür əziyyəti verir, sorğu-suala tutur. Ona görə də camaat gəlib məhkum olmaq istəmir.

-Gələk Azərbaycan siyasətinə. Son zamanlar müxalif partiyalar arasında ciddi problemler var. Müsavatın içində və Müsavatla AXCP arasında. Müsavatda və digər müxalif partiyalarda nələr baş verir?

-Əslində mən bu haqda çox danışmaq, eyni zamanda qarışmaq da istəmirəm. Hər partiya öz taleyini yaşayır. Bəzilərinə“Nə tökərsən aşına, o da çıxar qaşığına” deyirəm. Müəyyən partiyalar var ki, vaxtiylə digər partiyalara qarşı inkarçılıq mövqeyində dururdular. Başqa partiyaların parçalanmağına və zəiflədilməsinə çalışırdılar. İndi də həmin taleyi özləri yaşayırlar. Əlbəttə, bu arzuolunmazdır. Müsavatçılıq Azərbaycan müstəqil dövlətçilik tarixinin mühim bir ideologiyasıdır. Və o, Azərbaycanda daimi yaşayacaq. O adı daşıyan partiyanın indiki taleyi isə ayrı məsələdir. Bunu müsavatçılıqla qarışdırmaq lazım deyil. Hər halda həm Müsavat, həm də AXCP – nin sıralarında bir xeyli dəyərli insanlar var. Bunlar çiyin – çiyinə dayanmaqdansa üz-üzə dayananda bu ölkə üçün arzuolunmaz şərait yaradır. Mən sadəcə müxalif partiyalar arasında əlaqə və ünsiyyətin tərəfdarı deyiləm, mən həm də iqtidar-müxalifət dialoqunun tərəfdarıyam.İqtidar-müxalifət arasında anlaşmanın tərəfdarıyam. Hərçənd ki, iqtidar bu anlaşmaya səmimi yanaşmır, sanki görüntü yaradır.

Ağır Söhbət - Sabir Rüstəmxanlı ilə

-Bu yaxınlarda belə bir iqtidar-müxalifət dialoqu oldu axı…

-Görüş oldu, amma ardınca biabırçı şəkildə bələdiyyə seçkiləri keçirildi. Bələdiyyə seçkilərində heçolmasa müəyyən bir hissəsinin sərbəst seçilməsinə şərait yaratmaq lazımdır. Bu millətə hörmət etmək lazımdır. Bu millət hissetsin ki, onun rəyinə və səsinə ehtiyac var. Millət görəndə ki, onun səsinə ehtiyac yoxdur, hərşey ondan kənarda həllolunur, bu dövlətə və iqtidara hörməti itib gedər. Bunu edənlər bu iqtidarın taleyini düşünməyən adamlardır. Bunu edən adamlar nə prezidentə, nə də öz oturduqları kürsüyə hörmət edir. Heç dövlətçiliyə də hörmət etmirlər. Bu, sadə bir bələdiyyə seçkisidir. Onsuz da məhdud hüquqları var bələdiyyələrin. Bir şərait yaradın ki, hər kənd, hər qəsəbə öz bələdiyyə namizədini seçsin. Müxalifətə çox məhdud yer ayrılır, buna baxmayaraq yenə seçkidə ədalətsizlik olur. Azərbaycanda əlbəttə, kifayət qədər namuslu, millət üçün çalışan məmurlar da var. Amma eyni zamanda yerində olmayan məmurlar da var. Xüsusən rayon idarəçiliyində olan məmurlar qul itaətkarlığı ilə yuxarıdan deyilənləri bir az da kobud, bayağı şəkildə həyata keçirirlərsə, o zaman bu milləti nə hesab edirlər? Bələdiyyə seçkiləri məni bu mənada xeyli narahat elədi.Məncə məndən daha çox bu narahatçılığı indiki hakimiyyət orqanları keçirməlidir. Çünki bu onların taleyinə təsir göstərir. Mənim bu fikirlərimə kim necə yanaşır yanaşsın, amma mən bu millətin övladıyam və gedən prosesləri izləyirəm. Azərbaycanın içərisindəki bu əyriliklərlə gələcəyimiz o qədər də parlaq görünmür. Müxalifəti bu cür yox sayırlar. Elə təəssüf ki, müxalifət içində gedən proseslər də müxalifəti yox olmağa doğru aparır. Mən bütün bunlara təəssüflənirəm.Ən azı bütün bunları düşünmək lazımdır.Gələcəklə bağlı müəyyən qərarlar qəbul etmək lazımdır.

-2015-ci il parlament seçkiləri ilidir. Bütün bu olanlardan sonra müxalifətin vahid koalisiyada seçkilərə getməsi mümkündürmü?

-Mən ona inanmıram. Əvvəl də olub.“Gəlin yığışaq, bir blok olaq” deyiblər. Mən heçvaxt qoşulmamışam. Əvvəllər çox qoşulmuşam. Müxalifətin bir çox boyük bloklarının yaradıcılarından vəya təşəbbüskarlarından biri olmuşam. DUB, DUK, SİDSUH, DemKonqressdə – hamısında iştirak etmişəm. Amma sonda aradakı qeyri-səmimiliyi, yalanları, saxtakarlığı, bir-birinə badalaq gəlməyi görəndə dedim ki, artıq mən sakitcə öz işimi görəcəm. Zəifik, güclüyük, hər halda öz işimizi görürük. Buna da rəng verməyə çalışırlar. Guya biz iqtidaryönlü siyasi partiyayıq. Qətiyyən! Mən Azərbaycanyönlü bir partiyayam, dövlətyönlü partiyayam. Arzusunda olduğumuz bir dövlət qurmuşuq və onun qurucularından biri mənəm. Bu dövlətin taleyini düşünürəm, onun məsuliyyətini anlayıram.Təəssüf ki, bu məsuliyyəti nə müxalifətimizdə, nə də iqtidarımızın böyük bir hissəsində yetərincə düşünürlər. Atılan addımlar bəzən dövlətin gələcəyi üçün təhlükə yaradır.

-Müxalif partiyalara deyilən bir söz var – destruktiv. Bu, doğrudan da belədir? VHP hadisələrin harasındadır? Daha çox konstruktivdir?

-Mən hadisələrə real baxmağın tərəfdarıyam. Mən real düşünən müxalifət partiyasıyam. Gücləri də, qüvvələri də görürəm. Hansı məqamda nəyi etməyin mümkünlüyünü hesablamağa çalışıram.Bunu qətiyyən iqtidarla əməkdaşlıq kimi yozmaq olmaz, amma hətta əməkdaşlıq kimi yozsalar belə bəli, mən dövlətimizin mənafeyi naminə iqtidarımızla əməkdaşlıq etməyə hazıram.

-Son zamanlara VHP-nin sıralarına xeyli gənclər qatıldı. Bir müsahibənizdə də demişdiniz ki, real namizəd olsa mən yerimi ona verməyə hazıram. Belə bir namizəd görürsünüzmü, ya da bu namizəd gənclərdən biri ola bilərmi? Sizin yerinizə gələ biləcək real namizəd necə olmalıdır?

-Real namizəd partiyanın bütün üzvlərinin etimadını və inamını qazanmış bir adam olmalıdır. İçtimai-siyasi mühitdə az-çox tanınan və hörməti olan adam olmalıdır. Bəlkə də tanınması o qədər vacib deyil. Zamanla tanınar, amma partiya sədrliyinə layiq, xarizma sahibi biri olmalıdır. Əlbəttə, yerini kiməsə vermək, bu biraz çətindir və görünür mən də elə bu xəstəlikdən tam xilas ola bilməmişəm. Hər zaman insanlar elə bilirlər ki, əvəzolunmazdırlar.Əlbəttə, insanlar müəyyən mənada əvəzolunmazdır. İkinci bir Sabir Rüstəmxanlı tapıb oturtmaq mümkün deyil, amma bir lider ola bilər.

-VHP-ni qurarkən gözləntiləriniz nə idi və nələrə nail oldunuz?

-Gözləntimiz böyük olub, amma çox cüzi bir hissəsinə nail olmuşuq. Gözlənti təkcə partiya ilə bağlı deyil. Gözlənti Azərbaycanın taleyi ilə bağlıdır.Torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanda korrupsiyanın, əyriliyin kökünün kəsilməsi, ədalətli bir sistemin qurulması, Azərbaycanda insanların rahat yaşaya bilməsi, özünü öz torpağının sahibi kimi hissedəbilməsidir. İnsanlar hər qapısını açdığı dövlət orqanlarında haqsızlıqla qarşılaşanda onun günü cəhənnəmə çevrilər. Şəxsi iddialarım artıq arxada qalıb. Zamanında prezidentliyə namizəd də olmuşam, 25 ilə yaxınlaşır ki, millət vəkiliyəm. Eyni zamanda da yaradıcı adam kimi bu ölkədə millətinin arasında nə qədər şöhrət, hörmət qazanmaq mümkündürsə, onu qazanmışam. Mən də nazir olmuşam, amma o nazirlərdən olmamışam. Mənim o qədər varım-dövlətim olmayıb.Və yaxud digər millət vəkilləri kimi biznes layihələrim yoxdur. Mən harama əl qoymamışam. Azərbaycanda indikilər kimi dövlətin hesabına varlanmaq haqqında düşünməmişəm. Qismətim, əmək haqqım nədirsə, onunla kifayətlənmişəm. İndi mənim kimi adamlara biraz da fanatik kimi baxırlar, amma mən bu fanatikliklə qürur duyuram və çox rahatam, xoşbəxtəm.

Ağır Söhbət - Sabir Rüstəmxanlı ilə

-25 ildir ki, millət vəkilisiniz. Bəzən eşidirik, millət vəkilləri çıxışlarında siyasətdən gedəcəklərini deyirlər. Siz millət vəkilliyindən getməyi düşünmüsünüzmü? 2015 -ci ildə namizədliyinizi verəcəksinizmi?

-Məsələ burasındadır ki, mən yaşda bu həyat təcrübəsini keçən bir adamın tamamilə siyasətdən getməsi mümkün deyil. Millət vəkilliyindən gedməyi düşünürəm.Amma siyasətdən tamamilə getmək barədə düşünmürəm. Evimdə oturub sadəcə yazılarımı da yaza bilərəm, amma istər – istəməz yazdıqlarımın əksəriyyəti siyasət olacaq. Başqa cür mümkün deyil. Bəlkə əksinə, bunların hər birindən imtina edəndən sonra ancaq yazı-pozu ilə məşğul olanda daha ciddi və bəlkə daha uzunömürlü siyasətlə məşğul olacam. Çünki, mən elə gəncliyimdə də sovet rejiminin içindən keçib gələn, amma milli siyasətlə dirçəlişə xidmət edən adam olmuşam. Romanlarım, şeirlərim siyasətdən kənar deyil. Yəqin bundan sonra da elə olacaq. Amma millət vəkilliyindən getmək haqqında düşünürəm. İçimdə buna bir ehtiyac duyuram. Ürəyimdə olan bir çox yazmaq istədiklərim var, onlara vaxt ayırmalıyam. Başqalarına da yol açılmalıdır.Yeni bir nəsil gəlməlidir.

-Azadlıq radiosunun bağlanması ilə bağlı fikirləriniz nədir?

-Mən düşünürəm ki, bu cür azad söz iddiasında olan beynəlxalq mətbuatın fəaliyyətindən qorxmaq lazım deyil. Əksinə, onların fəaliyyəti imkan yaradır ki, işimizdəki prosesləri izləyəsən və nöqsan hesab olunan şeyləri aradan qaldırasan. Bu cür mətbuat orqanlarının bağlanmasını əslində qəbul etmirəm, amma ciddi nəzarət olmaqla fəaliyyət göstərə bilərlər. Azadlıq radiosunun siyasi verilişlərini dinləmək imkanım olmurdu, amma bir neçə ədəbi verilişlərini dinləmişəm. Bilirəm ki, istedadlı jurnalistləri var. Bir Xədicəyə görə radionun bağlanması digər jurnalistlərin ən azından çörəklərindən olmasıdır. Azərbaycanın hələ müharibəsi bitməyib, hələ hərşey tam yerinə oturmayıb. Bu cür beynəlxalq mətbuat şəbəkələrinin maliyyə qaynağı, məqsədləri, nəyə xidmət edirlər – bunlar yaxşı araşdırılmalıdır. Əgər evin içində oturub açıq-aşkar təxribatla məşğul olurlarsa o zaman belə mətbual orqanlarına ehtiyac yoxdur.

Ağır Söhbət - Sabir Rüstəmxanlı ilə

-Gələk bizi ən çox narahat edən məsələlərdən birinə. 24 aprel 1915-ci il sözdə erməni soyqırım iddialarına. 2015-ci ilin aprelində iddiaların 100 illiyidir.Mətbuatdan da izlədiyimiz qədər buna çox yaxşı hazırlaşıblar.Bununla bağlı bizdə və Türkiyədə çox ciddi layihələr görmürük.Amma əvəzində başqa şeylər görürük.Məsələn, Türkiyənin indiki prezidenti, əvvəlki baş naziri Ərdoğan üzr istədi ermənilərdən, imza kampaniyaları keçirdilər.Düşünürlər ki, bu cür addımlar məhz sülhə, qonşuluq və xalqların dostluğuna xidmət edir və ermənilərin könlünü almaq üçün bir vasitədir.Amma ermənilər tam tərsi, Türkiyə nə edirsə etsin güzəştə getmir və özlərini bu məqamda daha da haqlı hesab edirlər.Güzəşt ikitərəfli olar, niyə hər zaman birtərəfli güzəşt gözlənilir?

-Mən bu məsələyə iki cür yanaşıram. 1. Məsələ ondan ibarətdir ki, Avropa ölkələrinin Türkiyəyə qarşı uzun illərdən bəri davam edən bir düşmənçiliyi var. Bu düşmənçiliyi müxtəlif vasitələrlə həyata keçirirlər. Avropa Birliyinə daxil olma yolunda qoyulan tələblərlə və müxtəlif açılımlar, həmçinin Orta Doğu projesi də bunun bir hissəsidir. Bu cür ideyalarla Türkiyənin mövcudluğunu təhlükə altına atırlar. Əslində Türkiyə anlamalıdır ki, nə edirsə etsin, ona qarşı olan düşmənçilikdən əl çəkməyəcəklər. Dünyanın bir çox ölkələri “erməni soyqırımı” deyilən bir hadisənin olmadığını çox gözəl bilir. Səhv etmirəmsə, Amerikanın keçmiş prezidenti Reyqanın ən yaxın məsləhətçisi açıq – aşkar yazıb ki, “erməni soyqırımı” deyilən birşey olmayıb, əksinə Anadoluda rus-erməni birlikləri tərəfindən iki milyon türk öldürülüb.“Erməni soyqırımı”nı qəbul etmək ağılsızlıqdır. Avropa arxivləri, Türkiyə arxivləri bunu göstərir, ermənilərsə arxivlərini açmaq istəmir. Yəni əslində hərkəs həqiqəti bilir, amma buna baxmayaraq yenə erməniləri müdafiə etməkdən əl çəkmirlər.

İşin 2-ci tərəfi isə Türkiyənin bu məsələyə yanaşmasındakı yanlış siyasətidir. Osmanlı dönəmində də, Türkiyə Cümhuriyyəti dönəmində də bu məsələyə heçvaxt ciddi yanaşmayıblar. Deyiblər ki, ermənilərdir də, danışırlar qoy danışsınlar. 30, 40-cı və bunun kimi neçə 10 illər havayı gedib. Bu illər ərzində ermənilər dayanmayıb. Yüzlərlə kitab yazıb, türklər buna cavab verməyiblər. İndi də Türkiyə hakimiyyətinin apardığı siyasəti səhv hesab edirəm. Sənin də dediyin kimi, elə bilirlər ki, Ermənistanla mehribanlıq, dostluq, get-gəl, bir yerdə futbol izləmək, sərhədləri açmaq guya Ermənistanı apardığı bu irticaçı və düşmən siyasətindən əl çəkdirəcək. Onların bu mövqeyinə hər zaman fransız aliminin sözü ilə cavab verirəm. O deyir ki, Azərbaycan da, Türkiyə də öz haqlı davalarında güzəştə getməməlidir və bir addım geri çəkilməməlidir. Bir addım geri çəkilsələr, ikinci addımı tələb edəcəklər.Türkiyə həmin dövrlə bağlı nə lazımdırsa etməlidir, filmlər çəkməli, elmi-tarixi yazılar yazmalıdır. Onlar da addım atmalıdır. Biz Xocalı soyqırımı ilə bağlı gördüyümüz işlər nəticəsində bunu bir çox dünya ölkələrinə qəbul etdirdik. Türkiyə də zəhmət çəksin bu həqiqətləri qoysun ortaya. Amma indiki vəziyyətə baxanda elə təəssürat bağışlayır ki, sanki Türkiyənin indiki hakimiyyətinin belə bir dərdi yoxdur. Elə bilir ki, hərşey diplomatiya ilə həllolunacaq. Bu, sadəcə diplomatik məsələ deyil, burda bütöv bir erməni diasporu var. Bunun üçün Türkiyə də Azərbaycan diasporu ilə bərabər fəaliyyətə keçməlidir.

-Mən görürəm ki, istər siyasətçilər, istərsə də içtimai xadimlər, sənətçilər erməni məsələsi ilə bağlı çox ehtiyatlı davranırlar və sanki söz deməyə çəkinirlər. Müxalif cəbhə bunu Türkiyə siyasətindəki türkçülük düşmənçıliyi ilə əlaqələndirir və bəşərilik prinsipi, sanki millətlərlə dostluq, ayrı-seçkilik salmamaq üçün millətlər məsələsinin ortaya atılmaması adı altında türk düşmənçiliyi ilə əlaqələndirirlər. Sizcə bu ehtiyatlılığın səbəbi nədir?

-Bu,səhv siyasətdir. Türkiyənin bu barədə apardığı siyasəti qəbul etmirəm və narazılığım var. İqtisadi cəhətdən müəyyən uğurlar var, amma bu ayrı məsələdir. Yeni Osmançılıq boş bir xülyadır. Əgər Osmançılıq Türkiyəni xilas etsəydi 3 qitədə mövcud olan Osmanlı dağılmazdı. O vaxt da Osmanlını açılımlar dağıtdı. Balkan açılımı, bolqar açılımı, yunan açılımı, ərəb açılımı oldu. Diqqət edin, terminlər də eynidir. İndi yenidən Türkiyədə kürd açılımı və nələrsə ortaya atıblar. Bunlar hamısı tarixdən nəticə çıxartmamaqdır.

Ağır Söhbət - Sabir Rüstəmxanlı ilə

Ramal HÜSEYNOV
İnterpress.az