Qarabağda gedən döyüşlərdə ayağını itirmiş qaziyə dövlət tərəfindən veriləcək ev Ucar rayonunda vəzifəli şəxs tərəfindən başqasına satılıb.
Bu barədə İnterpress.az-a Ucar rayonu Qaracallı kənd sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Qasımov Şöhrət Mülkədar oğlu deyib. O bildirib ki, hazırda ailəsi ilə birlikdə daxmada yaşayır. Onun sözlərinə görə, yağışda onun yaşadığı evi su basır və buna görə də qışı xəstəliklə keçirirlər:
\”Qarabağımızın azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb sağ ayağımı itirib 2-ci qrup əlil olmuşam. Mən bununla fəxr edirəm. Biz elə bir acınacaqlı şəraitdə yaşayırıq ki, bu mənzərəni gözləri ilə görən hər bir azərbaycanlı dəhşətə gələr. Bəlkə də Azərbaycan Respublikasında ikinci belə şəraitsiz və təhlükəli vəziyyətdə olan ev yoxdur ki, mənim ailəm yaşayır. Mənim ailəmin yaşadığı yerə ev yox, daha doğrusu, qamışdan düzəldilmiş tövlə demək olar. Yağışda-qarda yaşadığımız daxmanı su basır. Yayda istidən yaşamaq olmur\”.
Qarabağ əlili deyir ki, 2009-cu ildən ev növbəsində olsa da, ona veriləcək ev rayondakı vəzifəli şəxs tərəfindən başqasına satılıb: \”2009-cu il tarixdən ev növbəsindəyik. Ancaq mənim mənzil növbəmin yerini qanunsuz olaraq rüşvət alıb dəyişdirib geri yazıblar. Mənim növbəmin yerini başqa şəxsə pul alıb yazıb ona ev inşa ediblər. Bunu edən vəzifəli şəxsin maddi maraqlarına görə bu gün mənim ailəm çıxılmaz acınacaqlı bir vəziyyətdə yaşayır. Qarabağ müharibəsi əlilinin yaşadığı evi gəlib gözləri ilə görən olsa dəhşətə gələcək. Mənim ev növbəmin yerini dəyişdirib satan vəzifəli şəxs mütləq cinayət məsuliyyətinə cəlb edilməlidir ki, daxmada ağır şəraitdə yaşayan azyaşlı uşaqlara qarşı bir vəhşilik edib\”.
Səid Qərib
İnterpress.az