\”Azərbaycan elminin inkişafı, yüksəlməsi və möhkəm təməl üzərində qurulması üçün növbəti 5 il ərzində var gücümlə çalışacağam\”.
İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iyunun 8-də yenidən AMEA-ya prezidenti seçilən akademik Akif Əlizadə gələcək islahatlardan danışarkən deyib.
Onun sözlərinə görə, ilk növbədə dayanıqlı Avropa layihələrində Azərbaycan alimləri iştirak etməlidir: \”Bu layihələrdə alimlərin çıxışı dünya fundamental elminin ön sıralarında iştiraka zəmin yaradır. Düşünürəm ki, XXI əsr fiziklərin, riyaziyyatçıların əsridir. Təbii ki, onlarsız elm inkişaf edə bilməz. XXI əsr həm də biologiya elminin inkişafı əsridir. AMEA-da biologiya istiqaməti ilə bağlı olan sahələr də öz inkişafını tapmalıdır. Biz innovativ texnologiyaları daha da inkişaf etdirmək istəyirik\”.
Akademik əlavə edib ki, növbəti islahatlar multidisiplinar əlaqələri və elmləri inkişaf etdirməlidir: \”Elmi yeniliklərə nail ola bilərik. XXI əsrin özünün çağırışları var və həmin çağırışlara cavab vermək lazımdır. Bunun üçün isə gənc kadrlar hazırlanmalıdır\”.
A.Əlizadə qeyd edib ki, akademiya universitetin yaradılması da prioritetlərdəndir: \”Sosial baxımdan da tədbirlərimiz var. Bu sahədə işlər başlanğıc ərəfəsindədir\”.
İnterpress.az