Bakıda yol polisi qanunla icazə verilmiş yerdə avtomobilini parkladığına görə sürücüyə qarşı cərimə tətbiq edib.
İnterpress.az xəbər verir ki, qeyri-adi hadisə Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Rəsul Rza küçəsində çoxsaylı avtomobillərin parklandığını görən sürücü öz nəqliyyat vasitələrini həmin avtomobillərin yanında park edib. Amma parklanma nişanının qoyulduğu yerdə avtomobilini saxlaması sürücüyə baha başa gəlib.
Sürücü avtomobilinə yaxınlaşan zaman sürprizlə qarşılaşıb. Sürücü DYP əməkdaşı tərəfindən nəqliyyat vasitəsinin ön şüşəsinə qoyduğu cərimə protokolu ilə qarşılaşdıqda təəccüblənib. Cərimə onun avtomobilini sözügedən ərazidə park etdiyinə görə tətbiq olunub. Ən maraqlısı odur ki, Rəsul Rza küçəsi boyunca parklanan digər avtomobillərin heç birisi yol polisinin heç bir cərimə tətbiqinə tuş gəlməyib.
Qeyd edək ki, DYP Azərbaycanda vətəndaşların narazılığına səbəb olan dövlət qurumlarından biridir. DYP əməkdaşları isə ölkədə ən çox tənqid olunan dövlət işçiləridir.
Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovdur. R.Zeynalov 1994-cü ildən bu vəzifədə çalışır. Amma 24 ildir bir vəzifədə çalışan generalın işçilərinin özbaşınalığı gündən-günə artmağa doğru gedir.
Məlumat üçün qeyd edək ki, R.Zeynalovun qardaşı Tofiq Zeynalov bir neçə gün bundan öncə yarıtmaz işlərinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
İnterpress.az