Qarabağ şəhidinin oğlu Rusiyada şərlənərək həbs olunubbackend

Qarabağ şəhidinin oğlu Rusiyada şərlənərək həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda gedən döyüşlərdə şəhid olmuş Həmid İbrahimovun oğlu Rusiyada həbs olunub.

Bu barədə İnterpress.az-a şəhidin yaxınları məlumat verib. Bildirilib ki, üç uşaq atası Fazil İbrahimov Rusiya Federasiyasının Tver vilayətində həbs olunub.

O, terror hadisələri törətməyə cəhd etməkdə və terrorizmlə əlaqəli olmaqda ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilib.

Yaxınlarının sözlərinə görə, Tver vilayətində yaşayan ermənilərə yaxın azərbaycanlılar F.İbrahimovun həbs olunmasında yardımçı olublar:

\”Fazilin üç uşağı atasız qalıb. Şərləyərək tutdular onu. Ən pisi də odur ki, o, köməksiz qaldı və bəzi azərbaycanlılar onun həbs olunması üçün əllərindən gələni edirdilər. Çünki həmin azərbaycanlılar burada ermənilərlə qohumluq və dostluq münasibətləri qurublar. Onların xahişi ilə təzyiqlərini davam etdilər\”.

Məlumatda deyilir ki, istintaq zamanı Tver vilayətindəki Azərbaycan diaspor təşkilatlarının nümayəndələri F.İbrahimovu aldadıb, ona hədə-qorxu gələrək sənədlərdə cinayəti törətməkdə günahkar olduğuna dair imza atmağa məcbur ediblər. Bununla yanaşı, azərbaycanlı diaspor nümayəndələri məhkəmədə şahid qismində çıxış edib şər və böhtan xarakterli ifadələr verərək F.İbrahimovun həbs olunmasını tələb ediblər.

Məlumatda deyilir ki, azərbaycanlı diaspor nümayəndələrinin Fazilə qarşı çıxmasının səbəbi isə Tver vilayətində yaşayan oliqarx ermənilərin və onların kriminal avtoritet yaxınlarının təzyiq etmələri olub.

Əsassız ittihamlarla həbs olunduğu deyilən şəhid oğlu Nijni-Novqorod vilayətində 6 saylı Cəza Çəkmə Müəssəsində məhbus həyatı yaşayır. Onun hüquqlarını Rusiyada və MDB dövlətlərində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəçisi kimi tanınan Yaşar Göyçəli müdafiə edir.

Qeyd edək ki, Fazil İbrahimov Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Həmid İbrahimovun oğludur.

İnterpress.az