Azərbaycan niyə qaranlığa qərq oldu? – Gecənin analizibackend

Azərbaycan niyə qaranlığa qərq oldu? – Gecənin analizi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 2-dən 3-ə keçən gecə Mingəçevir şəhərində yerləşən \”Azərbaycan\” İES-də baş vermiş qəza bütün Azərbaycanı qaranlığa qərq etdi.

İnterpress.az xəbər verir ki, ilkin ehtimala görə, İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində elektrik enerjinin ötürülməsi prosesi dayanıb və nəticədə Azərbaycan işıqsız qalıb. Bununla yanaşı məlumat yayıldı ki, Mingəçevir şəhərində yerləşən \”Azərbaycan\” İES-nin yarımstansiyasında qəza nəticəsində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və təcili tibbi yarım xidmətinin əməkdaşları cəlb olunub. Yanğın son anda söndürülüb.

Daha sonra \”Azərenerji\” ASC Bakı və ölkənin digər rayon və şəhərlərinin elektrik enerjsi ilə təchizatında fasilənin yaranmasına gətirib çıxaran qəzanın ilkin səbəbləri haqqında məlumat yayıb. Bildirilib ki, \”Azərbaycan\” İES-in tərkibinə daxil olan yarımstansiyalardan birində qəzanın baş verməsinə son günlər havaların kəskin isti keçməsi səbəb olub. Eyni zamanda, qəzanın yarımstansiyanın soyutma sistemlərində yaranan nasazlıqla əlaqədar olduğu müəyyən edilib. Havaların kəskin isti keçməsi həmin soyutma sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə qəza baş verib.

Çox keçmədi ki, elə gecə saatlarında Azərbaycanda həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edildi. Bununla yanaşı, ölkə ərazisində baş verən gözlənilməz qəza birbaşa Azərbaycan Respublikasının Prezidentinin nəzarətinə götürüldü.

Qəza baş verəndən iki saat sonra Azərbaycan Energetika Nazirliyi və \”Azərenerji\” ASC ölkə ərazisinin elektrik enerjisində yaranmış fasilə ilə bağlı birgə operativ məlumat yayıb.Məlumatda qeyd olunur ki, bir neçə gündür havaların normadan artıq isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib. İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub.

Baş vermiş qəzanın çox ciddi fəsadları olmasa da, ölkədə müxtəlif sahələrdə fasilələr müşahidə olundu. Belə ki, qəza nəticəsində Bakı metrosu bir müddətlik fəaliyyətini dayandırsa da, sonradan tədricən bütün xəttlər üzrə fəaliyyətini davam etdirməyə başlayıb. Eyni zamanda, ölkə yollarında işıqforların fəaliyyətini itirməsi nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi rejimə keçdi. Hazırda ölkə yollarında işıqforların tam işlək vəziyyətə gətirilməsi təmin edilib.

Elektrik enerjisinin təchizatında baş vermiş fasilələr xəstəxanaların generatorlar vasitəsilə işıqlandırılmasına səbəb oldu. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.

Baş vermiş qəzadan sonra \”Azərenerji\” ASC-nin sədri Etibar Pirverdiyev qurumun Dispetçer Mərkəzinə gələrək iclas keçirib və qonşu ölkələrdən elektrik enerjisi almaq barədə müzakirələr aparıb. Bildirilib ki, \”Azərenerji\” ASC Gürcüstan və Rusiya tərəfi ilə enerji mübadiləsinin aparılması və qəzanın nəticələri aradan qaldırılanadək respublikanın elektrik enerjisi ilə təmin edilməsi istiqamətində danışıqlar aparır.

Mingəçevir şəhərində yerləşən \”Azərbaycan\” İES-də baş vermiş qəza su təchizatında da problemlər yaradıb. Kür və Ceyranbatandakı sutəmizləyici qurğularda suyun təmizlənməsi və ötürülməsi dayanıb. Bu barədə \”Azərsu\” ASC-nin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Həmçinin bildirilib ki, gün ərzində suyun verilişi tam bərpa ediləcək.

Eyni zamanda, məlum qəza Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilən aviareyslərdə gecikməyə səbəb olub. Gecikmələr \”Azərbaycan Hava Yolları\” QSC-yə (AZAL) məxsus Bakı-Naxçıvan və Bakı-Berlin, \”Buta Airways\”ə məxsus Bakı-İstanbul, \”Türk Hava Yolları\”na məxsus Bakı-İstanbul, \”Ukrayna Beynəlxalq Hava Yolları\”na məxsus Bakı-Kiyev, \”UTair\”ə məxus Bakı-Moksva, \”Gulf Air\”ə məxsus Bakı-Manama aviareyslərində qeydə alınıb.

Qəza nəticəsində bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində də gecikmələr qeydə alınıb. İlk öncə, “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda deyilirdi ki, bu gün Bakı-Suqmayıt sərnişin qatarının hərəkəti dayandırılıb. Amma sonradan bütün stansiyalara sərnişinq atarlarının hərəkətinin bərpa olunduğu bildirilib.

\”Azərişıq\” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, gərgin əmək nəticəsində paytaxt Bakı 100%, Azərbaycanın regionları isə 80% elektrik enerjisi ilə təchiz olunub. Məlumatda deyilir ki, Respublika üzrə bütün bölgələrdə və bütün hallarda bu problem aradan qaldırılacaq.

İnterpress.az