İnterpress.az xəbər verir ki, bu məlumatı Haqqin.az saytı yayıb. Şükürovun hazırda ürəyində problemləri olduğu üçün Almaniyada müalicə aldığı vurğulanıb.
Məlumatda Eldar Əzizovun Qüdrət Şükürovun səlahiyyətlərinin müvəqqəti icraçısı kimi Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər Təsərrüfatı Departamentinin rəhbəri Xalid Ələkbərovu təyin etdiyi bildirilib. Ələkbərov tezliklə lift təsərrüfatında genişmiqyaslı dəyişikliklərin olacağını açıqlayıb.
Qeyd edək ki, az öncə Bakı Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmri ilə Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad edilib.
İki gün əvvəl Bakı meriyasında inventarlaşma və yoxlamalara başlanılıb. BŞİH-nin mətbuat xidmətindən daxil olan məlumata görə, İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun sərəncamına əsasən, Şəhər İcra Hakimiyyətində inventarlaşma işlərinin aparılması ilə bağlı Komissiya yaradılıb. Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılıb.
Artıq Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı şəhər Prokurorluğunun əməkdaşları tərəfindən aparılan yoxlamalar nəticəsində Bakı Lift-Təmir İstehsalat Birliyində ciddi nöqsanlar aşkarlanıb. Bununla bağlı iş Baş Prokurorluğa göndərilib.
İnterpress.az