ABŞ-ın “Ohayo sinfi” idarə olunan ballistik raket sualtı gəmisi “USS Michigan” Şimali Koreyanın ballistik raket sınağından bir gün sonra Cənubi Koreyanın Busan limanına gəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şimali Koreyanın ABŞ və Cənubi Koreya arasında real döyüş sursatından istifadə olunduğu genişmiqyaslı təlimə cavab olaraq ballistik raket sınağı keçirməsindən sonra ABŞ-dan yeni addım atılıb.
Cənubi Koreya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada ABŞ-ın “Ohayo sinifi” idarə olunan ballistik raket sualtı gəmisi “USS Michigan”ı Cənubi Koreyaya yerləşdirdiyi bildirilib.
“USS Michigan”ın yerləşdirilməsi ilə Cənubi Koreya və ABŞ donanmasının Şimali Koreyanın nüvə təhlükələrinə qarşı xüsusi əməliyyat imkanlarını ölçən bir təlim keçirəcəyi bildirilib.
Cənubi Koreyanın cənub-şərqindəki Busan limanına çatan “USS Michigan”ın burada nə qədər qalacağı ilə bağlı heç bir açıqlama verilməyib.
ABŞ-ın “Ohayo sinfi” 4-cü sualtı qayıqlarından biri olan “USS Michigan” ən müasir rabitə və idarə olunan raketləri işə salmaq, eləcə də gizlənmək qabiliyyətinə malikdir. 170 metr uzunluğunda və 18.000 ton ağırlığında USS Michigan “dünyanın ən böyük sualtı qayıqlarından biri” kimi tanınır.
ABŞ USS Michigan-ı sonuncu dəfə 2017-ci ildə Busan limanına göndərib.