ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya tədarük ediləcək 31 ədəd M1 Abrams tankının cəbhəyə göndərilmədən əvvəl Ukrayna əsgərlərinin təlimlərində istifadə edilməsi üçün Almaniyanın Grafenwoehr şəhərinə göndərildiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Pentaqonun mətbuat katibi briqada generalı Patrik Rayder bildirib ki, əvvəllər hazırlanmış tanklar Qrafenvuer şəhərinə çatıb.
ABŞ generalı yaxın həftələrdə Ukraynanın texniki və tank personalının da tank təlimi almaq üçün Almaniyaya gələcəyini bildirib:
“Ukraynalı ekipaj və texniki qulluqçular üçün bu hərtərəfli təlim proqramı onları M1 tankından səmərəli istifadə etmək və Ukrayna xalqını müdafiə etməkdə mühüm rola hazırlamaq məqsədi daşıyır”.
ABŞ yanvar ayında qabaqcıl zireh və silahlarla təchiz edilmiş tankları tədarük edəcəyini açıqlayıb.
Əvvəlcə ABŞ Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünün vəsaiti hesabına Ukraynaya göndərilmək üçün yeni M1A2 Abrams tankları almağı planlaşdırırdı.
Lakin Müdafiə Nazirliyi çatdırılma prosesini sürətləndirmək və onları Ukraynaya vermək üçün mart ayında ABŞ inventarında olan M1A1 Abrams tanklarının yenilənməsinə qərar verib.
ABŞ administrasiyası hesab edir ki, bu tanklar ən geci payıza qədər Ukraynada cəbhədə ola bilər.






